Foto: “AZƏRTAC”
Maliyyə naziri Sahil Babayev bu gün – iyunun 9-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib ki, keçən il Azərbaycanda təhsilə 4,6 milyard manat vəsait xərclənib. Onun sözlərinə görə, bu, əvvəlki illə müqayisədə 229 milyon manat və ya 12% çoxdur.
Bundan başqa, Babayev icmal səhiyyə xərclərinin 2,9 milyard manat təşkil etdiyini, bu məbləğin ötənilkindən 244 milyon manat artıq olduğunu bildirib.
Söhbət kifayət qədər böyük məbləğlərdən gedir, amma bu rəqəmləri dövlət büdcəsinin ümumi həcmi fonunda qiymətləndirmək daha obyektiv mənzərə yaradır.
2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin ümumi xərcləri 38,6 milyard manat olub. Bu o deməkdir ki, təhsil xərcləri büdcənin təxminən 11,9 faizini, səhiyyə xərcləri isə 7,5 faizini təşkil edib. Hər iki istiqamət birlikdə götürüldükdə isə dövlət xərclərinin təxminən 19,4 faizi insan kapitalının əsas sahələri hesab olunan təhsil və səhiyyəyə yönəldilib.
Bu göstəricilər beynəlxalq müqayisədə maraqlı nəticələr ortaya qoyur. OECD-nin (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) son hesabatlarına görə, inkişaf etmiş ölkələrdə dövlət xərclərinin orta hesabla 10–12 faizi təhsilə ayrılır. Təhsil, sosial müdafiə və səhiyyədən sonra hökumətlərin ən böyük xərc istiqamətlərindən biri hesab olunur (OECD).
Bu baxımdan Azərbaycanın təhsilə ayırdığı 11,9 faizlik pay OECD-in orta göstəricisinə yaxın görünür. Amma burda mühüm fərq var. İnkişaf etmiş ölkələrdə həmin vəsait adətən daha yüksək maliyyə imkanları və daha az şagird sıxlığı şəraitində xərclənir. Nəticədə siniflərin ölçüsü, müəllimlərin hazırlığı, məktəb infrastrukturu və şagird başına düşən xərclər daha yüksək olur.
Səhiyyə sahəsində fərq daha nəzərəçarpandır. OECD ölkələrində hökumət xərclərinin orta hesabla təxminən 16 faizi səhiyyəyə yönəldilir. Bir sıra ölkələrdə bu göstərici 20 faizdən də yuxarıdır. Azərbaycanın icmal səhiyyə xərclərinin büdcədəki payı isə təxminən 7,5 faiz səviyyəsindədir. Bu isə inkişaf etmiş ölkələrin orta göstəricisindən xeyli aşağıdır.
Rəqəmlər göstərir ki, Azərbaycanda son illərdə təhsil və səhiyyəyə ayrılan vəsait artsa da, bu, bir sıra problemlərin həlliylə nəticələnmir. Məsələn, paytaxt və ətraf ərazilərdə məktəblərdə şagird sıxlığı problemi hələ də qalmaqdadır. Bir çox məktəb ikinövbəli rejimdə fəaliyyət göstərir, bəzi siniflərdə şagird sayı normativ göstəriciləri əhəmiyyətli dərəcədə üstələyir. Digər tərəfdən, regionlarda azsaylı məktəblərin saxlanılması və kadr təminatıyla bağlı problemlər davam edir.
Səhiyyə sahəsində də oxşar vəziyyət müşahidə olunur. İnfrastrukturun yenilənməsinə və maliyyələşmənin artırılmasına baxmayaraq, tibbi xidmətlərin əlçatanlığı, regionlar üzrə bərabər paylanması və kadr təminatı kimi məsələlər aktuallığını saxlayır.
Bu səbəbdən büdcə xərclərinin artımını qiymətləndirmədə əsas sual ayrılan vəsaitin hansı nəticəni verməsidir. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, yüksək nəticələr yalnız böyük maliyyə ilə deyil, həm də resursların düzgün planlaşdırılması, səmərəli idarə olunması və uzunmüddətli strateji yanaşmayla əldə edilir.
Təhsil və səhiyyə dövlət üçün sadəcə xərc maddələri deyil. Bunlar iqtisadi inkişafın, əmək məhsuldarlığının və gələcək insan kapitalının formalaşmasının əsas sütunlarıdır. Buna görə də bu sahələrə ayrılan vəsaitin artımı vacib olsa da, onun real təsirinin qiymətləndirilməsi ən azı rəqəmlərin özü qədər əhəmiyyətlidir.
“Politfm”



