Foto: “interfax.com”

 

Bakı və Moskva Azərbaycandan Rusiyaya aqrar ixracın həcmini artırmağı planlaşdırırlar.

Bu barədə “İnterfax” nəşri məlumat yayıb.
Bildirilir ki, dünən – mayın 14-də “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvert Moskvada Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli ilə görüşüb. Onlar Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracının artırılması imkanlarını müzakirə ediblər.

Nəşrin yazdığına görə, tərəflər ixrac prosedurlarının sadələşdirilməsi barədə də danışıblar.
Görüş zamanı heyvan və bitki mənşəli məhsullar üzərində baytarlıq və fitosanitar nəzarət, təhlükəli xəstəliklərin qarşısının alınması, pestisid və aqrokimyəvi maddələrin dövriyyəsinə nəzarət, eləcə də elektron məlumat mübadiləsi sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub.
Tərəflər qida təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı ticarətin inkişaf etdirilməsində maraqlı olduqlarını təsdiqləyiblər.

İqtisadi, yoxsa siyasi “sadələşmə”?

Azərbaycanın Rusiyaya kənd təsərrüfatı məhsulları ixracı həm iqtisadi, həm də siyasi alət kimi işləyən həssas sahələrdən biridir. Moskvada “ixrac prosedurlarının sadələşdirilməsi” üçün aparılan danışıqlar da bu kontekstin davamı sayıla bilər.
Bu ölkəyə məhsul göndərən Azərbaycan fermerləri ənənəvi olaraq bu problemlərlə üzləşirlər:
– yüklər sərhəddə uzun müddət saxlanılır;
– məhsullar “fitosanitar uyğunsuzluq” adı altında geri qaytarılır;
– əlavə laborator yoxlamalar təyin edilir;
– süni maneələrin yaratdığı tıxaclar logistika gecikmələrinə cəbəb olur.
İki ölkə arasında münasibətlərin gərginləşdiyi dövrlərdə Rusiya bu üsulların miqyasını daha da genişləndirir.

Moskvada Tankvert və Təhməzli arasında keçirilmiş görüş belə dövrlərdən daha birinin arxada qaldığını, Rusiya Azərbaycandan məhsul ixracına yaşıl işıq yandırdığını göstərir.

Ekspertlərin qənaətinə görə, ixrac rosedurlarının sadələşdirilməsi aşağıdakı istiqamətləri əhatə edə bilər:
– fitosanitar və baytarlıq sertifikatlarının daha sürətli tanınması;
– sərhəddə və gömrükdə yoxlamaların azaldılması və ya sürətləndirilməsi;
– elektron sertifikat və sənəd dövriyyəsinin genişləndirilməsi;
– Rusiyanın bəzi məhsullar üzrə tətbiq etdiyi müvəqqəti məhdudiyyətlərin yumşaldılması;
– yük maşınlarının sərhəddə gözləmə müddətinin azaldılması;
– “Rosselxoznadzor”un Azərbaycan istehsalçıları üçün akkreditasiya və icazə prosedurlarını asanlaşdırması;
– tez xarab olan məhsulların (pomidor, meyvə, göyərti və s.) sərhəddən sürətlə keçirilməsi üçün “yaşıl dəhliz” mexanizmləri;
– laborator analiz və yoxlama tələblərinin qarşılıqlı tanınması.

Keşməkeşli keçmiş

Azərbaycandan Rusiyaya məhsul ixracı xüsusilə 2014-cü ildən sonra sürətlə artmağa başlayıb. Bunun əsas səbəbi Rusiyanın Qərb ölkələrinə qarşı ərzaq embarqosu tətbiq etməsi, Türkiyəylə münasibətlərdəki böhran dövründə alternativ tədarükçülərə ehtiyac yaranması və Azərbaycanın coğrafi yaxınlığı və logistika üstünlüyü idi. Bu dövrdə  pomidor, xurma, alma, fındıq və göyərti kimi məhsulların ixracı üzrə Rusiya əsas istiqamətə çevrildi.

Amma “Rosselxoznadzor” Azərbaycan məhsullarına qarşı zaman-zaman fitosanitar iddialar irəli sürməyə, zərərvericilər və sertifikat uyğunsuzluğu, “aşkar etməyə”, ixraca müvəqqəti qadağalar qoymağa davam etdi.

Müxtəlif illərdə alma və meyvə partiyaları geri qaytarıldı, yük maşınları günlərlə sərhəddə saxlanıldı, bəzi hallarda laborator yoxlamalar qəflətən sərtləşdirildi.

Ən sərt qadağalardan biri 2020-ci ilin dekabrın 10-da – “Rosselxoznadzor”un Azərbaycandan pomidor və alma idxalını durdurmasıyla tətbiq edildi. Qurumun açıqlamasında bildirilirdi ki, pomidorda “Cənubi Amerika pomidor güvəsi”, almada isə digər zərərvericilər aşkarlanıb.

Onda Rusiya tərəfi vurğulamışdı ki, pozuntular “sistematik xarakter daşıyır”, buna görə idxal müvəqqəti dayandırılır.
Bu qadağa xüsusilə pomidor ixracı üçün ağır zərbə idi. Çünki həmin dövrdə Azərbaycanın Rusiyaya qeyri-neft ixracında əsas məhsullardan biri məhz pomidor idi, maliyyə dəyəri illik həcmi yüz milyonlarla dollarla ölçülürdü, minlərlə fermer və istixana kompleksi bu bazardan asılı idi.

Bir çox rayonlarda istixana təsərrüfatları məhz Rusiya bazarı üçün qurulmuşdu, məhsul standartları və logistika marşrutları həmin bazara uyğunlaşmışdı.
“Rosselxoznadzor”un qərarından sonra qiymətlər düşdü, məhsulun bir hissəsi daxili bazarda qaldı, logistika zəncirlərində problem yarandı.

Amma bu vəziyyət uzun sürmədi.
Bir neçə həftə ərzində ayrı-ayrı Azərbaycan şirkətlərinə yenidən ixrac icazəsi verilməyə başladı, “etibarlı istehsalçılar” siyahısı formalaşdırıldı, mərhələli şəkildə bəzi müəssisələr bazara qaytarıldı.

Məlum oldu ki, qadağanın səbəbi bioloji təhlükəsizlik deyilmiş.
Qeyd edək ki, qərar Qarabağ müharibəsindən az sonra verilmişdi – bu, Azərbaycan-Türkiyə yaxınlaşmasının gücləndiyi dövr idi, regionda yeni geosiyasi balans formalaşırdı.
Ona görə də müstəqil ekspertlər “Rosselxoznadzor”un qərarını həm siyasi siqnal, həm də iqtisadi təzyiq aləti kimi qiymətləndirmişdilər.

Bitməyən asılılıq

Əlbəttə, keyfiyyətlə bağlı iradların bəzilər zaman-zaman həm də texniki xarakter daşıyıb, amma bir çox hallarda Rusiya sanitariya şərtlərindən və fitosanitar mexanizmlərdən siyasi təsir vasitəsi kimi istifadə edir.

Çünki Azərbaycanın aqrar məhsul ixracı yüksək dərəcədə bu ölkədən asılıdır.
Son rəqəmlər (2025) göstərir ki, ölkənin meyvə-tərəvəz ixracında Rusiya bazarı hələ də dominant mövqedədir. Azərbaycanın ümumi meyvə-tərəvəz ixracının təxminən 70–80 faizi Rusiyanın payına düşür, pomidor ixracında isə bu göstərici bəzi illərdə 90 faizdən yuxarı olub; xurma, alma və göyərti məhsullarında da Rusiya əsas bazar olaraq qalır.

Keçən il Rusiyaya kənd təsərrüfatı və ərzaq məhsulları ixracı yenidən yüksəlib, xüsusilə də pomidor və meyvə ixracında artım qeydə alınıb.
Azərbaycan Dövlət Gömrük Komitəsinin hesabatlarıyla Rusiya statistikasının müqayisəli analizi göstərir ki, Azərbaycanın qeyri-neft ixracında bu ölkənin payı təxminən 30 faiz olsa da, kənd təsərrüfatı məhsullarında bu asılılıq daha yüksəkdir.

“Rosselxoznadzor”un qərarları həm də buna görə Azərbaycan fermerləri üçün ciddi risk faktoru hesab olunur.

Diversifikasiyaya mane olan səbəblər

Azərbaycan hökuməti bu asılılığa niyə son qoymur? Aqrar məhsullarının ixracını şaxələndirməyə – ixrac bazarlarını diversifikasiya etməyə, ixracın coğrafiyasını genişləndirməyə nə mane olur?

Ekspertlər bir neçə səbəbə diqqət çəkirlər.

Əvvəla, Rusiya bazarının logistika baxımından çox rahat olduğunu vurğulayırlar – məhsullar bu ölkəyə quru yolla, sürətlə, aşağı məbləğli logistika xərciylə çatdırılır.
Bu, tez xarab olan məhsullar üçün vacib üstünlükdür.

İkincisi, Avropa bazarıyla müqayisədə Rusiya bazarının standartları daha yumşaq, giriş baryerləri daha aşağı, mühit daha tanışdır. Bu ölkədə böyük azərbaycanlı diasporu, formalaşmış ticarət şəbəkələri, uzun illər ərzində formalaşmış distribusiya infrastrukturu var. Bu, xüsusilə orta və kiçik fermerlər üçün vacibdir, çünki itkilərlə bağlı riskləri azaldır.

Üçüncüsü, alternativ bazarlara çıxış zəif inkişaf edib. Avropa İttifaqı bazarına genişmiqyaslı çıxış üçün daha sərt sertifikatlar, daha üstün keyfiyyət və qablaşdırma standartları, izlənmə sistemi, laborator infrastruktur lazımdır.
Azərbaycan son illər bu istiqamətdə müəyyən addımlar atsa da, kənd təsərrüfatı sektorunun böyük hissəsi hələ bu transformasiyanı keçməyib.
Yaxın Şərq bazarlarına çıxış isə daha uzaq logistika, yüksək rəqabət, qeyri-sabit tələbat deməkdir.

Siyasi konyunktur amili

Azərbaycan–Rusiya münasibətlərində aqrar ticarət çox vaxt siyasi münasibətlərin indikatoru, yumşaq təsir aləti, qarşılıqlı asılılıq mexanizmi kimi işləyir.
Amma Moskva üçün Azərbaycan bazarı həyati əhəmiyyət daşımır, Azərbaycan ixracatçısının Rusiya bazarından asılılığı isə real təsir vasitəsidir.

Buna görə də “Rosselxoznadzor”un qərarları bir çox hallarda siyasi siqnal kimi də şərh olunur və uzunmüddətli perspektivdə Azərbaycan üçün yüksək konsentrasiyalı risk kimi qiymətləndirilir.

“Politfm”