Şimali Koreya lideri Kim Çen In naməlum bir yerdə nüvə başlıqlarını nəzərdən keçirir (skrinşot:KRT/”Reuters TV vasitəsilə)
Rəsmi Seul Şimali Koreyanın 80-120 nüvə başlığına malik olduğunu ehtimal edir.
Bu barədə Cənubi Koreyanın müdafiə naziri An Gyu Bak cümə axşamı deputatlarla görüşü zamanı bildirib (“Reuters”). O qeyd edib ki, bu qiymətləndirmə ABŞ Prezidenti Donald Trampın səsləndirdiyi rəqəmdən xeyli yüksəkdir.
Nazir deputatlara deyib ki, dəqiq sayı müəyyənləşdirmək çətindir. O vurğulayıb ki, bu rəqəm özəl tədqiqat qurumlarının qiymətləndirmələrinə əsaslanır. An əlavə edib ki, Cənubi Koreya hərbçiləri bu məlumatları rəsmi şəkildə təsdiqləyə bilməzlər.
Bir gün əvvəl Tramp Şimali Koreya lideri Kim Çen Inla bu ilin sonunda görüşmək planı barədə danışarkən deyib ki, onun 57 ədəd “çox güclü nüvə silahı” var.
Rəsmi Seul uzun illərdir davam etdirdiyi nüvəsizləşdirmə siyasətinə uyğun olaraq Şimali Koreyanı rəsmi şəkildə nüvə dövləti kimi tanımır. An bildirib ki, Cənubi Koreya bu siyasətə sadiq qalaraq ABŞ-nin nüvə çətirinə arxalanmağa davam edəcək.
Bu açıqlamalar Trampın Şimali Koreya ilə dialoqu bərpa etmək cəhdləri fonunda səslənib. O, ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərin azaldılması barədə göstəriş verib.
Şimali Koreya onları “düşmənçilik xarakterli” təlimlər adlandırır.
Kim Çen Inın nüfuzlu bacısı Kim Yo Con bu xəbərə soyuq reaksiya verib; deyib ki, müddəti qısaldılmış təlimlər də təxribatçı və aqressiv xarakter daşıyır.
O, Tramp və Kim Çen In arasında son vaxtlar hər hansı əlaqənin olub-olmadığını bilmədiyini deyib. Bununla belə, o, iki lider arasındakı şəxsi münasibətlərin əla olduğunu bildirib.
Tramp çərşənbə günü Ağ Evdə deyib ki, ilin sonunda Kim Çen Inla görüşəcək. Bununla da o, 2018 və 2019-cu illərdə keçirilmiş, amma Şimali Koreyaya qarşı sanksiyaların ləğvi və ölkənin nüvə proqramı ilə bağlı fikir ayrılıqları səbəbindən uğursuzluqla nəticələnmiş bir sıra görüşlərdən sonra dayanan diplomatik prosesin bərpası ehtimalını gündəmə gətirib.
“Politfm”



