Foto: “Reuters”




İran rəhbərliyi ABŞ ilə sazişi geri çəkilmə kimi yox, müqavimət nəticəsində qazanılmış qələbə kimi təqdim etməyə çalışır. Amma bunu əsaslandırmaq o qədər də asan deyil.

Ölkə yenicə dağıdıcı müharibədən çıxıb, iqtisadiyyat ciddi təzyiq altındadır və İslam Respublikasının tərəfdarlarının bir hissəsi aylardır ki, Vaşinqtonla hər hansı kompromisi rədd edir. Bundan başqa, həm ölkə daxilində, həm də xaricdə yaşayan elə iranlılar var ki, mövcud böhranı hakimiyyət dəyişikliyi üçün fürsət kimi qiymətləndirirlər.
Məhz belə bir parçalanmış siyasi reallıq fonunda Tehran bu sazişi təşviq etməyə çalışır.
Yüksək vəzifəli İran rəsmiləri razılaşmanı qələbə kimi təqdim ediblər. Parlamentin sədri və danışıqlar prosesinin əsas simalarından biri olan Məhəmməd Bağır Qalibaf bildirib ki, İran “yekun qələbəyə doğru böyük addım” atıb.

Prezident Məsud Pezeşkian isə sazişi “vəziyyəti kökündən dəyişə biləcək razılaşma” kimi xarakterizə edib. Onun sözlərinə görə, razılaşma tam şəkildə həyata keçirilərsə, İranın bir çox problemini həll edə və həm ölkədə, həm də də bütövlükdə Yaxın Şərqdə “tamamilə fərqli bir dünya” yarada bilər.

Qalibafın mövqeyi xüsusilə əhəmiyyətlidir. Çünki o, Pezeşkianın təmsil etdiyi mötədil düşərgəyə aid deyil. Onun sazişə açıq dəstəyi göstərir ki, razılaşma rejimin daha nüfuzlu dairələrində, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusu daxilində də dəstək qazanıb.
İran rəhbərliyi sazişi həm də ona görə qələbə hesab edir ki, Tehranın versiyasına görə, ABŞ və İsrail əsas məqsədlərinə nail ola bilməyiblər.

Onlar İranı təslim olmağa məcbur etməyib, hakimiyyəti devirməyib, hərbi əməliyyatlar nəticəsində İranın nüvə proqramını məhv etməyib və İranın “Hizbulla” ilə əlaqələrini qıra bilməyiblər. Əvəzində İran danışıqlar masasında qalır, Livan saziş çərçivəsinə daxil edilib və sanksiyaların yumşaldılması məsələsi müzakirə olunur.

Amma bu rəsmi təqdimat İranın daxilində birmənalı qarşılanmır. Məlumata görə, sərt xətt tərəfdarlarından biri – parlamentin milli təhlükəsizlik komitəsi sədrinin müavini saziş layihəsini İranı Amerika koloniyasına çevirəcək sənəd adlandırıb. Eyni zamanda, o, danışıqlarda iştirak edən nümayəndələri Ali Rəhbərin Hörmüz boğazını açmamaq barədə göstərişini nəzərə almamaqda ittiham edib. Bu tənqidin xüsusi şəkisi var daşıyır, çünki sistemin daxilindən gəlir. Üstəlik, milli təhlükəsizlik məsələlərinə nəzarət etməli olan qurumlardan birinin nümayəndəsi tərəfindən səsləndirilir.

Son aylar ərzində parlamentdəki sərt xətt tərəfdarları, dövlət mediası və digər dairələr ABŞ-yə etibar etməyin mümkün olmadığını bəyan edirdilər. Onlar diplomatik təmasların müharibədən əvvəl də olduğunu xatırladır və iddia edirdilər ki, Tramp administrasiyası danışıqlardan pərdə kimi istifadə edib, həmin vaxt İsrail və ABŞ hərbi əməliyyatlara hazırlaşıblar. Onların fikrincə, Vaşinqtonla istənilən razılaşma təcavüzkara güzəşt kimi görünə bilər.
Amma hazırda ittihamların bir hissəsi əvvəlki qədər sərt səslənmir. Yeni vəziyyət qərarın hakimiyyət ierarxiyasının ən yüksək səviyyəsində təsdiqlənməsi əlaməti sayıla bilər. Amma bu, məsələyə dair tam konsensus olduğu anlamına gəlmir.

Bu həm də o demək ola bilər ki, hazırkı mərhələdə hakimiyyət sazişdən imtinanın siyasi və iqtisadi nəticələrini daxili narazılığın zərərindən daha təhlükəli hesab edir.
Bu hesablamadakı əsas amillərdən biri iqtisadi təzyiqdir.

İran rəhbərliyi ABŞ ilə sazişi Hörmüz boğazının bağlanması və Amerikanın, eləcə də regionun enerji maraqlarına qarşı hücumlar da daxil olmaqla hərbi təzyiqinin nəticəsi kimi təqdim edə bilər. Lakin Tehranı bu addıma vadar edən əsas amillərdən biri də iqtisadi vəziyyət olub. Müharibə, sanksiyalar, gəmiçiliyə qoyulan məhdudiyyətlər, neft bazarlarına və xarici valyutaya çıxış imkanlarının azalması, eləcə də yüksək inflyasiya həm ölkə iqtisadiyyatına, həm də adi iranlıların həyatına ciddi təsir göstərib.

İrandakı bir çox ailə üçün əsas məsələ sazişin qələbə kimi görünüb-görünməməsi deyil, onun qiymətləri aşağı salıb-salmayacağı və yeni müharibə qorxusunu azaldıb-azaltmayacağıdır.

ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib ki, İrana Amerikanın vergi ödəyicilərinin pulu verilməyəcək, amma öhdəliklərini yerinə yetirəcəyi və sanksiyalar yumşaldılacağı təqdirdə bu ölkə milyardlarla dollara çıxış əldə edə bilər. Bu, Tehrana imkan yaradır ki, sazişi Amerikadan asılılıq kimi yox, investisiyaların cəlb edilməsi və iqtisadi bərpa yolu kimi təqdim etsin.

Sazişin bütün detalları hələ açıqlanmayıb. İmzalanma mərasiminin cümə günü İsveçrədə keçiriləcəyi gözlənilir. Ən mürəkkəb məsələlər – İranın zənginləşdirilmiş uran ehtiyatlarının gələcəyi, uranın zənginləşdirilməsinin icazə verilən səviyyəsi, müəssisələrdə yoxlamalar, sanksiyaların yumşaldılması, Hörmüz boğazı və Livanla bağlı məqamlar qarşıdakı danışıqların əsas mövzusu olaraq qalır.

İsraillə bağlı vəziyyət də qeyri-müəyyən olaraq qalır. Bu ölkənin baş naziri Binyamin Netanyahu İsrail qoşunlarının Livanın cənubundan çıxarılacağı barədə xəbərləri rədd edərək bildirib ki, İsrail qüvvələri orada lazım olduğu qədər qalacaq.

Amerika Prezidenti Donald Tramp Livandakı hərbi əməliyyatlarla bağlı İsraili açıq şəkildə tənqid edib. Həddindən artıq insanın həlak olduğunu vurğulayan Tramp İranla ABŞ arasında saziş əldə olunmazdan qısa müddət əvvəl İsrailin Beyruta endirdiyi zərbədən narazı olduğunu demiş, amma Netanyahuyla münasibətlərinin əla olaraq qaldığını vurğulamışdı.

Vaşinqton və İsrail arasında nəzərə çarpan bu fikir ayrılıqları İranın maraqlarına uyğundur. Tehran bunu öz təzyiqinin İsrailin hərəkət imkanlarını məhdudlaşdırdığının sübutu kimi təqdim edə bilər. Digər tərəfdənsə, bu, sazişi daha kövrək hala gətirir.

Əgər İsrail Livandakı əməliyyatlarını davam etdirsə, İran cavab vermək təzyiqiylə üzləşə bilər. Vaşinqton İsraili cilovlaya bilməsə, Livanın da sazişin tərkib hissəsi olduğu barədə Tehranın iddiası tezliklə ciddi sınaq qarşısında qala bilər.

BBC-nin farsdili xidmətinin auditoriyasından gələn reaksiya göstərir ki, cəmiyyətdə hakimiyyətin qələbəylə bağlı rəsmi versiyası birmənalı qarşılanmır. Oxuculardan biri bildirib ki, İsrailin növbəti hücumundean ciddi şəkildə ehtiyat edib, amma razılaşma barədə xəbərlərdən sonra da onda “əminlik hissi yaranmayıb” və o, saziş qüvvədə olacağı təqdirdə ölkənin effektiv idarə olunub-olunmayacağından narahatdır.
Rejim əleyhdarı olan və əvvəlcə ABŞ-nin hərbi əməliyyatlarını dəstəkləyən başqa bir iranlı isə soruşub ki, əgər bu kampaniya İranda siyasi dəyişikliklərə gətirib çıxarmayıbsa, ABŞ nə əldə edib: “Biz hakim sistemin dəyişəcəyinə ümid edirdik. Amma bu münaqişə insanlara əzab, inflyasiya və iqtisadiyyata əlavə zərərdən başqa nə verdi?”

Amma bəziləri hökumətin mövqeyilə müəyyən dərəcədə həmrəydirlər. Onlardan biri İranı qalib adlandıraraq bildirib ki, müharibə sanksiyaların yalvarışla yox, güc yoluyla aradan qaldırıldığını göstərdi.
Başqa biri isə sazişə daha ehtiyatlı dəstək ifadə edib. O qeyd edib ki, razılaşma insanlara işə və normal həyata qayıtmağa, bir qədər rahat nəfəs almağa imkan verəcək.
“Məncə, bu müvəqqətidir – deyə, o etiraf edib. – Amma bizim bir neçə aylıq fasiləyə və sakitliyə ehtiyacımız var idi”.

Bəlkə də ən realist qiymətləndirmə məhz budur. İslam Respublikası sazişi qələbə kimi təqdim edir, çünki zərurət kimi təqdim etmək onun üçün çətindir.
Amma bu sazişin uğuru bir çox iranlı üçün şüarlarla ölçülməyəcək. Onlar nəticəyə baxacaqlar: müharibə dayanacaqmı, qiymətlər aşağı düşəcəkmi, sanksiyalar yumşaldılacaqmı və ölkə rəhbərliyi yeni, qəfil eskalasiyalar olmadan vəziyyəti sabit saxlaya biləcəkmi.

“Politfm”

(BBC-nin materialı əsasında)