Skrinşot (video: newsroom.ap.org)

 

Ötən gün İran İsrailin şimalına raket zərbələri endirib. İsrail hərbi qüvvələri isə bu səhər İranın mərkəzi və qərb hissəsindəki hərbi hədəflərə zərbələr endirdiyini bəyan edib. Bu, iki ay əvvəl qüvvəyə minmiş atəşkəs dğvründə İsrailin İrana ilk zərbəsidir. Ardınca İran İsrailə yenidən atəş açıb.

İsrail bu hücumların İranın son zərbələrinə cavab olduğunu, İransa İsrailin Beyrutda “Hizbullah”a qarşı endirdiyi zərbələrə cavab verdiyini bildirib.

İranın dövlət mediası Tehran, İsfahan, Təbriz və Nəcəfabadda partlayışlar olduğunu təsdiqləyib.

İranın dəstəklədiyi husilər də Yəməndən İsrailə doğru raket atıblar.

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) hava zərbələrini bir həftə davam etdirə biləcəyini bildirib.

“Biz “Hizbullah”ın İsrailin şimalındakı yaşayış məntəqələrinə amansız hücumlarına cavab olaraq Dahiyəyə zərbələr endirdik. İDF Livan boyu fəaliyyətini davam etdirəcək və “Hizbullah” terror təşkilatına qarşı tədbirlərini intensivləşdirəcək” – İsrailin briqada generalı Effi Defrinin dövlət televiziyasında yayımlanan bəyanatında belə deyilir.

“Axios” müxbiri Barak Ravid bildirib ki, ABŞ Prezidenti Donald Tramp dünən ona telefonda belə deyib: “İranın raket atəşi heç kimi vurmayıb. Ümid edirəm ki, İsrail buna cavab verməyəcək. Əgər Netanyahu onlara əks-hücumla cavab versə, bu proses son 47 ildə və ya son 3000 ildə olduğu kimi uzanıb gedəcək”.

“Biz İranla yekun razılaşmaya çox yaxınıq. Bu, yaxşı bir razılaşma olacaq. İndi baş verənlərə görə onun boşa çıxmasını istəmirəm. Elə indicə Netanyahuya zəng edib cavab verməməsini söyləyəcəm. Hər iki tərəf artıq öz üzərinə düşəni edib. İsrail də zərbə endirdi, İran da. Yenisinə ehtiyacımız yoxdur” deyə, Tramp əlavə edib.

 

“Politfm”