Foto: AFP

 


ABŞ və İran çərçivə sazişi barədə razılığa gəliblər. Danışıqlarda vasitəçilik edən Pakistan tərəfinin bildirdiyinə görə, sənəd 19 iyunda İsveçrədə imzalanacaq.

ABŞ Prezidenti Donald Tramp “Truth Social” şəbəkəsindəki paylaşımında sövdələşmənin “tamamlandığını” və Hörmüz boğazının açılmasına icazə verdiyini yazıb.

“Bütün dünyanın gəmilər, mühərriklərinizi işə salın. Qoy neft axsın!” deyə, o əlavə edib.
Bundan sonra dünya bazarında neft qiymətləri aşağı düşüb.

İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi dövlət televiziyasındakı çıxışında ABŞ ilə razılıq əldə olunduğunu təsdiqləyib, ölkənin ali hərbi komandanlığı isə bunu Tehranın qələbəsi kimi qiymətləndirib.

Sazişin mətni hələ dərc edilməyib. Əldə olunan məlumata görə, əsas prioritet 8 aprel atəşkəsinin müddətini və əhatə dairəsini genişləndirməkdir. Hər iki tərəf razılaşmaya sadiq qalaraq sonrakı 60 gün ərzində hərbi əməliyyat keçirməyəcəyinə dair öhdəlik götürür.

Razılaşma xəbərini dünən gecə saatlarında anons edən Pakistan tərəfi qeyd edib ki, “Livan da daxil olmaqla, bütün cəbhələrdə hərbi əməliyyatlar dayandırılacaq”.

İsrail rəsmiləri hələ ki xəbəri şərh etməyiblər.

Böyük Britaniyanın Baş naziri Kir Starmer çərçivə sazişinin “Hörmüz boğazında naviqasiya azadlığını bərpa edəcəyinə” ümid etdiyini bildirib.

Fevralın sonlarından etibarən boğazda hərəkət tamamilə dayanıb, minlərlə dənizçi Körfəzdə mühasirədə qalıb.

Qlobal neft və qaz tədarükünün təxminən 20%-i Hörmüz boğazı vasitəsilə nəql olunur.

ABŞ aprel ayından bəri İran limanlarını blokadada saxlayır. Ötən həftə Amerika hərbçiləri boğazda üç gəmiyə zərbə endirib, üç hindistanlı dənizçi həlak olub.

ABŞ Mərkəzi Komandanlığı (“Centcom”) blokadanın başladığı 13 aprel tarixindən bəri 9 gəminin sıradan çıxarıldığını və 142 gəminin marşrutunun dəyişdirildiyini açıqlayıb.

İranın yarı-rəsmi dövlət agentliyi “Mehr News” ABŞ və İran arasında imzalanacaq 14 bəndlik anlaşma memorandumunun detallarını dərc etmişdi. Həmin xəbərdə qeyd olunurdu ki, boğaz 30 gün ərzində “İranın tənzimləmələri altında” açılacaq.

Starmer: “ABŞ-İran çərçivə sazişi son dərəcə əhəmiyyətli hadisədir”

“İlk növbədə ötən gecə ABŞ və İran arasında əldə olunmuş mühüm irəliləyişi alqışlamaq istəyirəm. Prezident Trampı, Pakistan və Qətərdən olan vasitəçiləri və bu prosesdə əməyi keçən hər kəsi təbrik edirəm” – Böyük Britaniyanın Baş naziri Kir Starmer jurnalistlərə açıqlamasında belə deyib.

“Bu, olduqca mühüm bir andır. Biz uzun müddətdir ki, gərginliyin azaldılmasına çağırırdıq. Bütün tərəflərin regionda sabitliyi təmin etmək, həmçinin Hörmüz boğazında naviqasiya azadlığını bərpa etmək üçün bu fürsətdən yararlanması həyatı əhəmiyyət kəsb edir” deyə, o əlavə edib.

Starmer həmçinin qeyd edib ki, bu razılaşma insanlar üzərindəki “iqtisadi təzyiqləri azaldacaq”.
O, Böyük Britaniyanın çərçivə sazişini dəstəkləyəcəyini və davamlı, qalıcı bir sülhə çevrilməsini təmin etmək üçün tərəfdaşlarıyla sıx əməkdaşlıq edəcəyini vurğulayıb.

 

“Politfm”