Appalaç dağları, ABŞ (foto: “oilprice.com”)
ABŞ Geologiya Xidməti (USGS) Meyn, Şimali Karolina və Cənubi Karolina ştatlarını əhatə edən Appalaç bölgəsində hasilatı iqtisadi baxımdan mümkün olan 2,3 milyon metrik ton litium ehtiyatı aşkar edib (“oilprice.com”).
Bu ehtiyatlar ötənilki litium idxalının 328 illik həcminə bərabərdir və 130 milyon elektromobili enerjiylə təmin etməyə yetər.
“Bu araşdırma göstərir ki, Appalaç dağlarında ölkənin artan ehtiyaclarını ödəməyə kömək edəcək qədər litium var. Bu, qlobal litium tələbatının sürətlə artdığı bir dövrdə ABŞ-nin mineral təhlükəsizliyinə böyük töhfədir. Otuz il əvvəl ABŞ litium istehsalında dünyada dominant idi. Bu tədqiqat göstərir ki, mineral müstəqilliyimizi geri qazanmaq üçün nəhəng potensialımız var” – USGS-in direktoru Ned Mamula belə deyib.
Hazırda litiumun ən böyük istehsalçısı Avstraliyadır, ikinci yerdə isə Çindir. Amma litium-ion batareyalarının istehsalı üçün dünya üzrə litium emalı gücünün təxminən 60%-nə sahibdir.
Litium-ion (Li-ion) batareyaları yüksək enerji sıxlığına (250–350 Vt·saat/kq), aşağı dərəcədə öz-özünə boşalma səviyyəsinə və uzun xidmət müddətinə görə smartfonlarda, noutbuklarda və elektrik avtomobillərində istifadə olunan ən populyar təkrar doldurulan cərəyan mənbələridir.
Litium-ion batareyalarından smartfonlarda, kameralarda, saatlarda və kompüterlərdə, o cümlədən bərpa olunan enerjinin saxlanması və sənaye enerji tətbiqlərində geniş şəkildə istifadə edilir.
USGS 2024-cü ildəki araşdırmalar zamanı aşkar etmişdi ki, Arkanzas ştatının cənub-qərbindəki Smakover geoloji layının duzlu su hövzələrində 5–19 milyon metrik ton litium ehtiyatı mövcuddur. Amma qurum bu ehtiyatların hamsı hissəsinin iqtisadi baxımdan hasil oluna biləcəyini müəyyən etməyib.
“Politfm”



