Foto: internet
Azərbaycanda bu ilin yanvar-may aylarında 65 min şəxs işlə təmin olunub.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, sözügedən dövrdə 170,1 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib, 322 şəxs özünüməşğulluq proqramına cəlb edilib.
Bundan başqa, 7,3 min şəxs üçün peşə hazırlığı kursları təşkil olunub. Həmçinin 97,5 min şəxsə isə peşə yönümü xidmətlər göstərilib.
Bir tərəfdən kütləvi işdənçıxarmalar olur, digər tərəfdən isə on minlərlə yeni iş yerinin açıldığı deyilir. Məsələn, Statistika Komitəsinin məlumatına görə, dövlət sektorunda çalışanların sayında azalma baş verib. Aprelin 1-nə bu sektorda 869.5 min nəfər fəaliyyət göstərdiyi halda, mayın 1-nə bu rəqəm 6.7 min nəfər azalaraq 862.8 min nəfərə düşüb.
İndi isə nazirlik 65000 nəfərin işlə təmin olunduğunu bəyan edir.
Beləliklə, hər iki xəbər realdır və rəsmi statistikaya əsaslanır.
Bəs real vəziyyətdəki bu ziddiyyətli məqamı necə əsaslandırmaq olar?
Ekspertlər bildirirlər ki, Dövlət Məşğulluq Agentliyinin yaydığı “65 min nəfər işlə təmin olunub” xəbəri ölkədə 65 min nəfərin işlə təmin olunması yeni zavod, fabrik və ya şirkət açılması demək deyil. Bu rəqəm mövcud olan və kiminsə işdən çıxması (təqaüdə getməsi, öz istəyi ilə ayrılması, köçməsi və s.) nəticəsində boşalan yerlərin (vakansiya bankının) Məşğulluq Agentliyi vasitəsilə yenidən doldurulmasıdır. Başqa sözlə, dövriyyə baş verir: iş yerinin ümumi sayı artmır, sadəcə işçilər dəyişir.
Xəbərdəki “aktiv məşğulluq tədbirləri” ifadəsində “Dost İş Mərkəzi” və ya bələdiyyələr xəttiylə açılan ictimai işlər (məsələn, şəhər təmizliyi, yaşıllaşdırma və s.) nəzərdə tutulur. Bu işlər çox vaxt qısamüddətli müqavilələrlə olur və müqavilə bitəndə həmin şəxs yenidən işsiz qalır.
“Peşə təlimləri və peşəyönümlü xidmətlər” isə bu insanlara sadəcə məsləhət verildiyini, kurs keçildiyini nəzərdə tutur. Yəni onların hamısı daimi işlə təmin olunmur.
Ekspertlər bildirirlər ki, ölkədə əmək bazarının dinamikası mənfiyə doğru gedir. Dövlət ixtisarlar vasitəsilə öz üzərindəki sosial yükü və işçi sayını azaldır, lakin özəl sektor hələ kifayət qədər güclənmədiyi üçün yeni və daimi iş yerləri yarada bilmir. Məşğulluq Agentliyinin hesabatındakı “65 min işlə təmin olunub” qeydi daha çox mövsümi işlər, müvəqqəti vakansiyaların doldurulması və sosial layihələrin ümumi cəmidir. Məhz bu səbəbdən kağız üzərindəki böyük rəqəmlər real həyatda işsizliyin azalması kimi hiss olunmur.
“Politfm”



