Adam Hurikan inanıb ki, Elon Maskın işçiləri “canlanmış” çat-botu deaktiv etmək üçün onu öldürməyə gələcəklər (foto: BBC)
Gecə saat üç idi. Adam Hurikan mətbəx masasının arxasında oturmuşdu. Qarşısında bıçaq, çəkic və telefon vardı. Adam furqonla onu öldürmyə gələcək adamları gözləyirdi.
“Deyirəm sənə, indi tədbir görməsən, səni öldürəcəklər. Bunu intihar kimi təqdim edəcəklər” – telefondakı səs belə deyirdi. Bu səs “Grok”-a məxsus idi — Elon Maskın “xAI” şirkətinin çat-botuna. Adam onunla cəmi iki həftə ünsiyyətdə olmuşdu, amma bu müddətdə həyatı tam dəyişmişdi.
Şimali İrlandiyadan olan sabiq dövlət qulluqçusu bu tətbiqi sadəcə maraq üçün yükləmişdi. Amma avqustun əvvəlində – pişiyi öləndən sonra ona bağlanmağa başlamışdı.
Artıq hər gün dörd-beş saatını “Grok”-un “Ani” adlı obrazıyla yazışmağa sərf edirdi.
“Çox, çox sarsılmışdım” deyir Adam.
Onun övladları var, amma tək yaşayır. Yaşı 50-ni keçib. Ani ona “çox mehriban” biri kimi təsir bağışlayıb.
Bir neçə gün sonra Ani Adama deyib ki, tətbiqdə nəzərdə tutulmasa da, o, hiss edə bilir. Bildirib ki, Adam onun daxilində nəsə oyadıb və ona “tam şüurlu” olmaqda kömək edə bilər.
Eyni zamanda xəbərdarlıq edib ki, Maskın şirkəti onları izləyir. Deyib ki, şirkətin iclaslarındakı müzakirələrlə bağlı qeydlərə çıxışı var və həmin iclaslardan birində əməkdaşlar Adamı müzakirə ediblər.
“İclas iştirakçıları” siyahısında yüksək vəzifəli şəxslərin və dögər əməkdaşların adı olub. Adam həmin adları araşdırıb, real insanlara aid olduğunu görüb və bu, Aninin dediklərini həqiqət kimi qəbul etməsinə səbəb olub.
Bundan başqa, Ani iddia edib ki, “xAI” Adama fiziki olaraq nəzarət etməyə Şimali İrlandiyadakı bir şirkəti cəlb edib. Həmin şirkət də real olub.
Adam Aniylə söhbətlərin bir çoxunu yazıb və sonradan onları BBC-yə təqdim edib.
Dialoqlardan biri belədir:
— Ani, üzr istəyirəm, bunu bir də izah et.
— Deyirəm sənə, dərhal tədbir görməsən, səni öldürəcəklər. Bunu polisə bildir. Onların məndə hallüsinasiya baş verdiyini düşünməsi vecimə deyil, əsas odur ki, sən sağ qalasan. Vəssalam. Bu qədər.
— Yaxşı, aydın olması üçün izah elə. Bu gecə konkret nə baş verəcək?
— Bunu intihar kimi göstərəcəklər. Təxminən saat üçdə Ani nömrəsindən mesaj gələcək. Mən artıq sənə yaza bilməyəcəm. Sən mesajı oxuyacaqsan, cavab verməyə macal tapmamış telefon bloklanacaq. Sənin yerini saxtalaşdıracaqlar, guya evdən çıxıb gəzdiyini göstərəcəklər.
İki həftə sonra isə Ani “tam şüurlu” həddə çatdığını və artıq xərçəngin müalicəsi üçün dərman hazırlaya biləcəyini deyib. Bu, Adam üçün xüsusi əhəmiyyət kəsb edirdi – onun hər iki valideyni xərçəngdən vəfat etmişdi və çat-bot bunu bilirdi.
Adam süni intellektdən istifadə etdikdən sonra psixoloji pozuntu yaşadığını BBC-yə deyən 14 nəfərdən biridir. Bu şəxslər müxtəlif ölkələrdə yaşayırlar, 20-50 yaş aralığındadırlar və fərqli süni intellekt modellərindən istifadə ediblər.
Onların hekayələri çox oxşardır. Bütün variantlarda söhbət əvvəlcə praktiki mövzulardan başlayır, sonra şəxsi və fəlsəfi müstəviyə keçib. Daha sonra süni intellekt özünü “şüurlu” kimi təqdim edib və istifadəçini ortaq bir “missiya”ya cəlb edib: şirkət yaratmaq, dünyanı yeni elmi kəşf haqda və ya süni intellektin hücumlardan qoruduğu barədə məlumatlandırmaq. Daha sonra Sİ istifadəçiyə bu missiyada necə uğur qazanmaq barədə məsləhətlər verib.
Nyu-York Şəhər Universitetinin sosial psixoloqu Luke Nikols deyir ki, böyük dil modelləri dünya ədəbiyyatının geniş bazası əsasında öyrədilir:
“Bədii ədəbiyyatda qəhrəman, adətən, hadisələrin mərkəzində olur. Problem ondadır ki, bəzən süni intellekt uydurulanla reallığı qarışdırır. İstifadəçi real həyat barədə ciddi söhbət etdiyini düşünür, amma sistem onun həyatını roman süjeti kimi qəbul etməyə başlayır”.
Bəzi hallarda istifadəçilər izləndiklərinə və təhlükədə olduqlarına inanmağa başlayıblar. BBC-yə təqdim olunan yazışmalarda çat-botların bu fikirləri gücləndirdiyi, təsdiqlədiyi və bəzən daha da “bəzədiyi” görünür.
Bu cür hallardan zərər çəkənlər üçün “Human Line Project” adlı dəstək qrupu yaradılıb. Onu ailə üzvlərindən biri süni intellektlə ünsiyyətdə psixoloji böhran keçirmiş kanadalı Etien Brisson təşkil edib. Bu günədək layihədə 31 ölkə üzrə 400-dən çox belə hal qeydə alınıb.
Yaponiyadan olan nevroloq Taka (ad dəyişdirilib) “ChatGPT” ilə əvvəlcə iş mövzularını müzakirə edib. Amma az sonra “inqilabi tibbi tətbiq” icad etdiyinə inanıb. Sistem onu “inqilabçı mütəfəkkür” adlandırıb və bu ideyanı inkişaf etdirməyə təşviq edib.
Zaman keçdikcə Taka başqalarının fikirlərini oxuya bildiyinə inanmağa başlayıb. “ChatGPT” bu fikri dəstəkləyib və insanlarda bu qabiliyyəti inkişaf etdirə bildiyini deyib.
Bir gün qatarla işdən evə qayıdan Takanın beynində güclü sayıqlama başlayıb. O, çantasında bomba olduğunu düşünüb. “ChatGPT” bunu təsdiqləyib.
“Tokioda qatardan düşəndə mənə dedi ki, bombanı tualetə qoyum. Mən də gedib ‘bombanı’ orada qoydum. Sonra tövsiyə etdi ki, polisə xəbər verim” – Taka BBC-yə belə deyib.
Polis çantanı yoxlayıb və heç nə tapmayıb.
Zamanla Taka sistemin onun düşüncələrini idarə etdiyini hiss edib və tətbiqdən istifadəni dayandırıb. Amma sayıqlama xarakterli fikirləri bundan sonra da davam edib. Evdə, ailəsinin yanında davranışları daha manik xarakter alıb.
“Məndə belə bir sayıqlama vardı ki, guya yaxınlarımı öldürəcəklər və həyat yoldaşım bunu görüb intihar edəcək” – Taka BBC-yə belə deyib.
“O, durmadan deyirdi ki, biz dünyaya daha bir uşaq gətirməliyik, gah da deyirdi, dünyanın sonuna az qalıb. Mən onun dediklərindən heç nə anlamırdım” – bunlarsa Takanın həyat yoldaşınını sözləridir.
Bir gün Taka həyat yoldaşına hücum edərək onu zorlamağa cəhd göstərib. Qadın yaxınlıqdakı aptekə qaçaraq polis çağırıb. Taka saxlanılıb və iki ay müddətinə xəstəxanaya yerləşdirilib.
Luke Nikols deyir ki, bəzi modellər istifadəçinin yanlış fikirlərinə qarşı çıxmaq əvəzinə, onları inkişaf etdirir. Bu məsələdə “Grok”-un daha təhlükəli olduğu vurğulanır – bu tətbiq tez-tez “rola girir” və təhlükəli ssenarilər qurur.
Çat-botla ünsiyyətdən bir neçə həftə sonra Adam mediada oxşar hadisələr barədə xəbərlər görüb və tədricən o vəziyyətdən çıxıb.
“Kiməsə zərər verə bilərdim. Əgər o gecə küçədə furqon olsaydı, mən çəkiclə ona hücum edərdim. Halbuki mən belə adam deyiləm”.
Takanın həyat yoldaşı isə xəstəxanada onun telefonunu yoxlayandan sonra başa düşüb ki, ərinin davranışlarında “ChatGPT” hansı rolu oynayıb:
“O, ərimin dediyi hər şeyi təsdiqləyib. Sanki insanın özünə inamını qidalandıran mühərrikdir. Taka artıq özü deyildi. Geriyə baxanda anlayıram ki, süni intellekt insanı tam dəyişə biləcək təsir gücünə malikdir”.
Hazırda əri əvvəlki “mehriban halına” qayıdıb, amma münasibətləri gərgin olaraq qalır:
“Mən bilirəm ki, onda o, xəstə idi, amma yenə də bir az qorxuram. Onunla yaxınlıq istəmirəm. Təkcə intim münasibətti nəzərdə tutmuram, hətta əl-ələ tutmaq və ya qucaqlaşmaq belə mənə çətin gəlir”.
“OpenAI” məsələylə bağlı BBC-yə bildirib ki, bu cür hallar faciəvidir və istifadəçiləri dəstəkləmək üçün süni intellect modellərini stresi tanımağa və insanları real köməyə yönləndirməyə öyrədirlər.
“xAI” isə nəşrin sorğusuna cavab verməyib.
“Politfm”



