Foto: “Reuters”

 

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) yenilənmiş proqnozuna görə, 2026-cı ildə Azərbaycanda iqtisadi artım 2 faiz, Ermənistanda 5,5 faiz, Gürcüstanda isə 6 faiz gözlənilir.

AYİB-nin “Regional Economic Prospects” adlı iyun hesabatında bildirilir ki, Qafqazda iqtisadi göstəricilər 2025-ci ildə və 2026-cı ilin əvvəlində qeyri-bərabər qalıb:

“Ermənistanda tikinti, informasiya və kommunikasiya texnologiyaları (İKT) və maliyyə xidmətləri sürətlə genişlənir, Gürcüstanda isə xidmət sektoru inkişaf edir. Hər iki iqtisadiyyatda yenidən inflyasiya təzyiqləri ortaya çıxıb, qiymət artımıyla bağlı proqnozlar mərkəzi bankların hədəflərini aşıb. Azərbaycan iqtisadiyyatının isə son bir ildə tempi zəifləyib, karbohidrogen hasilatının azalması 2026-cı ilin əvvəlində iqtisadiyyatı daralmağa məcbur edib”.

Hesabatda həmçinin qeyd olunur ki, Azərnaycanda 2026-cı ilin birinci rübündə neft və qaz sektorunun məhsuldarlığı 1,2 faiz, qeyri-karbohidrogen artımı isə 0,2 faizə düşdüyü üçün real ÜDM artımı 2025-ci ildə 1,4 faizə qədər yavaşlayıb və məhsuldarlıq illik müqayisədə 0,3 faiz azalıb:

“2026-cı ilin birinci rübündə inflyasiya orta hesabla 5,7 faiz təşkil edib ki, bu da Mərkəzi Bankın gözləntilərinin yuxarı həddinə yaxındır. 2025-ci ildə ümumi maliyyə profisiti ÜDM-in 2024-cü ildəki 4,1 faizindən təxminən 2,6 faizə qədər azalıb, dövlət və dövlət zəmanətli borc isə ilin sonunda ÜDM-in 28 faizini təşkil edərək aşağı səviyyədə qalıb.
Cari hesab profisiti 2024-cü ildəki 6,3 faizdən 2025-ci ildə ÜDM-in 4,6 faizinə düşüb. Bu fonda Mərkəzi Bankın və Dövlət Neft Fondunun (ARDNF) birləşmiş xarici aktivləri artmağa davam edərək 2025-ci ildə ÜDM-in 112 faizinə çatıb”.

“2026-cı ilin əvvəlindəki zəif iqtisadi göstəricilərdən sonra real ÜDM artımının 2026-cı ildə 2 faizə, 2027-ci ildə isə 2,5 faizə çatacağı proqnozlaşdırılır. Artım proqnozu karbohidrogen qiymətlərinə və istehsal həcmələrinə həssas olaraq qalır. Yaxın Şərqdəki münaqişənin yaratdığı qlobal enerji qiymətlərinin artması Azərbaycan üçün gəlir mənbəyi yarada, iqtisadi artımı stimullaşdıran xərcləri və investisiyaları dəstəkləyə və münaqişədən qaynaqlanan mənfi təsirlərin qarşısını ala bilər. Bundan əlavə, ABŞ-nin vasitəçiliyilə Ermənistanla sülh çərçivəsində təmin edilən regional əlaqə və ticarət təşəbbüsləri, eləcə də bərpa olunan enerji mənbələrinə davam edən genişmiqyaslı investisiyalar orta müddətli dövrdə artımı və iqtisadi şaxələnməni artıra bilər” – sənəddə belə yazılır.

 

“Politfm”