Avropa Komissiyasının qərargahı – “Berlaymont” kompleksi, Brüssel (foto: “iStock”)
Avropa İttifaqı (Aİ) geosiyasi gərginliklərin artdığı bir dövrdə müdafiə qüdrətini ciddi şəkildə gücləndirməyə hazırlaşır. Avropa Komissiyasının yeni büdcə planına əsasən, ittifaqın müdafiə və təhlükəsizlik sahəsinə 131 milyard avro vəsait ayrılması təklif edilib (“Politico Europe”).
Dünən, aprelin 20-də Avropa Parlamentinin Sənaye, Tədqiqat və Enerji Komitəsinin (ITRE) üzvləri Aİ-nin müdafiə və kosmos məsələləri üzrə komissarı Andrius Kubiliusun məruzəsini dinləyiblər. Əsas müzakirə mövzusu müdafiə xərcləri üçün nəzərdə tutulan 131 milyard avroluq vəsaitin hüquqi çərçivəsi olub.
Rekord artım təklifi
Aİ-nin 2028–2034-cü illəri əhatə edən yeni Çoxillik Maliyyə Çərçivəsində (MFF) müdafiə sənayesi və kosmos sahəsi üçün nəzərdə tutulan vəsait 13 milyard avrodan 131 milyard avroya qaldırmaq nəzərdə tutulub. Bu, Avropa İttifaqı tarixində müdafiə sahəsinə ayrılan ən böyük kollektiv büdcə təklifidir.
Avropa Komissiyasının sədri Ursula fon der Leyenin və müdafiə məsələləri üzrə rəsmilərin açıqlamalarına görə, bu artımın səbəbi aşağıdakılardır:
– Avropanın hərbi texnika və sursat baxımından xarici ölkələrdən asılılığını azaltmaq;
– Ukrayna müharibəsindən alınan dərslər – xüsusilə də sursat istehsalı və yüksək texnologiyalı silahların, o cümlədən dronların, hava hücumundan müdafiə sistemlərinin vacibliyi;
– üzv dövlətlərin pərakəndə silah satınalmalarını dayandıraraq birgə idxalı və istehsal təşviq etmək.
Vəsaitin hara xərclənməsi nəzərdə tutulur?
131 milyard avroluq paketin əsas istiqamətləri bunlardır:
1) yeni nəsil silah sistemlərinin tədqiqi və inkişafı;
2) qoşunların və ağır texnikanın Avropa daxilində sürətli hərəkətini təmin etmək üçün infrastrukturun – körpülərin və dəmir yollarının modernləşdirilməsi;
3) peyk sistemlərinin qorunması və kiberhücumlara qarşı müdafiə mexanizmlərinin yaradılması.
Analitiklər bu təklifi Aİ-nin iqtisadi nəhəngdən hərbi gücə doğru irəliləməsi kimi qiymətləndirirlər. Amma təklifin reallaşması üçün üzv dövlətlərin yekdil razılığı tələb olunur. Bəzi ölkələr artan xərcləri inflyasiya təzyiqi kimi görsə də, əksəriyyət təhlükəsizliyin zəruri şərt olması fikriylə razılaşır.
“Politfm”



