Aqil Əli Məhərrəm
Bir vaxtlar Hörmüz boğazı “Şərqin qapısı” və ya “dünyanın üzüyündəki brilyant” hesab olunub. Bu dar dəniz keçidi keçmişdə də qlobal ticarətin əsas mərkəzlərindən biri sayılıb.
Hörmüzün orta əsrlərdəki strateji əhəmiyyəti
XV–XVI əsrlərdə Hörmüz adası və boğazı dünya ticarətinin ən canlı nöqtələrindən biri hesab edilib. Əsas səbəbləri başağıdakılar olub:
Hindistanın ədviyyatı, Çinin ipəyi və körfəzin mirvarisi Avropaya Hörmüzdən keçməklə çatdırılıb. Bu, boğazı böyük tranzit mərkəzinə çevirib.
Adada təbii resurslar az olsa da, ticarət rüsumları sayəsində Hörmüz o dövrün ən zəngin liman şəhərlərindən biri sayılıb.
Boğazın ensiz olması orda hakim olan dövlətə Fars körfəzi ticarətini nəzarətdə saxlamaq imkanı verib.
Portuqaliya hegemonluğu (1507–1622)
1507-ci ildə portuqaliyalı admiral Afonso de Albuquerque (Hind Okeanı donanmasının admiralı, Fars körfəzi və Ərəb dənizi donanmasının komandanı) adaya hücum edərək fars-ərəb mənşəli sülalənin idarə etdiyi Hörmüz krallığını Portuqaliyanın vassal vəziyyətinə salıb. Amma öz zabitlərinin üsyanı və Səfəvi təhlükəsi səbəbindən adanı tərk etməli olub.
Sonrakı illərdə yerli hakimiyyət Portuqaliyayla Səfəvi dövləti arasında balans yaratmağa çalışıb. 1515-ci ildə Albuquerque daha böyük donanmayla geri dönərək müqavimətsiz adaya daxil olub, yerli hakimiyyəti idarəçilikdən tamamilə uzaqlaşdıraraq Hörmüzü rəsmən Portuqaliyanın müstəmləkəsinə çevirib.
Portuqaliyalılar adada “cartaz” adlı sistem qurub körfəzdən keçən bütün gəmilərdən icazə sənədi və böyük məbləğdə vergi tələb ediblər. Sənədi olmayan gəmilər batırılıb və ya müsadirə edilib.
Bu sistem dəniz ticarəti tarixində ilk genişmiqyaslı inhisarçılıqlardan biri hesab olunur.
Hörmüzün geri alınması (1622)
1622-ci ildə Səfəvi dövlətiylə Britaniyanın Şərqi Hind Şirkəti (EIC) arasında hərbi əməkdaşlıq yaranıb – Şah Abbas Portuqaliyanın körfəzdəki ağalığına son qoymaq və ipək ticarətini öz nəzarəti altına almaq, ingilislərsə Portuqaliya inhisarını ləğv edib Hind okeanında mövqelərini gücləndirmək istəyiblər.
Fevral ayında İmamqulu xanın rəhbərlik etdiyi Səfəvi qoşunları qurudan, Britaniya gəmiləri isə dəniz tərəfdən hücuma keçib. Uzunmüddətli mühasirədən sonra portuqaliyalılar təslim olublar, onların bir əsrdən çoxdur ki, davam edən hökmranlığı sona çatıb. Şah Abbas ticarəti canlandırmaq üçün limanı materikə köçürüb və yeni şəhəri Bəndər-Abbas adlandırıb.
XVI əsrdə Osmanlı imperiyası da bir neçə dəfə Hörmüzü ələ keçirməyə cəhd edib, amma hamısı uğursuzluqla nəticələnib. XVII əsrdə isə ölkədaxili problemlər səbəbindən Osmanlının bu bölgədəki proseslərdə iştirakı zəifləyib.
Keçmişdən bu günə
Hörmüz boğazının keçmişiylə bugünü arasında həm kəskin fərqlər, həm də bənzərliklər var.
Keçmişdə əsas ticarət malları ədviyyat və ipək olub. O dövrdə boğazın bağlanması qlobal bazarda qiymətləri artırıb, amma bu, dünya iqtisadiyyatını iflic etməyib. İndi isə qlobal neft daşımalarının təxminən 21-30%-i Hörmüzdən keçir. Boğazın bağlı qalması bütün dünyada enerji böhranına səbəb ola bilər.
Keçmişdə yelkənli gəmilər vasitəsilə ələ keçirilən boğaz indi nəhəng neft tankerlərinin raket və dron hücumları təhlükəsiylə üzləşdiyi döyüş meydanına çevrilib.
Keçmişdə Hörmüz uğrunda Səfəvi dövləti, Portuqaliya və Britaniya rəqabət aparırdılar. İndi isə İran ABŞ və İsraillə müharibə vəziyyətindədir və boğazdan təzyiq aləti kimi istifadə edərək iki aya yaxındır ki, onu bağlı saxlayır.



