Foto: BBC
Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib ki, ölkəsinin Ukraynaya 90 milyard avroluq kredit proqramına qoşulması həm Aİ ilə münasibətlər baxımından “çox faydalı” olacaq, həm də Britaniyada yeni iş yerlərinin yaranmasına səbəb olacaq.
Baş nazir bu məsələni Avropa Siyasi Birliyinin bu gün – mayın 4-də Ermənistanda keçirilən sammiti çərçivəsində Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə müzakirə edib.
O, sammitə dəvət olunmuş 48 dövlət və hökumət başçısından biridir.
Starmer və Lyayenin birgə bəyanatda qeyd edilir ki, Britaniyanın bu təşəbbüsə qoşulması “Böyük Britaniya və Aİ-nin müdafiə sənayesi üzrə əməkdaşlığında böyük irəliləyiş” olacaq.
Starmer sammit başlamazdan əzzəl verdiyi açıqlamada danışıqların məqsədinin Ukraynanın müdafiəsini gücləndirməklə yanaşı, Britaniya şirkətlərinə gələcək müqavilələrə çıxış imkanı yaratmaq olduğunu vurğulayıb.
Aİ liderləri ötən ay Macarıstanın vetosunu aradan qaldırdıqdan sonra Ukraynaya növbəti iki il üçün nəzərdə tutulmuş 90 milyard avroluq kredit paketini təsdiqləyiblər. Ukrayna rəsmiləri bu vəsaiti “ölüm-dirim məsələsi” adlandırıblar. Vəsaitin üçdə ikisinin müdafiə sahəsinə, qalan hissəsinin isə digər ehtiyaclara yönəldiləcəyi bildirilib.
“Bu kredit Ukrayna üçün çox vacibdir, çünki münaqişənin beşinci ilində ölkənin ciddi ehtiyac duyduğu maliyyə imkanlarını təmin edəcək. Bu, Böyük Britaniya üçün də faydalıdır, çünki həmin imkanlar ölkədə yeni iş yerlərinin yaranmasına səbəb olacaq. Eyni zamanda bu, Böyük Britaniya–Aİ münasibətləri üçün də çox önəmlidir” – Starmer sammitdə çıxış edərkən belə deyib.
“İndiyədək güvəndiyimiz bəzi ittifaqlar istədiyimiz vəziyyətdə deyil. İttifaqlar daxilində gərginlik lazım olduğundan daha çoxdur” deyə, o əlavə edib.
“Politfm”



