Foto: internet
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 20,1 milyard manatlıq (11,2 milyard manatlıq ərzaq, içki və tütün məmulatları, 8,9 milyard manatlıq qeyri-ərzaq malları) mal satılıb. 2025-ci ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz artıb.
2026-cı ilin yanvar-aprel aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,6 faizi ərzaq məhsullarının, 5,0 faizi içkilər və tütün məmulatlarının, 13,1 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,4 faizi avtomobil yanacağının, 4,3 faizi elektrik malları və mebellərin, 2,9 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,6 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,1 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində hər vətəndaş orta hesabla ayda 489,5 manatlıq mal alıb. Bunun 272 manatı ərzaq, içki və tütün məmulatlarının, 217,5 manatı isə qeyri-ərzaq mallarının payına düşüb.
Statistikaya görə, xərclərin 50%-dən artığı ərzağa sərf olunub. Beynəlxalq standartlara görə bir ölkədə əhali qazancının yarısından çoxunu yeməyə xərcləyirsə, orada yaşayış səviyyəsi aşağı hesab olunur. İnkişaf etmiş ölkələrdə (məsələn, Almaniya və ya Hollandiya) bu göstərici cəmi 10-15% təşkil edir. Bizdə isə maaş artımı çox vaxt marketdəki qiymət artımı ilə yarışa bilmir. Nəticədə vətəndaşın aldığı maaş rəqəm olaraq artsa da, aldığı məhsulun çəkisi eyni qalır və ya azalır.
Ekspertlər bildirirlər ki, rəsmi rəqəmlər ərzaq üzrə dövriyyənin 1,4% (real ifadədə) artdığını deyir. Amma bu, insanların daha çox yemək aldığı mənasına gəlmir; sadəcə daha baha qiymətə eyni miqdarda (və ya bir az çox) məhsul alındığını göstərir.
Məsələn, əgər əvvəl 10 manata 3 növ məhsul alınırdısa, indi həmin 10 manata 2 növ məhsul düşür. İstehlakçı üçün bu, birbaşa “kasıblaşma” deməkdir.Çünki orta aylıq xərc (489,5 manat) bir çox vətəndaşın minimum əməkhaqqına və ya aşağı dərəcəli maaşına çox yaxındır.
Bir nəfərin aylıq təməl ehtiyacı 490 manatdırsa, ailədə cəmi 1 nəfər işləyən varsa və o, 600-700 manat maaş alırsa, həmin ailənin “yoxsulluq həddi”ndə yaşaması qaçılmazdır.
Ekspertlər hesab edir ki, rəsmi statistika rəqəmləri böyüdərək “artım” kimi təqdim etsə də, maaşın əsas funksiyası artıq “investisiya və ya inkişaf” deyil, sadəcə bioloji mövcudluğu qorumaqdır. Bu isə orta təbəqənin formalaşmasını ləngidən ən böyük faktordur.
“Politfm”



