Foto: “msn.com”
ABŞ-İsrail-İran müharibəsi başlayandan bəri qlobal bazar 500 milyon bareldən çox xam neft və kondensatdan məhrum olub.
Bu barədə “Reuters” agentliyi “Kpler” analitik şirkətinin məlumatlarına və öz hesablamalarına əsasən yazıb.
Qeyd olunur ki, bu, müasir tarixdə ən böyük enerji təchizatı kəsintilərindən biridir. Agentliyin yazdığına görə, təkcə istehsal olunmamış neftin dəyəri artıq 50 milyard dolları ötüb və bu böhranın təsirləri aylarla, hətta illərlə davam edə bilər.
“Wood Mackenzie”nin baş analitiki İan Movatın qiymətləndirməsinə əsasən, bu həcmdə itki qlobal hava səyahətlərinə tələbatın 10 həftəlik azalmasına, 11 gün ərzində avtomobil səfərlərinin tam dayanmasına və ya dünya iqtisadiyyatının beş gün neftsiz qalmasına bərabərdir.
“Reuters” vurğulayıb ki, itirilən bu həcm ABŞ-də bir aylıq neft tələbatını, yaxud Avropada bir aydan çox istehlakı, beynəlxalq gəmiçilik sektorunun təxminən dörd aylıq fəaliyyətini təmin edə bilərdi.
Agentliyin yazdığına görə, mart ayında Fars körfəzi ölkələrində gündəlik hasilat itkisi təxminən 8 milyon barel olub. Eyni zamanda, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Küveyt, Bəhreyn və Omandan reaktiv yanacaq ixracı fevraldakı 19,6 milyon bareldən mart və aprel aylarında 4,1 milyon barelə qədər geriləyib.
Məqalədə həmçinin qeyd edilir ki, atəşkəs razılaşmasına və Hörmüz boğazının qismən açılmasıyla bağlı siqnallara baxmayaraq Küveyt və İraqdakı böyük neft yataqlarında hasilatın tam bərpası aylarla davam edə bilər. Bəzi obyektlərin əvvəlki rejimə qaytarılması üçünsə beş aya qədər vaxt lazım gələcək.
Dünya Ticarət Təşkilatının proqnozuna görə, böhran aradan qaldırılmasa, qlobal ÜDM-in artımı 0,3% azala bilər.
Bəzi iqtisadçılar hesab edirlər ki, müharibə daha 2 ay davam edərsə, qlobal iqtisadiyyatın builki artım tempi 0.5 -1% azala bilər. Bu, rəqəmsal ifadədə trilyonlarla dollarlıq itki və milyonlarla insanın həyat səviyyəsinin aşağı düşməsi deməkdir.
“Politfm”



