Foto: “Reuters”

 

 

 

Rusiya gecə saatlarında Ukraynanın paytaxtı Kiyev şəhərinə və ətraf ərazilərə raket zərbələri endirib, intensiv bombardman nəticəsində azı 13 nəfər həlak olub, 33 nəfər yaralanıb.

Bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Kiyevin meri Vitali Kliçko bildirib ki, yaşayış binalarına və bir sıra başqa tikililərə zərər dəyib.

Paytaxtın Solomyan rayonundakı uşaq xəstəxanasının pəncərələri sınıb, ərazidəki avtomobillər yanıb.

Kiyev vilayətindəki Brovarı rayonunda bir kişi həlak olub, daha bir nəfər yaralanıb. Bu barədə vilayətin qubernatoru Timur Tkaçenko məlumat verib. Onun sözlərinə görə, sənaye obyektlərindən biri zədələnib, ərazidə başlamış yanğını söndürmək üçün müvafiq xidmətlər hadisə yerinə gəlib.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya hücum zamanı onlarla ballistik, qanadlı və hipersəs raketi atıb, 168 pilotsuz uçuş aparatı buraxıb. Bildirilir ki, hücumda “Kinjal” və “Sirkon” hipersəs raketlərindən, həmçinin “İsgəndər” raketindən və Şimali Koreya istehsalı olan KN-23 ballistik raketlərin, eləcə də “Şahed” dronlarından istifadə olunub.

Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbədəki paylaşımında dünya ölkələrinin belə hücumlara adekvat reaksiya vermədiyini vurğulayıb. 

“Bu, genişmiqyaslı hücum idi – Rusiya uzun müddət buna hazırlaşıb, müxtəlif növ ballistik və qanadlı raketləri, eləcə də pilotsuz uçuş aparatlarını birləşdirərək mümkün qədər çox mülki infrastrukturu məhv etməyə çalışıb.
Rusiya ballistik raketlərə və eskalasiyaya sərmayə qoyduğu halda, təəssüf ki, bu cür zərbələrə dünya ölkələri heç də həmişə lazımi reaksiya vermirlər. Ukraynanın ballistik raketlərdən kifayət qədər müdafiə imkanları olmadığı müddətcə Rusiya sülh məsələsinə ciddi yanaşmayacaq.
Ukraynanın müdafiəsi üçün daha çox ‘Patriot’ raketlərinin əldə edilməsi üzərində tərəfdaşlarımızla birlikdə işləyirik. Hər əlavə raket xalqımızın həyatını xilas edir. Bunu anlayan və bizə kömək etmək üçün yollar axtarıb tapan hər kəsə təşəkkür edirəm” – Ukrayna prezidenti “X” platformasındakı hesabında belə yazıb.


“Politfm”