Foto: Səfiyar Məcnun
2026-cı ilin I rübündə Azərbaycana xaricdən daxil olan pul baratlarının həcmi 296,9 milyon dollar təşkil edib.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov 2026-cı ilin I rübünün yekunlarına həsr olunmuş brifinqdə deyib.
Nəsirov bildirib ki, ötən ilin eyni dövrüylə müqayisədə xaricdən daxil olan pul baratlarının həcmi 67,4 milyon dollar və ya 29,4 faiz artıb.
“Azərbaycana daxil olan pul baratlarının əsas hissəsi Rusiya (110,8 milyon dollar), Türkiyə (49,909 milyon dollar), İrlandiya (24,6 milyon dollar), ABŞ (23,911 milyon dollar), Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (10,550 milyon dollar), Gürcüstan (10,323 milyon dollar) və Birləşmiş Ərəb Əmirlikləri (9,894 milyon dollar) üzrə formalaşıb” deyə, Nəsirov əlavə edib.
Onun sözlərinə görə, köçürmələrdə Rusiyanın xüsusi çəkisi 37,3 faiz, Türkiyənin 16,8 faiz, İrlandiyanın 8,3 faiz, ABŞ-nin isə 8,1 faiz təşkil edib.
Ekspertlər bildirirlər ki, ölkə iqtisadiyyatına kənardan daxil olan nağd valyuta axınının artması daxili istehlak dinamikasının əhəmiyyətli dərəcədə yüksəlməsi deməkdir.
Təxminən 30%-lik sıçrayış xaricdə yaşayan və işləyən həmvətənlərimizin ölkədəki ailələrinə maliyyə dəstəyini ciddi şəkildə artırdığını göstərir. Xaricdən göndərilən pul baratları əsasən ev təsərrüfatlarına yönəlir. Bu isə daxili ticarəti, xidmət sektorunu canlandırır və əhalinin alıcılıq qabiliyyətini dəstəkləyir.
Amma ekspertlər bu artımın mənfi tərəflərinə də diqqət çəkirlər.
Bildirilir ki, belədə ölkənin iqtisadiyyatı və əhalisi xarici amillərdən, digər dövlətlərin iqtisadi vəziyyətindən asılı vəziyyətə düşür. Bu asılılıqsa müəyyən risklər yaradır. Pul göndərilən əsas ölkələrdə (məsələn, Rusiya və ya Türkiyədə) milli valyutanın dəyərdən düşməsi və ya həmin ölkələrə tətbiq edilən iqtisadi sanksiyalar daxil olan vəsaitin kəskin azalmasına səbəb olur. Bu isə minlərlə ailənin gəlirlərinin azalmasına gətirib çıxarır.
Eyni zamanda, ölkəyə kənardan asan yolla böyük həcmdə xarici valyuta daxil olanda, yerli valyutanın (manatın) dəyəri süni şəkildə yüksək səviyyədə qalır. Bu, yerli istehsalın və qeyri-neft ixracatının rəqabət qabiliyyətini zəiflədir, çünki yerli məhsullar xaricilər üçün baha başa gəlir.
Digər tərəfdən, pul baratlarının çoxluğu ölkənin aktiv işçi qüvvəsinin xaricə getdiyini göstərir. Bu, daxildə potensial kadr və işçi qüvvəsi çatışmazlığı yaradır.
Göndərilən pullar investisiya kimi yox (biznes qurmağa, zavod açmağa) yox, əsasən gündəlik tələbata (ərzaq, geyim, məişət) xərclənir. Nəticədə ölkə iqtisadiyyatı istehsal edən deyil, sadəcə xaricdən gələn pulla idxal məhsullarını istehlak edən bir modelə çevrilir.
Mütəxəssislər vurğulayırlar ki, pul baratları sosial rifahı təmin etmək üçün yaxşı vasitə olsa da, uzunmüddətli dövrdə iqtisadiyyatı “reanimasiya” asılılığında saxlayır.
“Politfm”



