Polis nəfəri Tyananmen Meydanının girişinə nəzarət edir, Pekin, Çin, 4 iyun 2026 (foto: Maksim Şemetov, “Reuters”)


 

ABŞ dövlət katibi Marko Rubio 37 il əvvəl Pekinin Tyananmen meydanında hakimiyyətin nümayişçilərə qarşı qanlı zorakılığından danışıb. Çin hökuməti bunu ölkənin siyasi sisteminə “qara yaxmaq” kimi qiymətləndirib. Çində həmin hadisə barədə açıq danışılmır.

Rubio çərşənbə günü bildirib ki, Pekinin tətbiq etdiyi senzura hərbi hücumun xatirələrini silə bilməz (“Reurers”).

“İfadə və toplaşmaq azadlığı kimi fundamental hüquqlarını müdafiə etmək üçün fədakarlıq edənlərə bir gün mütləq bəraət veriləcək” – Rubio belə deyib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bildirib ki, 1980-ci illərin sonunda baş vermiş siyasi iğtişaşlar barədə çoxdan “aydın bir nəticəyə” gəlinib.

“Çin ABŞ-nin tarixi faktları təhrif etməsindən, Çinin siyasi sisteminə və inkişaf yoluna qara yaxmasından kəskin şəkildə narazıdır və qətiyyətlə buna qarşı çıxır” deyən Mao Amerikanı demokratiya və insan haqları bəhanəsiylə Çinin daxili işlərinə qarışmaqda ittiham edib.

Tayvan Prezidenti Lay Çing-Te öz “Facebook” səhifəsində yazıb ki, böyük bir ölkə hərbi qüdrətə kor-koranə inanmamalı, militarizmlə məşğul olmamalıdır.

“Mən səmimi qəlbdən ümid edirəm ki, Çin 37 il əvvəlki 4 iyun hadisəsiylə üzləşə, həqiqəti etiraf edə, ağrıları yüngülləşdirə, barışıq və dialoq üçün qapı aça bilər” deyə o, əlavə edib.
Çinin Tayvan İşləri İdarəsi Layın yazdıqlarını şərh etmək sorğusuna cavab verməyib.

1989-cu il iyunun 4-də Çin ordusunun tankları Tyananmen meydanına daxil olaraq tələbələrin və fəhlələrin həftələrlə davam edən nümayişlərini dağıdıb.
Etirazçıları hakim Kommunist Partiyasını devirmək niyyətində günahlandıran Çin hökuməti həmin gün həlak olanların sayını heç vaxt açıqlamayıb, amma hüquq-müdafiə qrupları və şahidlər meydanda minlərlə insanın öldürülmüş ola biləcəyini deyirlər.


“Politfm”