Foto:
Milli Məclisdə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Media haqqında” qanunlara dəyişiklik təklifləri müzakirə olunub.
Təkliflər əsasən kiber-mütəşəkkil cinayətkarlıq, saxta məlumatların yayılması və rəqəmsal təhlükəsizlik məsələlərini əhatə edir.
“Media haqqında” Qanuna informasiya təhlükəsizliyi və qanunsuz məzmunun qarşısının alınmasıyla bağlı dəyişikliklər aşağıdakılardır:
– süni intellekt texnologiyaları və xüsusi proqram təminatları vasitəsilə qanunsuz olaraq foto-video-audio materiallar hazırlamaq-yaymaq,
– şəxsin razılığı olmadan onun görüntüsündən-səsindən istifadə etməklə reallığı əks etdirməyən foto-video-audio materiallar hazırlamaq,
– həmin materialları internetdə və ya informasiya-telekommunikasiya şəbəkələrində yaymaq 3-7 min manatadək cərimə, 360-480 saatadək ictimai işlər, 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrumetməylə cəzalandırılacaq.
Bundan başqa, media subyektləri öz resurslarında (şərhlər bölməsi də daxil olmaqla) qanunla qadağan olunmuş məlumatların yerləşdirilməsinə yol verməməlidirlər. Belə hallar baş verərsə, müvafiq icra hakimiyyəti orqanının xəbərdarlığından sonra həmin materialı dərhal silməlidirlər.
Dəyişikliklər “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunu da əhatə edir – media resurslarından (saytlardan) istifadə vasitəsilə fırıldaqçılıq edilməsinə, kompüter sistemlərinə qanunsuz müdaxilə edilməsinə və saxta xəbərlər vasitəsilə ictimai asayişin pozulmasına görə məsuliyyət artırılır.
Qeyri-müəyyən normalar: dezinformasiyanın sərhədlərini kim müəyyənləşdirəcək?
Jurnalistikanın müstəqilliyi baxımından bu dəyişikliklərdə həm risklər, həm də sual doğuran məqamlar var.
Dəyişikliklər kibertəhlükəsizlik və dezinformasiya ilə mübarizə arqumentlərinə əsaslanır, amma müstəqil medianın sərbəst fəaliyyəti üçün vacib olan suala cavab verilmir – dezinformasiyanın sərhədlərini kim müəyyən edəcək?
Qanunun qeyri-müəyyən ifadələrlə zəngin olması tənqidi materialların “ictimai maraqlara zidd” və ya “yalan məlumat” damğasıyla bloklanmasına hüquqi zəmin yarada bilər.
Doğrudur, süni intellekt vasitəsilə hazırlanmış manipulyativ kontent həm fərdi reputasiyaya, həm də ictimai təhlükəsizliyə ciddi təsir göstərmək potensialına malikdir və belə materialların tənzimlənməsi prinsip etibarilə legitim məqsəd daşıyır.
Ancaq məqsəd buna mane olmaqla məhdudlaşa bilməz. Əsas məsələ normanın necə müəyyənləşdirilməsi və necə tətbiq ediləcəyidir.
Təklif edilən dəyişiklikdə “reallığı əks etdirməyən material” kimi ifadələrdən istifadə olunması hüquqi baxımdan geniş interpretasiya imkanları yaradır. Bu cür qeyri-müəyyən anlayışlar praktikada fərqli şəkildə şərh oluna bilər və nəticədə yalnız manipulyativ-saxta məzmun yox; satira, parodiya və ya ictimai maraq doğuran media materialları da risk altına düşə bilər.
Şəxsin görüntüsünün və ya səsinin onun razılığı olmadan istifadənin qadağan edilməsi ümumi hüquq prinsiplərinə uyğundur, amma jurnalistika fəaliyyətində ictimai maraq meyarı nəzərə alınmazsa, bu norma xəbər istehsalını məhdudlaşdıra bilər.
Cəzalar niyə bu qədər sərtdir?
Digər mühüm məqam nəzərdə tutulan cəzaların adekvatlığı məsələsidir.
Yüksək məbləğdə cərimə, ictimai iş və hətta azadlıqdan məhrumetmə cəzaları bu sahədə beynəlxalq praktikayla müqayisədə daha sərtdir. Müasir hüquqi yanaşmalarda informasiya pozuntularına görə cinayət məsuliyyətindən daha çox inzibati və mülki mexanizmlərə üstünlük verilir. Bu baxımdan cəzaların proporsionallığı məsələsi mübahisəlidir.
Beynəlxalq təcrübədə oxşar tendensiya mövcud olsa da, yanaşmalar daha balanslıdır. Avropa İttifaqı çərçivəsində qəbul edilən rəqəmsal tənzimləmələr, o cümlədən süni intellektlə bağlı yeni qaydalar əsas etibarilə şəffaflıq prinsipinə əsaslanır. Quraşdırılmış məzmun tam qadağan edilmir, onun aydın şəkildə etiketlənməsi və istifadəçinin məlumatlandırılması tələb olunur. Platformaların məsuliyyəti artırılır, yanlış məlumatların yayılmasına qarşı sistemli mexanizmlər tətbiq edilir.
ABŞ-də bu məsələyə yanaşma ştatlara görə dəyişir, amma ümumi prinsip oxşardır: əsas diqqət zərərli saxta materialların, xüsusilə də seçki prosesinə müdaxilə və ya şəxsi hüquqların pozulması hallarının qarşısını almağa yönəlib. Bununla yanaşı, ifadə azadlığı hüququna yüksək həssaslıq səbəbindən cinayət məsuliyyəti məhdud tətbiq olunur, daha çox mülki iddialara və kompensasiya mexanizmlərinə üstünlük verilir.
Avropa İnsan Hüquqları Məhkəməsi də ifadə azadlığıyla bağlı qərarlarında vurğulayır ki, bu hüquq yalnız zərərsiz və ya neytral məlumatlara şamil olunmamalıdır; cəmiyyətin bir hissəsini narahat edən, şokedici və ya tənqidi fikirlərə də aid edilməlidir. Ona görə də hər hansı məhdudiyyət “qanunla müəyyən olunmalı”, “legitim məqsəd daşımalı” və ən əsası “zəruri və proporsional” olmalıdır.
Bu baxımdan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Media haqqında” qanunlara təklif olunan dəyişikliklərdə
– daha dəqiq hüquqi terminlərdən istifadə olunmalı,
– ictimai marağa toxunan mövzularla bağlı istisnalar nəzərə alınmalı,
– cəzaların proporsionallığı yenidən qiymətləndirilməlidir.
Əks halda bu cür tənzimləmə yalnız zərərli kontenti deyil, eyni zamanda legitim jurnalistika fəaliyyətini və ifadə azadlığını da məhdudlaşdıra bilər.
Üstəlik, qanunvericiliyin sərtləşməsi media subyektlərində özünüsenzura hissini də gücləndirir. Cərimələrin artırılması və ya yayımın dayandırılması qorxusu jurnalisti həssas mövzulardan qaçmağa məcbur edir. Bu isə cəmiyyətin alternativ məlumat almaq hüququnu zədələyir.
Müstəqil ekspertlər qeyd edirlər ki, bu cür dəyişikliklər Avropa İnsan Hüquqları Konvensiyasının ifadə azadlığıyla bağlı 10-cu maddəsinə ziddir.
Qanun layihələri və mövcud qanunlara dəyişikliklər hazırlanarkən beynəlxalq təşkilatların (məsələn, Venesiya Komissiyasının) rəyləri nəzərə alınmalıdır.
Ekspertlər bildirirlər ki, kökumətin rəqəmsal sahədə və media məkanında xaotik prosesləri nizamlamaq cəhdi tənqid çərçivəsinin daraldılmasıyla nəticələnməməlidir. Çünki media azadlığı təkcə qanunla verilən hüquq deyil, həm də dövlətin bu hüquqdan istifadə üçün yaratdığı maneəsiz mühitdir. Yeni dəyişikliklər mövcud mühiti daha da daraltmağa, informasiya məkanını fərqli və tənqidi səslərdən təmizləməyə xidmət edə bilər.
“Politfm”



