Foto: “Reuters”
Böyük Britaniyanın Baş naziri Kir Starmer Leyboristlər Partiyasının sədri vəzifəsindən istefa verdiyini bəyan edib. Bu qərar yeni baş nazirin seçilməsi prosesinə yol açır.
Starmer bildirib ki, növbəti parlament seçkilərində partiyaya rəhbərlik etmək üçün ən uyğun namizəd olmadığını qəbul edir və artıq istefa qərarı barədə krala məlumat verib.
Baş nazir postuna namizədlərin müraciətləri iyulun 9-dan etibarən qəbul ediləcək və parlamentin yay tətili ərəfəsində – iyulun 16-dək başa çatacaq.
O qeyd edib ki, partiyada seçki baş tutarsa, yeni lider parlament sentyabrda fəaliyyətini bərpa etməzdən əvvəl müəyyənləşdiriləcək və o, hakimiyyətin “nizamlı şəkildə” təhvil verilməsi üçün “əlindən gələni edəcək”.
Starmer əlavə edib ki, öz varisinə “tam və qeyd-şərtsiz dəstək” verəcək:
“Bilirəm ki, həmin şəxs mənim iki il əvvəl təhvil aldığım ölkədən daha güclü və daha ədalətli Böyük Britaniyanı idarə edəcək”.
Bir çoxları ötən həftə Meykerfild dairəsində keçirilmiş əlavə seçkilərdə “Böyük Britaniya islahatları” partiyasının namizədini böyük üstünlüklə məğlub edən Endi Börnhemi Starmerin əsas varisi hesab edir. O, artıq partiya liderliyi uğrunda mübarizəyə qoşulacağını açıqlayıb.
Kir Starmer Leyboristlər Partiyasına 2020-ci ilin aprel ayında sədr seçilib. Leyboristlərin ümumi seçkilərdə inamlı qələbəsindən sonra, 2024-cü il iyulun 5-də baş nazir olub.
Starmerin istefası həm də o deməkdir ki, Böyük Britaniyada 2016-cı ildən bəri yeddinci baş nazir vəzifəyə gələcək.
Dauninq-stritdə tərəfdarları, həmkarları və Baş nazir Aparatının əməkdaşları qarşısında çıxış edən Starmer gələcək planlarından da danışıb.
“Ölkənin ən mühüm vəzifəsini tərk edəndən sonra diqqətimi ən vacib işə yönəldəcəm: həm yaxşı, həm də çətin günlərdə mənə dayaq olmuş gözəl həyat yoldaşım Vik üçün daha yaxşı ər olmağa və qürur mənbəyim olan övladlarım üçün daha yaxşı ata olmağa” –bu sözləri deyəndə baş nazirin səsi titrəyib.
Maliyyə naziri Reycel Rivz Starmerin “daha güclü və təhlükəsiz Böyük Britaniya qurulmasına” verdiyi töhfələri yüksək qiymətləndirərək bildirib ki, onlar birlikdə “qürur duyula biləcək çox iş görüblər və qarşıda hələ görüləsi çox iş var”.
Leyboristlər Partiyasının keçmiş sədr müavini Anjela Reyner isə deyib ki, “tarix onu yalnız üzləşdiyi çətinliklərə görə yox, əldə etdiyi nailiyyətlərə görə də xatırlayacaq”. Reyner əmək qanunvericiliyi və mənzil kirayəsi sahəsində aparılan islahatları xüsusi vurğulayıb.
“Politfm”



