Foto: internet
Azərbaycanda dərsliklərin keyfiyyəti, məzmunu və dil qüsurları uzun illərdir ki, həm valideynlər, həm müəllimlər, həm də ekspertlər tərəfindən ən çox tənqid olunan mövzulardan biridir.
İmtahan zamanı məlum olur ki, dərsliklərdəki materiallarla, imtahan sualları arasında heç bir əlaqə yoxdur. Çox vaxt müəllimıər özləri etiraf edirlər ki, dərsliklər standartlara cavab vermir və şagirdlər əlavə kitablar almağa məcbur olurlar.
Dərsliklərdəki çatışmazlığın səbəbi nədir?
Ekspertlər dərsliklərdəki çatışmazlıqları bir neçə amillə əlaqələndirirlər.
-Dərslikləri yazan şəxslər çox vaxt akademik sahənin adamları olur. Onlar elmi faktları uşaqların yaş psixologiyasına və qavrama qabiliyyətinə uyğunlaşdıra bilmirlər. Kitablarda istifadə olunan dil çox vaxt süni, qəliz və akademik olur. 5-ci sinif şagirdinin oxuyub anlamalı olduğu mətn, bəzən universitet səviyyəsində bir dildə yazılır.
-Dərsliklərin tender və çap prosesi çox vaxt qısa müddətə sığışdırılır. Yeni dərsliklər kütləvi çapa verilməzdən əvvəl bir neçə pilot məktəbdə sınaqdan keçirilməli və səhvlər düzəldilməlidir. Bizdə isə çox vaxt kitab yazılan kimi birbaşa yüz minlərlə nüsxə ilə çap olunur, səhvlər isə uşaqlar oxumağa başlayandan sonra ortalığa çıxır.
Elm və Təhsil Nazirliyi yanında dərslikləri qiymətləndirən şuralar olsa da, bəzən göz qabağında olan kobud texniki, məntiqi və elmi səhvlər gözdən qaçır.
-Azərbaycan 2008-ci ildən kurikulum sisteminə keçib. Bu sistem şagirdin əzbərçiliyini yox, məntiqi və tənqidi təfəkkürünü inkişaf etdirməlidir. Amma kitablara o qədər çox və lazımsız informasiya doldurulur ki, proqramı 1 tədris ilinə çatdırmaq qeyri-mümkün olur. Dərsliklərdəki bəzi tapşırıqlar elə qurulur ki, uşaq (hətta bəzən valideyn və müəllim də) sualın ondan nə tələb etdiyini başa düşmür.
-Dərsliklərin çapı böyük dövlət vəsaiti deməkdir. Tenderlərdə bəzən keyfiyyətə yox, daha ucuz qiymət təklif edən nəşriyyatlara üstünlük verilir. Bu da dərsliklərin həm vizual (şəkillərin keyfiyyəti, dizayn), həm də maddi (kağızın və cildin keyfiyyəti) baxımdan bərbad olmasına gətirib çıxarır. Kitablar bir neçə aydan sonra cırılır və yararsız hala düşür.
-Dərsliklərin hazırlanması və rəyləşdirilməsi prosesində şəffaflığın olmaması, peşəkar mütəxəssislərin və müəllim heyətinin rəylərinin lazımi səviyyədə nəzərə alınmaması problemləri daha da dərinləşdirir.
Dərsliklərin bərbad olması təhsilin keyfiyyətinə necə təsir edir?
Ekspertlər bildirir ki, dərsliklərin bu vəziyyətdə olması təhsilin ümumi keyfiyyətinə, repetitorluğun artmasına və uşaqların kitabdan soyumasına birbaşa təsir edir, təhsil sisteminin effektivliyini aşağı salır. Bu problemin təhsilin keyfiyyətinə göstərdiyi əsas dağıdıcı təsirləri bir neçə istiqamətə bölünür.
-Dərsliklərdə gedən kobud elmi, qrammatik və ya tarixi səhvlər şagirdlərdə yanlış bilik bazası formalaşdırır. Şagird sonradan öyrəndiyi məlumatın səhv olduğunu görəndə, ümumiyyətlə təhsil sisteminə və kitablara olan inamını itirir. Səhvlərlə dolu kitab doğru mənbə funksiyasını itirir.
-Mətnlərin süni, həddindən artıq qəliz və ya birbaşa xarici dillərdən uğursuz tərcümə edilməsi uşaqların materialı qavramasını çətinləşdirir. Dərsliyin dili şagirdin yaş qrupuna və psixologiyasına uyğun olmayanda şagird mövzunu başa düşmək üçün mütaliə etmir, sadəcə mətni əzbərləməyə məcbur olur. Bu isə tənqidi təfəkkürü öldürür və uşaqlarda mütaliəyə qarşı nifrət yaradır.
-Müasir dərsliklər vizual olaraq cəlbedici, bədii tərtibatı düzgün və strukturu aydın olmalıdır. Dizaynı bərbad, illüstrasiyaları keyfiyyətsiz, şriftləri göz yoran və strukturu xaotik olan kitablar şagirdin vizual yaddaşının formalaşmasına mane olur və diqqətini mövzuya cəmləməyi çətinləşdirir. Xüsusilə ibtidai siniflərdə vizual keyfiyyətsizlik öyrənmə həvəsini kökündən kəsir.
– Müəllim dərsi kitabla qura bilmir. Vaxtının böyük hissəsi dərslikdəki səhvi düzəltməyə, alternativ mənbələr axtarmağa sərf edir ki, bu da müəllimi tükədir. Kitabın izahı bərbad olduğu üçün valideyn övladına dərslərdə kömək edə bilmir. Nəticədə ailə büdcəsinə repetitorluq əlavə yük yaradır. Maddi imkanı olmayan ailələr rüpetitor tuta bilmir, uşaq keyfiyyətsiz dərsliklə baş-başa qalır və bu da təhsildə sosial bərzabərsizlik yaradır.
Nəticədə təhsil öyrənmək və kəşf etmək prosesindən çıxıb, “qiymət almaq üçün əzbərləmək” mexanizminə çevrilir.
Dünya ölkələrində dərsliklər necə tərtib olunur?
Dünya ölkələrində dərsliklərin tərtibi vahid standartla deyil, hər ölkənin özünün təhsil siyasətinə, milli kurikulumuna və pedaqoji yanaşmalarına uyğun olaraq müəyyən edilir. Bununla belə, qabaqcıl beynəlxalq təcrübədə (məsələn, Finlandiya və ya Sinqapur təhsil sistemləri) tətbiq edilən ümumi meyarlar belədir:
-Dərslik ölkənin təhsil proqramındakı təlim nəticələrinə, məqsəd və vəzifələrə tam cavab verməlidir.
-Məlumatlar dəqiq, müasir elmi faktlara əsaslanan və qərəzsiz olmalıdır.
-Mövzuların mürəkkəblik dərəcəsi şagirdlərin yaş qrupuna, idrak inkişafına və qavrama qabiliyyətinə uyğunlaşdırılmalıdır.
-Dərsliklər sadə əzbərləməyə yox, tənqidi təfəkkürün, problem həll etmə bacarıqlarının və yaradıcılığın inkişafına xidmət etməlidir.
-Mətnlər və illüstrasiyalar müxtəlif mədəniyyətlərə, gender bərabərliyinə və xüsusi təhsil ehtiyaclarına (inklüzivliyə) həssas yanaşmalıdır.
-Vizuallıq (şəkillər, qrafiklər), şriftin ölçüsü, rəng seçimi və səhifələnmə şagirdin diqqətini cəlb edəcək və oxumağı asanlaşdıracaq səviyyədə olmalıdır.
Təhsil Nazirliyinin tələbləri nədən ibarətdir?
Əslində qanun və qaydalara, tələblərə əməl edilsə, dərslikdə sadaladığımız problemlər üzə çxmamalıdır. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi 2006-cı ildə “Ümumi təhsil sistemində dərslik siyasəti” adlı strategiya hazırlayıb və bunu təhsil sahəsində prioritet elan edib. Bu sənədə görə dərsliklər hazırlanarkən şəffaflıq və aşkarlıq, antiinhisar və sağlam rəqabət, variativlik və seçim əsas tələbdir. Dərsliklərin qiymətləndirilməsi üçün Təhsil Nazirliyinin nəzdində “Dərsliklərin Qiymətləndirilməsi Şurası” yaradılıb, dərsliklərin keyfiyyətinin artırılması üçün təklif və tövsiyyələr verilib.
Amma hələ də bu sahədə ciddi çatışmazlıqlar mövcuddur və istənilən nəticə əldə olunmayıb. Ekspertlərin yekdil rəyi bundan ibarətdir ki, bu problemin həlli üçün dərslik yazılması prosesinə xarici təcrübəsi olan mütəxəssislər, uşaq psixoloqları və real olaraq sinifdə dərs deyən təcrübəli müəllimlər cəlb olunmalı, dərsliklər ən azı 1 il sınaqdan keçirilməlidir.
İlham Hüseyn



