Almaniya kansleri Fridrix Merz (solda), Ukrayna Prezidenti Volodimir Zelenski, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Fransa Prezidenti Emmanuel Makron (foto: EPA/NEAL HALL)

 

 

Ukrayna və Avropanın üç aparıcı dövləti – Böyük Britaniya, Fransa və Almaniya liderləri Rusiyayla müharibənin dayandırılması üçün “ədalətli və davamlı sülh” sazişinin əsas şərtlərini razılaşdırıblar.

Londonda Ukrayna Prezidenti Volodimir Zelenskiylə keçirilən görüşdən sonra Böyük Britaniyanın Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Merts birgə bəyanat yayıblar. Bəyanatda qeyd olunub ki, onlar Ukraynaya qətiyyətli dəstəklərini davam etdirəcəklər.

Sənəddə vurğulanır ki, gələcək sülh nizamlanmasında Avropa əsas rolu öz üzərinə götürür. Bununla yanaşı, qeyd olunur ki, bu prosesdə ABŞ-nin də iştirakı vacibdir.

London görüşündə ədalətli sülh üçün aşağıdakı beş əsas şərt müəyyənləşdirilib:

1) Dərhal atəşkəs elan olunmalıdır. Vladimir Putin hərbi əməliyyatların tam dayandırılmasına razılıq verməlidir.

2) Mövcud təmas xətti danışıqlar üçün başlanğıc nöqtəsi olmalıdır. Sərhədlər güc yoluyla dəyişdirilə bilməz. Ukraynanın müttəfiqlər seçmək, o cümlədən NATO ilə əməkdaşlıq etmək hüququ tam şəkildə qorunmalıdır.

3) Etibarlı hüquqi təhlükəsizlik təminatları verilməlidir. Bu təminatlar atəşkəs qüvvəyə mindiyi andan etibarən işləməli və Ukrayna ərazisində beynəlxalq qüvvələrin yerləşdirilməsini də əhatə etməlidir.

4) Rusiya aktivləri dondurulmuş vəziyyətdə saxlanılmalıdır. Bu vəsaitlər Rusiya Ukraynaya vurduğu zərərləri tam kompensasiya edənədək istifadəyə açılmamalıdır.

5) Sülh sazişi Avropanın təhlükəsizlik maraqlarını nəzərə almalıdır. Avropa İttifaqı və NATO ilə bağlı hər hansı qərar müvafiq olaraq Aİ-yə üzv dövlətlərin və Şimali Atlantika Alyansına daxil olan müttəfiqlərin razılığıyla qəbul edilməlidir.

“Politfm”