Foto: internet

 


Azərbaycanda son illər cəmiyyəti narahat edən və geniş müzakirə doğuran mövzulardan biri də özəl xəstəxanalardakı reanimasiya xərcləridir.

Ağır vəziyyətdə olan xəstənin ailəsi “bəlkə xilas olar” ümidi ilə bu xərcləri ödəyir. Amma onun vəfat etməsi klinika və xəstə yaxınları arasında münaqişə yaradır.
İnsanlar tibb işçilərinin bu suala cavab verməsini istəyirlər – nəticə ölüm olacaqdısa, bu qədər pul niyə alınıb?

Gündəlik minlərlə manatlıq xərc

Azərbaycanda özəl xəstəxanalarda reanimasiya və intensiv terapiya müalicəsi ən bahalı xidmət sahələrindən biridir. Bəzi klinikalarda günlük xərc 500-800 manata çatır, daha ağır hallarda isə bu məbləğ 1000-2000 manata qədər yüksələ bilir.

Süni tənəffüs aparatı, hemodializ, ürək fəaliyyətinin daimi monitorinqi, intensiv dərman terapiyası və 24 saatlıq həkim-personal nəzarəti xərcləri sürətlə artırır. Bəziləri doğmalarını ölümün pəncəsindən xilas etmək üçün avtomobilini satmağa, qızıllarını girov qoymağa, faizlə borc götürməyə və ya sosial şəbəkələrdə ianə toplamağa məcbur olur.

Müalicə ölümlə nəticələnən hallarda tibb işçiləri “Biz nəticəyə görə yox, göstərilən xidmətə görə pul alırıq” deyirlər. Aparatlar işləyib, həkim müayinə edib, bahalı dərmanlar verilib, ona görə də ödəniş geri qaytarıla bilməz.

Əslində, bu problem yaradan səbəb müalicəyə tabe olmayan xəstəliklər deyil; risklər barədə ailəyə daha əvvəl məlumat verilməməsi, maddi maraq naminə xəstənin real vəziyyətinin onun yaxınlarından gizlədilməsidir.

Azərbaycanda rezonans doğurmuş ölüm hadisələri və məhkəmə işləri

“MedEra” klinikasında əməliyyat zamanı baş verən ölüm halları, “Zəfəran Hospital”da gənc model Leyla Oruclunun faciəvi vəfatı, “Baku Medical Plaza”da estetik əməliyyatdan sonra yaşanan fəsadlar və ölüm halları, müxtəlif klinikalarda doğuş və əməliyyat sonrası ana-uşaq ölümləri bu problemin ciddiliyini ortaya qoyur.

“Baku Medical Plaza”da vəfat edən Elvin Əsgərovun atası Əliyar Əsgərov klinikanı məhkəməyə verib. O iddia edib ki, xəstənin vəziyyəti ümidsiz olduğu halda, klinika maddi qazanc məqsədilə reanimasiya prosesini süni şəkildə uzadıb, ailəyə yalançı ümidlər verib və ondan on minlərlə manat pul alıb.

İş Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində və Xətai Rayon Məhkəməsində araşdırılıb. Məhkəmə-tibbi ekspertizası klinikanın fəaliyyətində cinayət tərkibi aşkar etmədiyi üçün iddia rədd edilib.

“Medera Hospital”da vəfat etmiş Sona Cəfərovanın övladı isə anasının ölümünə həkim səhlənkarlığının və səhv müalicənin səbəb olduğunu, eyni zamanda reanimasiyada prosesin uzadıldığını iddia edib. Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi (səhlənkarlıq) ilə cinayət işi açılıb. Ekspertiza rəyinə əsasən həkim təqsirli bilinib, ona cəza verilib və ailə mülki iddia qaldıraraq ödədiyi pulları klinikadan geri alıb.

Dünyada bu məsələyə necə yanaşılır?

Oxşar problemlər Türkiyədə də var, amma dövlət mexanizmləri daha sürətli işləyir: tariflərə nəzarət edilir, qaydaları pozan klinikalar böyük məbləğdə cərimələnir, lisenziyaları əllərindən alınır.

Reanimasiya xərclərinin çox yüksək olduğu (günlük 5-10 min dollar) ABŞ-də ailəyə bütün riskləri və şərtləri əks etdirən sənəd imzalatdırılır. “Yaşama zəmanəti” verilmədiyi açıq şəkildə qeyd olunur. Həkim səhvi sübut olunarsa, klinika milyonlarla dollar kompensasiya ödəyir.

Almaniya və Böyük Britaniyada güclü sığorta sistemi ailəni ağır maliyyə yükündən qoruyur. Ümidsiz hallarda xəstənin faydasız reanimasiyada saxlanılması etika komissiyaları tərəfindən məhdudlaşdırılır.

Əsas sual

Cəmiyyəti ən çox narahat edən sual budur – özəl xəstəxanalarda xəstəni xilas etməyə çalışırlar, yoxsa müalicə xərcinin daha çox olmasına?

Bəzi hallarda doğmaları xəstənin vəziyyətinin ümidsiz olduğunu anlayırlar, amma həkimlər prosesi uzadır, son ana qədər səy göstərməyə borclu olduqlarını deyirlər.

Problem həm də bu sahədəki boşluqlardan qaynaqlanır.
Azərbaycan xəstəxanalarında
– şəffaf və aydın müqavilə mexanizmi yoxdur;
– tariflər qeyri-standart və qeyri-şəffafdır;
– ölüm hallarıyla bağlı müstəqil tibbi audit zəifdir;
– xəstənin real vəziyyəti barədə ailəyə vaxtında məlumat verilmir.

Nə dəyişməlidir?

Xəstələrin reanimasiyaya qəbulu zamanı riskləri və maliyyə öhdəliklərini əks etdirən müqavilələr təqdim edilməlidir.
İntensiv terapiya tarifləri dövlət tərəfindən standartlaşdırılmalı və yuxarı hədd müəyyən edilməlidir.
Hər ölüm halında müstəqil tibbi ekspertiza mexanizmi işə salınmalıdır.
Ailəyə həqiqətin vaxtında deyilməsi məcburi xarakter daşımalıdır.

“Politfm”