Foto: internet
Son günlərdə Kür çayının səviyyəsinin kəskin yüksəlməsi Aran rayonlarında — Kürdəmir, Zərdab, Sabirabad və Samuxda ciddi narahatlıq yaradıb. Rəsmi açıqlamalarda “hər şey yaxşıdır” mesajı verilsə də, artıq bəzi əraziləri su basması vəziyyətin mürəkkəb olduğunu göstərir. 2010-cu ildə olduğu kimi, insanlar yenə iqtisadi fəlakətlə üz-üzədirlər.
Onda Kür və Araz çaylarının daşması nəticəsində Salyan, Saatlı, Hacıqabul, Şirvan, İmişli və Kürdəmir rayonlarının sahilboyu əraziləri su altında qalmış, 100 min hektardan çox əkin və örüş sahəsi, 20 mindən çox ev su altında qalmış, 300 ev tamamilə dağılmış , onminlərlə insan çadırlara yerləşməli olmuşdu.
Bu rəqəmlər sadəcə keçmişin statistikası deyil. Risklər 16 il sonra da qalmaqdadır.
O zaman da səbəblər eyniydi: Mingəçevir su anbarında suyun idarə olunmasındakı çətinliklər və çay yatağının lillənməsi.
Samuxda artıq 200 hektar taxıl sahəsi su altında qalıb. Zərdabın bəzi kəndlərində suyun səviyyəsi 893 sm-ə çatıb. Bu, fermer üçün bir ilin zəhmətinin, kredit öhdəliyinin və ailə büdcəsinin su altında qalması deməkdir.
Real risk mərhələsi
Son günlərin məlumatları göstərir ki, Mingəçevir su anbarındakı hidroloji vəziyyət getdikcə gərgin xarakter alır. Rəsmi açıqlamalara görə, anbara daxil olan suyun həcmi saniyədə 850 kubmetrdən çoxdur. Kür çayına buraxılan suyun həcmi isə təxminən 400–500 kubmetr/saniyə səviyyəsinə qədər artırılıb. Bu o deməkdir ki, daxil olan suyun həcmi buraxılandan əhəmiyyətli dərəcədə çoxdur və nəticədə su anbarında yığılma prosesi davam edir.
Başqa sözlə, hazırda Mingəçevir su anbarı tam boşaldıcı rejimdə fəaliyyət göstərmir. Buraxılış müəyyən qədər artırılsa da, bu artım daxilolmanı tam kompensasiya etmir. Belə şəraitdə anbarın səviyyəsinin tədricən yüksəlməsi qaçılmaz olur. Bu, yaxın günlərdə əlavə tədbirlər görülməsini zəruri edə bilər.
Mövcud dinamikada hadisələri iki ssenari üzrə inkişaf edə bilər. Birinci halda anbarın təhlükəsiz səviyyədə saxlanılması üçün su buraxılışı daha da artırıla bilər. İkinci halda – buraxılış lazımi səviyyədə artırılmasa, anbarda suyun səviyyəsi kritik həddə yaxınlaşa bilər.
Hər iki ssenari nəticə etibarilə aşağı axın ərazilərində, xüsusilə də Zərdab, Sabirabad və ətraf rayonlarda su səviyyəsinin daha da yüksəlməsi və daşqın riskinin artmasıyla nəticələnə bilər.
Artıq bəzi ərazilərdə – məsələn, Samux rayonunda kənd təsərrüfatı sahələrinin su altında qalması və Zərdabda su səviyyəsinin yüksək həddə çatması prosesin real risk mərhələsinə keçdiyini göstərir. Kür çayı hövzəsində hidroloji gərginlik artıq formalaşıb və sistem xarakteri almaqdadır.
Sonrakı günlərdə vəziyyət Mingəçevir su anbarından buraxılan suyun həcminin necə tənzimlənəcəyindən asılı olacaq. Üstəlik, o da nəzərə alınmalıdır ki, Kürə axıdılan bu su aşağı axın rayonlarında, xüsusilə də Sabirabad və Saatlıda təzyiqi artırır və buraxılışın gecikdirilməsi də təhlükəsiz deyil.
Bu halda anbarda suyun yığılması davam edir və müəyyən bir həddən sonra məcburi şəkildə daha böyük həcmdə su buraxmaq lazım gəlir. Bu, adətən, daha təhlükəli olur, çünki aşağı axın buna əvvəlcədən uyğunlaşa bilmir. Praktik yanaşma tələb edir ki, su mərhələli və proqnozlaşdırılmış şəkildə buraxılsın və aşağı axın rayonları buna uyğunlaşa bilsin.
Eyni zamanda, əlaqədar qurumlar bəndlərin möhkəmləndirilməsi, suyun alternativ kanallara yönləndirilməsi və əhalinin əvvəlcədən xəbərdar edilməsi kimi tədbirləri də unutmamalıdırlar. Doğrudur, 2010-cu ildən sonra bəndbərkitmə işlərinə xeyli vəsait ayrılıb, amma indiki vəziyyət göstərir ki, problem tam həll olunmayıb.
Fermerlərə dəyən ziyan ödənəcəkmi?
Əslində, başqa ciddi problemlər də var. Hökumət həm də bu suala cavab verməlidir – su altında qalmış yüzlərlə hektarın taleyi necə olacaq?
2010-cu ildəki daşqında əhalinin ən böyük dərdlərindən biri kompensasiyaların gecikməsi və bürokratik əngəllər olmuşdu. Onda fermerlər aylarla, bəziləri isə hətta illərlə zərərin ödənilməsini gözləməli olmuşdular.
16 il sonra hökumət fərqli yanaşma nümayiş etdirməli, zəhməti Sabirabaddan Zərdaba qədər su altında qalmış insanların iqtisadi gələcəyini xilas etməlidir.
Bu praktikanın mövcud olduğu ölkələr çoxdur.
Məsələn, Türkiyədə fermerlərin kredit ödəmələri dondurulur, növbəti əkin üçün dövlət dəstəyi verilir.
Niderlandda da hökumət fermerləri kompensasiya mexanizmləriylə qoruyur.
ABŞ-də isə federal sığorta sistemi ziyanın böyük hissəsini qısa müddətdə ödəyir – bəzən hətta su sahələrdən çəkilməmiş.
“Politfm”



