Foto: internet
Uzun illərdir Azərbaycanda AZAL-ın fəaliyyətiylə bağlı qızğın müzakirələr gedir. Aviabiletlərin çox baha olması, şirkətin xərclərlə bağlı ictimaiyyətə məlumat verməməsi, şirkətin zərərlə işləməsi, AZAL-ın dövlət borcunun artması, hər il dövlətdən datasiya alması kimi mövzular aktuallığını saxlayır. Amma ən əsas sual qurumun gəlirləri və aviabiletlərin baha olmasıyla bağlıdır.
Rəsmi statistika bundan ibarətdir ki, 2025-ci ildə AZAL aviaşirkəti tərəfindən 4,16 milyon sərnişin daşınıb. Bakı – Naxçıvan istiqamətində isə sərnişinlərin sayı 735 min təşkil edib. AZAL 2022-2025-ci illər ərzində karqo gəlirlərini 211 %, daşınan yüklərin həcmi isə 170% artıb.
2024-cü ildə qurumun xalis mənfəəti 216 milyon 666 min manat təşkil edib. 2025-ci ilin birinci rübündə AZAL-ın xalis mənfəəti 117,7 milyon manat olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4 faiz artım deməkdir. Əməliyyat gəlirləri 1 milyard 473 milyon manat, xərcləri isə 1 milyard 177 milyon manat təşkil edib.
Bir neçə gün əvvəl “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) İdarə Heyətinin sədri Samir Rzayev müsahibə verib və aviabiletlərin qiymətlərilə bağlı sualı cavablandırıb. Samir Rzayev bildirib ki, qiymət formalaşması beynəlxalq aviasiya standartlarına uyğun şəkildə həyata keçirilir və AZAL da bu istiqamətdə aparıcı beynəlxalq aviaşirkətlərin tətbiq etdiyi yanaşma və prinsiplərə əsaslanaraq fəaliyyət göstərir:
“Aviabiletlərin qiymətlərinin formalaşmasına bir neçə əsas amil təsir göstərir. Bunlara ilk növbədə reys üzrə sərnişin sayı, uçuş tarixinə qalan müddət və bazardakı mövcud tələb-təklif dinamikası daxildir. Bütün bu faktorlar beynəlxalq aviasiya praktikasına uyğun şəkildə təhlil olunur və qiymətlər məhz bu parametrlər əsasında formalaşdırılır. Sərnişin üçün ən vacib məsələ şəffaf və əlçatan qiymətdir. Buna görə, erkən rezarvasiya imkanlarını, kampaniyaları, hissə-hissə ödəniş həlləri və sərnişin üçün daha rahat seçimləri genişləndiririk. Heydər Əliyev Hava Limanında AZAL-ın üzərinə düşən sərnişin payı 49% təşkil edir. Bunun 51%-ni xarici aviaşirkətlər təşkil edir”.
Ekspertlərin mövqeyi nədən ibarətdir?
AZAL-ın fəaliyyətiylə bağlı mətbuatda, sosial şəbəkələrdə saysız-hesabsız mövqelər, şərhlər, əsaslandırmalar mövcudur.
Bəzi ekspertlər hesab edir ki, dövlət subsidiyaları ilə maliyyələşən hər bir qurum şəffaflıq öhdəliyi daşımalıdır. Həmçinin AZAL ictimai vəsaitin hansı istiqamətlərə xərcləndiyini, hansı nəticələr doğurduğunu aydın izah etməlidir. Təyyarə parkının genişlənməsi və xərclərin artımı ilə bağlı iqtisadi əsaslandırma və nəticə qiymətləndirmələri paylaşılmalıdır. Eyni zamanda əldə edilən mənfəətin hansı məqsədlərlə istifadə olunacağı barədə də ictimaiyyət məlumatlandırılmalıdır.
Əksər ekspertlər aviabiletlərin baha olmağının rəsmi əsaslandırmasını qəbul etmirlər. Xüsusilə AZAL və onun aşağı büdcəli qolu olan “Buta Airways” (hazırda AZAL-la birləşib) qiymətləri yerli sərnişinlər üçün əlçatan olmadığı bildirilir.
Bir çox ekspertlər AZAL-ın fəaliyyətinin ziddiyyətli olduğunu əsaslandırırlar. Bildirilir ki, normalda rəqabət olan bazarda bir şirkət ziyan edirsə, müflis olur. Lakin AZAL ölkənin hava məkanında tək-tənha hakim mövqedədir. Hava limanları, yerüstü xidmətlər və bilet satışı eyni qrupun əlindədir. Belə bir mühitdə şirkətin “ziyan etməsi” ancaq qeyri-effektiv idarəetmə və şəffaf olmayan xərclərin göstəricisi ola bilər.
Qurum rəhbərliyi qiymətlərin “dinamik qiymətləndirmə” (tələb artdıqca qiymətin qalxması) prinsipinə əsaslandığını bildirsə də, ekspertlər beynəlxalq praktikadakı alternativlərə diqqət yönəldirlər. Avropada və ya qonşu ölkələrdə baha aviayollarla yanaşı, onlarla “low-coster” (WizzAir, Ryanair, Pegasus və s.) fəaliyyət göstərir və vətəndaşa seçim imkanı verir. Bizdə isə AZAL digər ucuz şirkətlərin Bakı bazarına tam gücü ilə girməsinə, rəqabət yaratmasına süni maneələr törədir və ya onları yüksək rüsumlarla sıxışdırır. Nəticədə vətəndaş seçim qarşısında qalmır: ya AZAL-ın baha biletini almalı, ya da qonşu ölkələrin (məsələn, Gürcüstanın) hava limanlarına üz tutmalıdır.
Ekspertlər Azərbaycan vətəndaşının orta aylıq əməkhaqqı ilə AZAL-ın təklif etdiyi bilet qiymətləri arasında dəhşətli bir uçurum olduğunu bildirirlər. Xaricdə oxuyan tələbələr, müalicəyə gedən xəstələr, qürbətdə yaşayan həmvətənlərimiz sadəcə öz vətənlərinə gəlmək üçün aylarla pul yığmalı olurlar.
Ekspertlərin ümumi qənaəti bundan ibarətdir ki, əgər bir şirkət həm dövlətdən dotasiya alırsa, həm biletləri baha satırsa, həm də borc içində batırsa, deməli, problem “beynəlxalq parametrlərdə” deyil, idarəetmənin qeyri-şəffaf olmasında və vətəndaşın maraqlarının tamamilə arxa plana atılmasındadır. Şirkət rəhbərliyinin xalqa hesabatlılığı real formaya düşməyincə və hava məkanı tam rəqabətə açılmayınca bu acınacaqlı mənzərə dəyişməyəcək.
Qonşu ölkələrdə vəziyyət necədir?
Gürcüstanda Kutaisi hava limanı xüsusi olaraq aşağı büdcəli aviaşirkətlər (əsasən Wizz Air) üçün xidmət haqqını minimuma endirib. Nəticədə Kutaisidən Avropanın onlarla şəhərinə (Roma, Milan, Budapeşt, Berlin və s.) 30–50 avroya bilet tapmaq mümkündür. Tbilisi və Batumi kimi əsas aeroportlarda belə rəqabət yüksək olduğu üçün qiymətlər Bakı ilə müqayisədə xeyli münasibdir.
Türkiyə həm nəhəng bir tranzit mərkəzidir, həm də daxili rəqabəti çox güclüdür. Bazar tək bir şirkətdən asılı deyil. “Turkish Airlines” kimi dünya nəhəngi ilə yanaşı, Pegasus, AJet (keçmiş Anadolujet) və SunExpress kimi böyük loukosterlər var.
Türkiyə daxilində şəhərlərarası uçuşlar çox vaxt avtobus biletindən bir az baha olur. İstanbuldan dünyanın istənilən nöqtəsinə rəqabət səbəbindən hər büdcəyə uyğun bilet tapmaq mümkündür.
Rusiya sanksiyalar səbəbindən beynəlxalq uçuşlar məhdudlaşsa və xarici reyslər bahalaşsa da, ölkə daxili və yaxın xaric üçün vəziyyət fərqlidir. Rusiyanın “Pobeda” kimi çox aqressiv qiymət siyasəti yürüdən loukosteri var. Ölkə daxili uçuşlar (məsələn, Moskva-Sankt-Peterburq və ya cənub şəhərləri) məsafəyə görə olduqca ucuzdur. Bakı ilə müqayisədə Rusiyanın daxili aviasiya bazarı dövlət subsidiyaları ilə də dəstəklənir, buna görə də vətəndaşlar üçün geniş alternativlər mövcuddur.
İran tamamilə fərqli bir keysdir. İqtisadi sanksiyalar səbəbindən təyyarə parkı köhnə olsa da, qiymət baxımından maraqlı mənzərə var. Xarici valyutada gələn turistlər üçün İranda daxili reyslər (məsələn, Tehran-Şiraz və ya Məşhəd) inanılmaz dərəcədə ucuzdur (bəzən 15-25 dollar arası). Beynəlxalq uçuşlarda isə rəqabət az olduğundan qiymətlər yerli əhali üçün bahadır, lakin Bakıdakı kimi inhisarçı təzyiq eyni formada hiss olunmur.
İlham Hüseyn



