Foto: sosial media
Ukrayna parlamenti dərin böhran içindədir. Prezidentyönlü “Xalqın xidmətçisi” fraksiyası formal olaraq mono-çoxluğa malik olsa da, Ali Rada Beynəlxalq Valyuta Fondundan vəsait almağa imkan verəcək vacib qanunları qəbul edə bilmir və deyəsən, etmək də istəmir.
“Bloomberg” xəbər verir ki, Ukrayna 8,1 milyard dollarlıq BVF paketini itirmək riskiylə üz-üzədir, çünki Rada bu krediti almaq üçün lazım olan qanunların qəbulunu ləngidir.
Agentliyin məlumatına görə, BVF Kiyevə son tarix qoyub — bir çoxu qeyri-populyar sayılan qanunlar martın sonuna qədər qəbul edilməlidir. Fonddan gələcək pullar Ukrayna üçün həyati əhəmiyyət kəsb edir, xüsusilə də Avropa İttifaqının 90 milyard avroluq kreditinin Macarıstan tərəfindən bloklanması fonunda. Amma BVF maliyyələşməsiylə bağlı vəziyyət Ukrayna parlamentindəki problemlərin yalnız görünən hissəsidir.
Mono-çoxluq necə dağıldı
2019-cu ilin yayında Volodimir Zelenskinin seçkilərdə sensasion qələbəsindən sonra keçirilən parlament seçkiləri Ukraynanın postsovet tarixində ilk dəfə tək bir partiyanın – prezidentin “Xalqın xidmətçisi” partiyasının təkbaşına çoxluq qazanmasıyla nəticələndi. Onda “Xalqın xidmətçisi” fraksiyasında 254, parlamentdə toplam 450 deputat vardı.
Radanın fəaliyyətinin yeddinci, Rusiyanın hücumunun beşinci ilində fraksiya formal olaraq hələ də 228 nəfərlik çoxluğa malikdir. Amma realda vəziyyət mürəkkəbdir.
Fraksiya rəhbərinin birinci müavini, mühüm qanun layihələri üçün səslərin toplanmasına cavabdeh olan Andrey Motovilovets “Forbes” nəşrinə müsahibəsində bildirib ki, yaxın keçmişdə 180 partiyadaşının səsinə arxalana bilirdi (Qalan səslər digər fraksiyalardan və müstəqil deputatlardan toplanırdı), indi isə fraksiyanın “nüvəsi” cəmi 111 deputatdan ibarətdir.
Buna görə də Radada vacib qərarları qəbul etmək olduqca çətinləşib – bəzən digər fraksiyaların da səsləri kifayət etmir, bəzənsə onlar “mövcud olmayan çoxluğa” kömək etməyə həvəs göstərmirlər.
Son vaxtlara qədər Ukraynada buna ciddi diqqət yetirilmirdi. Böyük müharibənin başlamasıyla ölkə faktiki olaraq superprezident respublikasına çevrilmişdi. Amma hazırda parlamentin BVF-dən maliyyə almaq üçün vacib qanunları qəbul edə bilməməsi mövzunu yenidən gündəmə gətirib.
BBC-nin Ukrayna xidməti bu vəziyyətin səbəblərini göstərib.
“Baş nazir qorxur ki, onu sadəcə parçalayarlar”
Əsas səbəblərdən biri hakimiyyətin müxtəlif mərkəzləri arasındakı anlaşılmazlıqdır.
Hazırkı Baş nazir Yuliya Sviridenkonu Rada bu vəzifəyə təxminən bir il əvvəl təyin edib. Onda deputatlar Baş nazir Denis Şmıqalın niyə dəyişdirildiyini tam anlamamışdılar. Kuluarlarda ən yayılmış fikir o idi ki, Prezident Ofisinin ozamankı rəhbəri Andrey Yermak bu vəzifədə özünə 99%yox, 100% sadiq birini görmək istəyirdi.
O vaxtdan bu yana siyasi elitanın yuxarı eşelonunda dəyişikliklər baş verib, Yermak vəzifəsini itirib, amma Sviridenko hətta prezident fraksiyasıyla da konstruktiv münasibətlər qura bilməyib.
Fraksiyanın nümayəndələrindən biri BBC-yə deyib ki, “O, bizimlə açıq danışıqlara gəlməkdən çəkinir. Qorxur ki, onu sadəcə parçalayarlar. Halbuki bu təcrübəni yaşamaq lazımdır — nüfuzu başqa cür qazanmaq olmur. Amma Yuliyaya qonşu binaya (Prezident Ofisinə) gedib parlamentin “pis” olduğunu demək daha asandır”.
Deputatları xüsusilə Baş nazirin problemli məsələlərə münasibəti qıcıqlandırır: qeyri-populyar qərarlara görə məsuliyyət parlamentin üzərinə düşür, amma “milli keşbek” kimi proqramların uğuru hökumətə yazılır.
BVF ilə razılaşdırılmış qanunların qəbulu da bu çərçivəyə daxildir. Ən çox narazılıq doğuran məsələlərdən biri xaricdən gələn, dəyəri 150 avrodan çox olan bütün bağlamalara rüsum tətbiqi və bəzi fərdi sahibkarların sadələşdirilmiş vergi sistemindən çıxarılmasıdır.
Deputatlar deyirlər ki, bu tədbirləri BVF ilə hökumət razılaşdırıb, amma indi Rada qarşısında fakt qoyulur: müzakirə etmədən səs ver.
“Heç kim başa düşmür ki, bu, necə ola bilər: biz insanlardan hər bağlamaya görə pul alıb “pis adam” olaq, amma Baş nazir və Prezident əhaliyə minliklər paylasınlar… Üstəlik, prezident sonradan həmin qanunları imzalayacaqmı, bu da məlum deyil” – deputatlardan biri belə deyir.
Bu vəziyyət deputatları məyus edir və onlar hökumətin təşəbbüslərinə, xüsusilə də qeyri-populyar qanunlara səs verməkdən imtina edirlər.
Zelenskindən mobilizasiya mesajı?
Prezident Volodimir Zelenski son vaxtlar parlamentlə, hətta öz partiyasının deputatlarıyla da birbaşa təmaslardan uzaqlaşıb. Deputatlar onun bəzi addımlarından narazıdırlar və kommunikasiya çatışmazlığından şikayət edirlər.
Digər tərəfdən, prezident hazırda daha çox ölkənin ali baş komandanı və beynəlxalq təmsilçisi fəaliyyətinə fokuslanıb, buna görə daxili siyasətə vaxtı azdır.
Bununla belə, Zelenskinin son açıqlamalarında deputatların fəaliyyətindən narazı olduğu açıq hiss olunur. “Dövlətə parlamentdə xidmət etmirsənsə, cəbhədə xidmət et” – prezident bir neçə gün bundan əvvəl belə deyib.
Komanda üzvləri sonradan onun sözləri yumşaltmağa çalışsalar da, deputatlar bunu bir növ təhdid kimi qəbul ediblər və münasibətlər daha da gərginləşib.
NABU qalmaqalının əks-sədası
Yayda baş vermiş qalmaqalın təsiri Radada hələ də hiss olunmaqdadır. O zaman deputatlar antikorrupsiya orqanlarının müstəqilliyini məhdudlaşdıran qanuna səs vermişdilər, baxmayaraq ki, bir çoxu onu heç oxumamışdı da.
Bundan dərhal sonra ölkədə etirazlar başlamış, Qərb tərəfdaşları qanunu tənqid etmiş və parlament bir neçə gün sonra geri addım atmağa məcbur olmuşdu. Onda Prezident Ofisi bu təşəbbüslə əlaqəsi olmadığını bildirmiş, bütün məsuliyyət Radanın üzərinə düşmüşdü.
“Xalqın xidmətçisi” fraksiyasının daxili yazışmalarından görünür ki, həmin vaxt deputatlar özlərini “istifadə olunmuş” hiss ediblər. İndi parlamentdən kənarda hazırlanmış qanun layihələri üçün səs toplamaq daha çətindir.
NABU və SAP-ın yüksək vəzifəli şəxslərlə bağlı bir sıra səs-küylü işlər açması, onların arasında deputatların rüşvətlə ələ alınması iddialarının da olması deputatlarda xof yaradıb – şübhəli görünən səsverməyə görə istintaqa cəlb olunmaq ehtimalı onları qorxudur. Buna görə bir çoxu ümumiyyətlə səs verməkdən imtina edir.
“Hazırda deputatları qorxu idarə edir… Bu, səsvermədən çəkinmək üçün “dəmir arqumentə” çevrilib” – Motovilovets belə deyir.
“Xalqın xidmətçisi” fraksiyasının üzvləri NABU ilə münasibətləri yaxşılaşdırmağa, onunla dialoq qurmağa çalışıblar, amma qurum bu təşəbbüsə mənfi reaksiya verib, bildirib ki, onlara təsir etməyə çalışmaq mənasızdır.
Çıxış yolu varmı?
Nəticə göz qabağındadır: Ali Rada faktiki olaraq funksionallığını itirib.
Kuluarlarda deyilir ki, BVF-nin tələb etdiyi qanunlar hələ ən çətinləri deyil. Gələcəkdə müharibənin bitməsiylə bağlı qərarlar da parlamentə həvalə olunsa, onların qəbulu üçün səs çoxluğu toplamaq, demək olar ki, mümkün olmayacaq.
Mətbuatda gedən xəbərlərə görə, onlarla deputat (ən azı 40 nəfər) mandatdan imtina etmək istəyir, lakin parlament rəhbərliyi Radanın fəaliyyətinin tam iflic olacağından ehtiyat edərək bunu əngəlləməyə çalışır.
Ən sadə çıxış yolu yeni seçkilər keçirməkdir, amma müharibə şəraitində bu mümkün deyil.
Alternativ variant kimi Radada böhran yaşandığını, mono-çoxluğun dağıldığını qəbul edib koalisiya yaratmaq təklif olunur. Bu ideyanı Yuliya Timoşenkonun “Batkivşina”sı və Petro Poroşenkonun “Avropa həmrəyliyi” dəstəkləyir. Amma Zelenski buna qarşıdır, “Böhran insanların başındadır” deyir.
Hazırda Rada inersiyayla fəaliyyət göstərir. Bir deputatın sözləriylə desək, o, “sanki çoxdan təmirə getməli olan, amma hələ də yolla irəliləyən və panelində nasazlıqlarla bağlı bir xeyli xəbərdarlıq işığı yanan avtomobil kimidir”.
Bu vəziyyətin nə vaxt və nəylə bitəcəyi isə qəiyyən aydın deyil.
“Politfm”
BBC-nin materialı əsasında



