Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio 15-ci Şərqi Asiya Nazirləri Zirvə Toplantısında, Malayziya, 11 iyul 2025 (foto: Hasnoor Hussain/ “Reuters”)

 




Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 25-də ABŞ dövlət katibi Marko Rubioyla telefon danışığında ona ABŞ diplomatik heyətini və Amerika vətəndaşlarını Kiyevdən çıxarmağı tövsiyə edib (“Radio Svoboda”). 

Moskva təhdidlərinin artmasını ötən həftə Ukraynanın Rusiya işğalı altında olan Luqansk bölgəsində məktəb yataqxanasına edilən hücumla əsaslandırır. Yerli rəsmilər Starobilsk şəhərində 20-dən çox insanın öldüyünü bildiriblər. Rusiya rəsmiləri Ukraynanı mülki obyekti qəsdən hədəf almaqda ittiham ediblər. Rusiya prezidenti Vladimir Putin ötənhəftəki sərt çıxışında Kiyevi terrorizmdə günahlandırıb.

Ukrayna hərbçiləri isə qüvvələrinin Rusiyanın dron bölməsinin qərargahını vurduğunu, mülki obyektləri hədəfə almadığını bildiriblər.

Mayın 24-də Kiyev və Ukraynanın digər şəhərləri genişmiqyaslı dron və raket hücumuna məruz qalıb. Bu, son dövrlərdə Ukrayna paytaxtına edilən ən ağır hücumlardan biri sayılır. Hadisə nəticəsində azı üç nəfər ölüb, onlarla insan yaralanıb.

Rusiya Kiyevin cənubundakı bir şəhərə nüvə başlığı daşıya bilən “Oreşnik” raketi də atıb.  Bu raketindən artıq üçüncü dəfədir istifadə edilir.

Lavrov Rubio ilə telefon danışığında Kiyevdəki hərbi obyektlərə və qərarqəbuletmə mərkəzlərinə “ardıcıl və sistemli” zərbələr planlaşdırıldıqları barədə xəbərdarlıq edib. O, amerikalı həmkarına ABŞ vətəndaşları və diplomatlarının Kiyevdən çıxarılmasını məsləhət görüb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirliyin digər bəyanatında isə Ukraynadakı bütün xarici diplomatik nümayəndəliklərin Rusiyanın ehtimal olunan yeni zərbələri barədə məlumatlandırıldığı bildirilir.

Rubio Hindistana səfəri zamanı jurnalistlərə açıqlamasında Lavrovun tövsiyəsini və təhdidini təsdiqləyib.

“Məncə, o, sadəcə bunu mənə şəxsən çatdırmaq üçün zəng etmişdi. Kiyev artıq bir neçə ildir ki, kifayət qədər təhlükəli yerdir. Bu müharibə uzandıqca, gərginliyin artması və prosesin yeni bir mərhələyə keçməsi təhlükəsi hər zaman qalır. Məhz buna görə də müharibə başa çatmalıdır” – Rubio belə deyib.

Rubio Moskva və Kiyev arasında Vaşinqtonun vasitəçilik etdiyi sülh danışıqlarının dayandığını təsdiqləyib.

Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hücumu beşinci ildir ki, davam etsə də, artıq faktiki olaraq dalana dirənib. Ukrayna qüvvələri 1100 kilometrlik cəbhə xəttinin böyük hissəsində Rusiya qoşunlarının irəliləməsini dayandıra biliblər.

 

“Politfm”