Foto: “president.uz”

 

 

Azərbaycan Prezidenti İlham Əliyev ötən həftəsonu Özbəkistana rəsmi səfər edib. Bu ölkənin prezidenti Şavkat Mirziyoyevlə təkbətək görüş keçirən Əliyev daha sonra Ali Dövlətlərarası Şuranın üçüncü iclasına sədrlik edib.

Səfər çərçivəsində Azərbaycan və Özbəkistan arasında “Əbədi dostluq haqqında Müqavilə”si imzalanıb.

Sənəddə qeyd olunur ki, tərəflər münasibətlərini əbədi dostluq, qarşılıqlı etimad, strateji tərəfdaşlıq və müttəfiqlik prinsipləri üzərində qururlar; bir-birinin milli inkişaf modelini dəstəkləyirlər. Onlar digər tərəfin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vuran blok və ittifaqları rədd edir, öz ərazilərinin üçüncü tərəflər tərəfindən belə məqsədlərlə istifadəsinə və ya belə qrupların fəaliyyətinə yol verməməyi öhdələrinə götürürlər.

Əməkdaşlıq sahələri arasında BMT-nin mərkəzi rolunun möhkəmləndirilməsi, parlamentlərarası əlaqələr, ticarət və investisiya (energetika, nəqliyyat-logistika, rəqəmsal inkişaf, kənd təsərrüfatı, yaşıl və rəqəmsal iqtisadiyyat, e-ticarət, İKT və kosmik texnologiyalar), interkonnektiv nəqliyyat sistemləri, mədəni-humanitar yaxınlığın qorunması, dil tədrisi, elmi-təhsil mübadiləsi, regionlararası əməkdaşlıq və turizm yer alır.
Daha sonra prezidentlər bir-birilərinə ölkələrinin ən yüksək dövlət mükafatlarını təqdim ediblər. Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə, İlham Əliyev “Ali Dostluq Dərəcəsi” ordeni ilə təltif edilib.

Azərbaycanın Özbəkistandakı layihələrinin – otel və yaşayış komplekslərininnin, turizm obyektləri, Nizami Gəncəvi adına universitet binasının, “Azərbaycan” parkının və digər obyektlərin açılış və təməlqoyma mərasimləri keçirilib.

Bank və maliyyə, tikinti materialları, təhsil, neft-qaz, turizm, mənzil tikintisi, dağ-mədən sənayesi və kənd təsərrüfatı sahələrində birgə layihələrə start verilib, “yol xəritəsi” qəbul olunub.

Prezident İlham Əliyev Azərbaycanın aparıcı bankının Özbəkistan bazarına daxil olması, SOCAR-ın bu öləkənin pərakəndə satış şəbəkəsinə çıxışı, neft-qaz kəşfiyyatının yekun mərhələyə yaxınlaşması və gələn il hasilat quyularına keçiləcəyi barədə danışıb.

O, mətbuata açıqlamasında münasibətlərin “çox möhkəm təməl üzərində – həm mənəvi, həm maddi əsaslarla” qurulduğunu vurğulayıb. O, müzakirə olunan layihələrin (energetika, nəqliyyat, investisiya, turizm, dağ-mədən, avtomobil sənayesi, kənd təsərrüfatı, emal, bank sektoru) birlikdə “misilsiz xarakter” yaratdığını qeyd edib.

Əliyev hər səfərində Daşkəndin və ümumilikdə Özbəkistanın sürətli inkişafını müşahidə etdiyini, ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılmasının artıq “uzaq gələcəyin arzusu deyil, bir neçə il ərzində əldə edilə biləcək rəqəm” olduğunu bildirib. O, Mirziyoyevin Qarabağa investisiyaların cəlbindəki xüsusi rolunu qeyd edib və onu əlverişli vaxtda Azərbaycana rəsmi səfərinə dəvət edib.

Şavkat Mirziyoyev Əliyevin səfərini “tarixi hadisə” adlandırıb və “Əbədi dostluq” müqaviləsinin bunun təsdiqi olduğunu, strateji tərəfdaşlıq və müttəfiqliyin hər bəndinin konkret işlərlə maddiləşdiyini vurğulayıb. Son beş ildə ticarət dövriyyəsinin üç dəfə artması, 1 milyard dollar hədəfi, Orta Dəhlizin birgə inkişafı, Xəzərdə ayrıca Azərbaycan-Özbəkistan dəhlizinin vahid operatorla yaradılması ideyası onun çıxışında ön plana çıxıb.

O, iki ölkənin beynəlxalq arenada “bir səslə” çıxış etdiyini deyib. Mirziyoyev Mərkəzi Asiya dövlət başçılarının məsləhət görüşləri formatına Azərbaycanın tam üzvlüyünü tarixi addım kimi qiymətləndirib və Əliyevin ərazi bütövlüyünün bərpası istiqamətindəki kursunu, Vaşinqton görüşünü və həmin görüş çərçivəsində imzalsnmış Sülh Bəyannaməsini müsbət qiymətləndirib.

“Politfm”