Foto: internet

 

 

Bu gün Milli Məclisin saytında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinin mətni dərc edilib.

Əsas dəyişiklik Azərbaycanda sosial şəbəkələrin fəaliyyətinin yeni hüquqi çərçivəyə salınması və xüsusilə uşaqların sosial şəbəkələrdən istifadəsinin dövlət səviyyəsində tənzimlənməsidir.

Layihədə sosial şəbəkələrin fəaliyyət modelinin dəyişdirilməsi və qanunun pozulması hallarına görə cərimələr tətbiq edilməsi nəzərdə tutulur.

Layihənin ən diqqətçəkən müddəası 16 yaşına çatmamış şəxslərin sosial şəbəkələrdə hesab yaratmasının qadağan olunmasıdır. Bildirilir ki, yaş məhdudiyyəti tətbiq ediləcək platformaların siyahısı sonradan müvafiq dövlət qurumu tərəfindən müəyyənləşdiriləcək. Bu o deməkdir ki, gələcəkdə “Instagram”, “TikTok”, “Facebook”, “X” və ya başqa platformaların hansı hissəsinin bu siyahıya daxil ediləcəyi ayrıca qərarla müəyyənləşdiriləcək.

Layihəyə əsasən, platformalar istifadəçilərin yaşını yoxlamaq üçün texniki mexanizmlər tətbiq etməlidirlər. Yaşın təsdiqlənməsi üçün mobil telefon nömrəsi, elektron poçt ünvanı və bank kartı məlumatlarından istifadə nəzərdə tutulur. Bundan başqa, platformalara istifadəçinin bəyan etdiyi yaşla bağlı şübhə yarandığı hallarda təkrar yaş yoxlaması aparmaq səlahiyyəti verilir. Əgər istifadəçinin yaş həddini pozduğu müəyyən edilərsə, onun hesabına giriş dərhal məhdudlaşdırılmalıdır.

Qanun layihəsində 16-18 yaş arası istifadəçilərlə bağlı ayrıca tələblər də müəyyənləşdirilib. Bu yaş qrupuna aid hesablar üzərində valideyn nəzarətinin təmin olunması nəzərdə tutulur – valideynlər və ya qanuni nümayəndələr social şəbəkədə uşaqlara göstərilən məzmunun dairəsini, reklamları və hətta sosial şəbəkədən istifadə vaxtını idarə edə biləcəklər. Platformalar bunun üçün xüsusi texniki funksiyalar yaratmağa borclu olacaqlar.

Layihədə sosial şəbəkələrin azyaşlı istifadəçilərə təqdim etdiyi məzmunla bağlı ciddi məhdudiyyətlər yer alıb. Platformalar uşaqların fiziki və psixoloji sağlamlığına zərər verə biləcək, eləcə də asılılıq yaradacaq məzmunların yayılmasının qarşısını almalıdırlar.
Eyni zamanda, “sürəkli sürüşdürmə”, videoların avtomatik işə düşməsi və digər oxşar mexanizmlərlə istifadəçini platformada daha uzun müddət saxlamağa hesablanmış dizayn üsullarının tətbiqinə yol verilməməsi nəzərdə tutulur.

Diqqətçəkən başqa bir müddəa geolokasiya və şəxsi məlumatlarla bağlıdır. Layihəyə görə, yaşın yoxlanılması məqsədilə toplanmış məlumatlar platformanın informasiya sistemində saxlanıla bilməz, üçüncü şəxslərə ötürülə bilməz və reklam və ya kommersiya məqsədləri üçün istifadə oluna bilməz. Yaş yoxlanışı başa çatdıqdan sonra həmin məlumatlar dərhal silinməlidir.

Qanun layihəsinin digər mühüm hissəsi xarici sosial şəbəkə şirkətlərinin Azərbaycandakı fəaliyyətiylə bağlıdır. Azərbaycan istifadəçilərinə xidmət göstərən platformalar ölkədə qeydiyyatdan keçməli və ya nümayəndəlik yaratmalı olacaqlar. Həmçinin dövlət qurumlarıyla operativ mübadilə yaratmaq üçün əlaqə mərkəzi formalaşdırmalı və dövlət orqanlarının sorğularını beş iş günü ərzində cavablandırmalıdırlar.

Sənəddə nəzərdə tutulan cəza tədbirləri də kifayət qədər sərtdir.

Əgər platforma Azərbaycanda qeydiyyatdan keçmək tələbinə əməl etməzsə, əvvəlcə ona xəbərdarlıq ediləcək. Daha sonra 100 min manat, ardınca isə əlavə 300 min manat məbləğində cərimə tətbiq olunacaq. Tələblərin yenə də yerinə yetirilməməsi halında həmin platformada reklam yerləşdirilməsi qadağan edilə bilər. Sonrakı mərhələdə isə məhkəmə qərarı əsasında platformanın internet trafiki mərhələli şəkildə 20%, 50% və sonda 90% faizədək məhdudlaşdırıla bilər.

Məhz bu hissə layihənin ən ciddi müddəalarından biri hesab oluna bilər. Çünki praktik baxımdan internet trafikinin 90% azaldılması platformanın ölkədə faktiki olaraq əlçatmaz vəziyyətə gətirilməsi deməkdir.

Beləliklə, qanun layihəsi istifadəçilərin yaşının məcburi yoxlanılmasını, azyaşlıların sosial şəbəkələrə çıxışının məhdudlaşdırılmasını, valideyn nəzarəti mexanizmlərinin yaradılmasını və xarici platformaların Azərbaycanda hüquqi iştirakını nəzərdə tutan genişmiqyaslı tənzimləmə paketi kimi qiymətləndirilə bilər.

“Politfm”