Foto: “iStock.com”

 

 

İran ətrafındakı hərbi əməliyyatlar və Yaxın Şərqdəki geniş münaqişə  milyonlarla insanı aclıq təhlükəsiylə üz-üzə qoyub. Bu gün belə bir xəbərdarlıqla BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) çıxış edib.

Qurum bildirir ki, yanacaq və nəqliyyat xərclərinin artması ərzaq məhsullarını kəskin bahalaşdırıb, maliyyə çatışmazlığı isə yardım təşkilatlarını həyati vacib dəstəyi azaltmağa məcbur edib.

Fevralın 28-də ABŞ və İsrail İrana birgə hava zərbələri endirməyə başlayandan bəri müharibə genişmiqyaslı münaqişəyə çevrilib. Hörmüz boğazının faktiki bağlanması ilə qlobal enerji axınları və təchizat zəncirləri ciddi şəkildə məhdudlaşıb.

WFP martda proqnozlaşdırmışdı ki, iyunadək neftin qiyməti bir barel üçün təxminən 100 dollar səviyyəsində qalarsa, 45 milyona qədər insan kəskin ərzaq çatışmazlığı ilə üzləşə bilər. Hazırda etalon neft qiymətləri bu səviyyədən yuxarıdır və həmin ssenari reallaşmağa başlayır.

Əfqanıstan, Somali və Şri-Lankada bu vəziyyətdən daha çox təsirlənirlər. Bu ölkələrdə yanacaq xərcləri artır, ərzaq qiymətləri yüksəlir, gəlirlər azalır və ticarət əlaqələri pozulur.

WFP bildirib ki, Somalidə 2026-cı ildə 6.5 milyon nəfərin, yəni əhalinin təxminən üçdə birinin ağır aclıqla üzləşəcəyi gözlənilir. Əfqanıstanda isə bu rəqəm 17.4 milyon nəfərə çata bilər.

Təşkilat vəziyyətin daha da pisləşəcəyini proqnozlaşdırır. Əgər bu çətinliklər davam edərsə, daha 2.5 milyon somalili və 2.3 milyon əfqan kritik ərzaq çatışmazlığıyla üzləşə bilər. Hər iki ölkə idxal olunan enerji və ərzaqdan asılıdır.

WFP bildirib ki, 2026-cı ildə 1.5 milyon nəfərə daha az yardım edə biləcək və əgər böhran daha altı ay davam etsə, dəstəkdən kənarda qalacaq insanların sayı əlavə 9 milyon nəfər arta bilər.


“Politfm”