
Tehran, foto:Məcid Əsgəripur/WANA (“Reuters” vasitəsilə)
ABŞ və İran müharibəni dayandırmaq üçün məhdud çərçivəli müvəqqəti razılaşmaya doğru irəliləyirlər. Çərçivə sazişi layihəsi hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutur, amma ən mübahisəli məsələlər layihəyə daxil edilməyib.
“Reuters” agentliyi bu gün – mayın 7-də rəsmi şəxslərə və məlumatlı mənbələrə istinadən belə yazıb.
Təklif olunan plan hərtərəfli sülh sazişindən daha çox qısamüddətli memorandum xarakteri daşıyır. Bu isə tərəflər arasında dərin fikir ayrılıqlarının qaldığını və sənədin yalnız aralıq addım olduğunu göstərir.
Hətta qismən razılaşmanın da Hörmüz boğazında gəmiçiliyin bərpasına yol aça biləcəyinə dair gözləntilər artıq bazarlara təsir edib: bu gün qlobal fond bazarları rekord maksimumlara yaxınlaşıb, neft qiymətləri isə tədarükdə fasilələrin azalacağı ehtimalları fonunda kəskin ucuzlaşıb.
Tehran və Vaşinqton genişmiqyaslı nizamlanmayla bağlı ambisiyalarını azaldıblar, çünki fikir ayrılıqları qalmaqdadır – xüsusilə də İranın nüvə proqramı ətrafında. Söhbət yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının taleyindən və Tehranın nüvə fəaliyyətini hansı müddətə dayandırmağa hazır olmasından gedir.
Həm mənbələr, həm də rəsmilər bildirirlər ki, tərəflər hazırda münaqişənin yenidən alovlanmasının qarşısını almağa və boğazda gəmiçiliyi sabitləşdirməyə yönəlmiş müvəqqəti razılaşma üzərində işləyirlər.
ABŞ Prezidenti Donald Tramp nikbindir. O, fevralın 28-də İsrailin İrana zərbələriylə başlamış müharibənin gedişi boyu da dəfələrlə barışıq perspektivinin rela olduğunu deyib.
“Onlar razılaşma əldə etmək istəyirlər… Bu tamamilə mümkündür” – Tramp dünən Ağ Evdə jurnalistlərə deyib və daha sonra əlavə edib ki, “Hər şey tezliklə başa çatacaq”.
Saziş təklifi aprelin 7-də elan edilmiş atəşkəs nəticəsində dayandırılan münaqişəyə son qoymalıdır. Amma mənbələr bildirirlər ki, sənəd İranın öz nüvə proqramını dayandırmasına və Hörmüz boğazını yenidən açmasına dair ABŞ-nin əsas tələblərini həll olunmamış saxlayır.
Livanda İranın dəstəklədiyi “Hizbullah” qruplaşmasına qarşı mübarizə aparan İsrail cümə axşamı bildirib ki, qurumun komandiri bir gün əvvəl Beyruta endirilən hava zərbəsi nəticəsində öldürülüb. Bu, ötən ay əldə edilmiş atəşkəs razılaşmasından sonra İsrailin Livan paytaxtına ilk hücumu olub.
“Hizbullah” İrana dəstək məqsədilə martın 2-də İsrail ərazisinə zərbələr endirmiş və beləliklə də münaqişəni təkrar alovlandırmışdı. Danışıqlarda İranın əsas tələblərindən biri də İsrailin Livana zərbələri dayandırmasıdır.
İran rəsmiləri ABŞ-nin müharibəni daha geniş miqyasda dayandırmaq təklifinə şübhəylə yanaşıblar. Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, Tehran bu təklifə vaxtı çatanda cavab verəcək. Deputat İbrahim Rezai isə təklifi “Amerikanın arzuları siyahısı” adlandırıb.
İran parlamentinin sədri Məhəmməd Bager Qalibaf isə tərəflərin razılaşmaya yaxın olması barədə xəbərlərə istehzayla yanaşıb. O, sosial şəbəkədə “Mənə inan, qardaş” əməliyyatının iflasa uğradığını yazıb, qeyd edib ki, danışıqlar boğazı yenidən aça bilməyən ABŞ-nin vəziyyəti öz xeyrinə təqdim etmək cəhdidir.
Mayın 5-də Tramp danışıqlarda irəliləyiş olduğunu bildirərək iki gün əvvəl başladılmış və Hörmüz boğazın yenidən açılmasına yönəlmiş hərbi-dəniz missiyasını dayandırıb.
NBC News telekanalı iki anonim ABŞ rəsmisinə istinadən xəbər verib ki, Tramp bu qərarı Səudiyyə Ərəbistanı Amerika ordusunun ölkədəki hərbi bazadan istifadəsinə verdiyi icazəni dayandırdığı üçün qəbul etməli olub.
“Politfm”


