Foto: “Wikimedia”

 


ABŞ Nümayəndələr Palatası Gürcüstanda Rusiya və Çin kəşfiyyatının fəaliyyətinə dair hesabat hazırlanması haqqında qanun layihəsini qəbul edib. Bu addım hakim “Gürcü Arzusu” partiyasının rəhbərliyi altında rəsmi Tbilisinin yürütdüyü siyasi kursdan Vaşinqtonun getdikcə daha çox narahat olduğunu göstərən növbəti ciddi siqnal kimi qiymətləndirilir.

“Qafqazda Çinin nüfuzuna qarşı mübarizə aktı” adlı qanun layihəsi iyunun 8-də Nümayəndələr Palatasında sürətləndirilmiş prosedurlarla müzakirəyə çıxarılaraq hər iki partiyanın dəstəyilə qəbul edilib.

Sənəd Gürcüstandakı Rusiya və Çin kəşfiyyat şəbəkələrinin araşdırılmasını, Moskva və Pekinin əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsini, həmçinin Vaşinqtonun Tbilisi ilə gələcək münasibətlər strategiyasına dair hesabatların hazırlanmasını nəzərdə tutur.

ABŞ konqresmenləri “Gürcü Arzusu” hökumətini ölkədə demokratiyanı zəiflətməkdə, həmçinin Rusiya və Çinlə yaxınlaşmaqda ittiham edirlər. Digər tərəfdən, Gürcüstan cəmiyyətində Avroatlantik inteqrasiya xəttinə xalq dəstəyi qalmaqdadır.

Qanun layihəsinin müəllifi, Cənubi Karolinadan olan respublikaçı konqresmen Co Uilson səsvermədən sonra “AzadlıqRadiosu”na bildirib ki, bu təşəbbüsün əsas məqsədi Gürcüstan xalqını dəstəkləməkdir:

“Antiamerika mövqeli “Gürcü Arzusu” Gürcüstan xalqının iradəsini təmsil etmir. Gürcü xalqı ABŞ ilə güclü münasibətlərin tərəfdarıdır. Bunun yolu isə siyasi məhbusların azad edilməsindən, azad və ədalətli seçkilərin keçirilməsindən, həmçinin Çin, Rusiya və İranın zərərli təsirlərinin aradan qaldırılmasından keçir”.

 

“Politfm”