Macarıstanda Orbanın 16 illik iqtidarı başa çatdı. Macar xalqı son müstəqillik tarixinin ən yüksək seçki iştirakçılığını göstərdi və parlamentdəki 199 yerin 138-ni müxalif Peter Maqyarın partiyasına verdi.

 

Bu seçki təkcə Macarıstan üçün taleyüklü hesab edilmirdi. Dünyanın müxtəlif qütblərində Orban və Maqyar arasındakı bu yarışa fərqli motivlərlə, belə demək mümkünsə, azarkeşlik edirdilər.

Macarlar niyə narahat idilər?

Orban hakimiyyətinin xüsusilə son 5 ilində Orban macar xalqının çoxillik mübarizəsinin nəticəsi olan müstəqillik və suverenlik məsələsini kölgə altına alan addımlar atırdı. Millətçi şüarlar altında ölkənin əsas dayağı olan liberal dəyərləri yıpratmaq üçün əlindən gələni edir, rəqiblərə qarşı bütün çirkin vasitələrdən istifadə edirdi. Budapeşt meydanlarında “Ruslar, evinizə dönün!” şüarları əslində siyasi texnologiyanın məhsulundan daha çox ictimai narazılığın və narahatlığın yaratdığı şüar kimi meydana çıxmışdı. Həm də bu baxımdan demək olar ki, sonuncu seçki macarların təkcə Orbana yox, Rusiyaya, neosovetizmə və qlobal siyasi səhnədə davam etməkdə olan çəkişmələrə münasibəti idi.

Aİ niyə narahat idi?

Avropa İttifaqı uzun zamandır Macarıstanın yaratdığı bir tendensiya ilə mübarizə aparırdı. İttifaq daxilində ölkələrin konsensus əldə etməsinin vacibliyi ilə yanaşı, eyni ölkələrin həm Aİ daxilində, həm də kənardakı dövlətlərlə ikitərəfli münasibətləri son dərəcə mürəkkəb vəziyyət yaratmışdı.

Qərb mediasında yayımlanan səs yazısından məlum oldu ki, Macarıstan xarici işlər naziri Rusiya xarici işlər nazirinin işçisi kimi davranır. Ondan tapşırıq alır və Kremlə yaxın iş adamını Aİ-nin sanksiyalarından qorumaq üçün lobbiçilik edir. Orbanla Putinin telefon danışğının stenoqramı isə mənzərəni daha açıq şəkildə ortaya qoydu – bütün dünya bildi ki, Macarıstanın baş naziri Rusiya prezidentinə tələyə düşmüş şir və onu xilas edən siçan haqqında danışıb Putinin “siçanı” olmağa hazır olduğunu deyir. Bu baxımdan Aİ üçün bu seçki təkcə Rusiyanın bir müttəfiqinin sıradan çıxması deyil, həm də Kremlin əsas lobbiçisinin uduzması deməkdir.

Ukrayna üçün nə dəyişdi?

Əlbəttə, Maqyar Ukraynapərəst siyasətçi deyil. Amma o, açıq deyir ki, Rusiyaya sanksiyalar qoyulması və Ukraynaya dəstək verilməsi məsələsində Aİ-nin qərarlarını dəstəkləyəcək. Üstəlik, seçkidən dərhal sonrakı müsahibəsində o, “Putin mənə zəng etsə, ondan qətlləri dayandırmasını xahiş edərdim” deyib. Yəni Maqyar üçün Putinin siyasi portretində tərəqqipərvər dünyanın arzulamadığı bir ştrix yoxdur. Bununla da Orbanın getməsi ilə Ukrayna üçün əsas qapının açıldığını deyə bilərik. Təbii ki, əgər Rusiyanın başqa bir “sürprizi” yoxdursa.

Tramp və Putini birləşdirən nədir?

Rusiyanın, xüsusilə də Putinin Maqyara münasibətinin səbəbi aydındır. Yuxarıda saydıqlarımız bəs edir ki, Kreml Orbanı taxtından salmış bu gəncə, necə deyərlər, salam verməsin. Maqyar Putinin Avropa İttifaqındakı “Troya atı”nın taxta qabırğalarını elə döyüş meydanının ortasındaca tonqala atdı.

Amma ABŞ prezidentinin o şəkildə açıq tərəf tutması hansı zərurətdən irəli gəlirdi, bunu siyasi kontekstdə izah etmək çox çətindir. Çünki kim seçilir-seçilsin, ABŞ ilə əməkdaşlığa maraq göstərəcəkdi, necə ki, Maqyar da bunu ifadə etdi. Görünür, Tramp məsələyə ideoloji nöqteyi-nəzərdən yanaşdı və radikal sağın Avropada hakimiyyətdə olan, ABŞ ilə koordinasiyalı şəkildə siyasət yürüdən yeganə nümayəndəsini qorumaq istədi. Lakin bu müdafiə əks effekt verdi.

Təbii ki, macar xalqı məhz Tramp Orbanı dəstəkləyir deyə Maqyara səs vermədi. Burada daxili siyasi və iqtisadi vəziyyət çox önəmlidir. Amma hətta ABŞ daxilində də Trampdan dəstək alanların xalqdan dəstək ala bilməməsi son ayların açıq reallığıdır.
Beləliklə, Macarıstan seçkiləri göstərdi ki, bütün kənar oyunlara və oyunçulara, hətta ən güclülərin müdaxiləsinə baxmayaraq siyasətin taleyini xalqın münasibəti həll edir.

Siyasiləşmiş cəmiyyət iqtisadiyyatla siyasətin bir-birilə qarşılıqlı əlaqəsini və müstəqilliyin nə demək olduğunu yaxşı bilir. Xalqın bunları bilməsi isə çox şeyi həll edir.

Aİ (Britaniyanı da sonuncu prosesdən kənarda düşünmək olmaz) bir çox kritik çatışmazlıqlarına baxmayaraq bəşəriyyətin qurduğu ən mütərəqqi və işlək koalisiyadır.

Seymur Həzi