Foto: internet
Azərbaycanda ərzaq məhsullarının qiyməti artmağa davam edir. Bəzi məhsullar, xüsusilə də ət (quş, mal, qoyun) və yağ (duru, kərə) daha yüksək templə bahalaşır.
Məsələn, 2025-ci ilin may ayıyla müqayisədə 2026-cı ilin mayında mal və qoyun ətinin qiymətlərində nəzərəçarpan artım müşahidə olunur.
Məhsul May 2025 May 2026 Fərq
Quş əti 5.8–6.1 manat 6.3–7 manat +8–15%
Sümüklü mal əti 14–15 manat 17.5–18 manat +20–25%
Sümüksüz mal əti 17–18 manat 20–22 manat +15–25%
Qoyun/quzu əti 18–20 manat 22–25 manat +15–30%
Ət istehlakında geriləmə
2025-ci il üzrə FAO və OECD əsaslı məlumat bazalarının qiymətləndirmələrinə görə, Azərbaycanda adambaşına illik ət istehlakı təxminən 35–40 kiloqram təşkil edir. Bu göstərici qlobal reytinqdə ölkəni orta və aşağı-orta qrup ölkələr arasına – 111-ci sıraya yerləşdirir. Müqayisə üçün qeyd edək ki, ABŞ, Argentina və Avstraliya kimi ölkələrdə bu göstərici 100 kiloqramı keçir (OECD).
Doörudur, son illərdə Azərbaycanda ət istehlakı çox geriləməyib, amma artım tempində nəzərəçarpan zəifləmə var.
2010-cu illərin əvvəllərində neft gəlirləri sayəsində əhalinin də gəlirlərinin yüksəlməsi və bu fonda artan urbanizasiya səviyyəsi ət məhsullarına, xüsusilə də toyuq ətinə tələbatı artmışdı.
Azərbaycanda adambaşına quş əti istehlakı 1990-cı illərlə müqayisədə bir neçə dəfə artaraq 2023-cü ildə rekord həddə çatmışdı (helgilibrary.com).
Ümumi ət istehlakındakı hazırkı zəifləmə bir neçə səbəbdən qaynaqlanır.
Əvvəla, OECD-nin də qeyd etdiyi kimi, bu istehlakın həcmi yaşayış səviyyəsindən və makroiqtisadi sabitlikdən asılıdır. Bu baxımdan Azərbaycanda əti az qala əlçatmaz məhsula çevirən əsas səbəb qiymət faktorudur. Mal və qoyun əti artıq əhalinin böyük hissəsi üçün bahalı məhsul halına gəlib.
Son illərdə yem xərclərinin, idxaldan asılılığın və logistika qiymətlərinin artması ətin pərakəndə satış qiymətlərini yüksəldib. Əhalinin real gəlirləri eyni sürətlə artmadığına görə yoxsul təbəqə üçün ət bayramdan-bayrama alınan istehlak məhsuluna çevrilib. Az gəlirli təbəqə daha ucuz alternativlərə üstünlük verməyə başlayıb.
Daha bir səbəb kənd təsərrüfatının və daxili istehsalın məhdud imkanlara malik olmasıdır. Yem bazasının zəifliyi, otlaq problemləri və məhsuldarlığın aşağı olması yerli istehsalın maya dəyərini artırır. Nəticədə ət bahalanır, istehlak səviyyəsi azalır.
Mövcud dinamika göstərir ki, bu vəziyyət sonrakı illərdə də dəyişməyəcək, artım əsasən quş əti seqmentində olacaq.
“Politfm”



