Foto: “Gütty İmages”

 

Çin hər il ABŞ-dən 17 milyard dollarlıq kənd təsərrüfatı məhsulu alacaq.

Bu barədə Ağ Evin rəsmi saytında dərc olunmuş açıqlamada bildirilib.

Bildirilir ki, Çin soya lobyası üzrə mövcud alış öhdəliklərinə əlavə olaraq 2026, 2027 və 2028-ci illərdə hər il azı 17 milyard dollar dəyərində ABŞ kənd təsərrüfatı məhsulları idxal edəcək.

Açıqlamada həmçinin vurğulanıb ki, Çin ABŞ mal ətinin idxalını bərpa edib və ABŞ-dən quş əti idxalına qoyulan məhdudiyyətləri aradan qaldırıb.

“Reuters” agentliyi yazır ki, ötən il tətbiq olunan qarşılıqlı rüsumlardan sonra ABŞ-nin Çinə kənd təsərrüfatı məhsulları ixracı nəzərəçarpacaq dərəcədə azalıb.

ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 2025-ci ildə ixrac ötən ilin eyni dövrüylə müqayisədə 65,7% azalaraq 8,4 milyard dollar təşkil edib.

Agentlik həmçinin qeyd edir ki, Donald Trampın ilk prezidentlik müddətindən bəri Çin ABŞ-nin kənd təsərrüfatı məhsullarından asılılığını əhəmiyyətli dərəcədə azaldıb. 2024-cü ildə Çin ABŞ-dən öz soya ehtiyacının təxminən 20%-ni tədarük edib. Halbuki bu göstərici 2016-cı ildə 41% idi.

Mayın 14-ə Tramp Pekində Çin lideri Si Tzinpinlə görüşüb. Tərəflər qarşılıqlı rüsumların azaldılması barədə razılığa gəliblər.

Bundan əlavə, görüşdən sonra Çinin Xarici İşlər Nazirliyi bəyan edib ki, Çin və ABŞ  müharibənin tezliklə başa çatacağına ümid edir və hər iki ölkə bu məsələdə “həlledici rol” oynamağa hazırdır.

 

“Politfm”