2025-ci ilin yekunlarına görə, Azərbaycana daxil olan pul vəsaitlərinin həcmində nəzərəçarpan artım müşahidə olunub. İl ərzində fiziki şəxslər tərəfindən Azərbaycana mumilikdə 1,177 milyard dollar vəsait göndərilib. Bu, 2024-cü ildəkindən 8,7% çoxdur.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov 2025-ci ilin yekunlarına dair tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə məlumat verib.
Onun sözlərinə görə, keçən il ölkəyə Rusiyadan 479,3 milyon dollar, Türkiyədən 193,2 milyon dollar, ABŞ-dən 100,7 milyon dollar, Gürcüstandan 43,6 milyon dollar və Böyük Britaniyadan 42,4 milyon dollar həcmində pul köçürülüb.
Rusiyanın dominantlığı
Hesabat dövründə Azərbaycanın pul köçürmələri coğrafiyasında Rusiya yenə də mütləq liderliyini qoruyub saxlayıb. Bu ölkədən göndərilən 479,3 milyon dollarlıq vəsait ümumi köçürmələrin təxminən 40%-dən çoxunu təşkil edir.
Bu, bir neçə amillə izah oluna bilər:
• əmək miqrasiyası – Rusiyada yaşayan azərbaycanlıların və mövsümi işçilərin ailələrinə göndərdiyi vəsaitlər;
• iqtisadi uyğunlaşma – Rusiya iqtisadiyyatına tətbiq edilən sanksiyalara baxmayaraq ticarət əlaqələrinin və alternativ köçürmə sistemlərinin (məsələn, rəqəmsal platformalarının) aktivləşməsi.
Bu iki amil vəsait axınının dayanıqlığını təmin edir.
Coğrafi diversifikasiya
Digər istiqamətlərdən gələn vəsaitlərin həcmi xaricdən köçürmələrin diversifikasiya olunduğunu göstərir.
193,2 milyon dollarla ikinci sırada qərarlaşan Türkiyədən köçürmələr əsasən xırda ticarət və iki ölkə arasındakı sıx inteqrasiyayla əlaqəlidir. Bu ölkədə çalışan azərbaycanlıların sayının artması köçürmələrin stabil böyüməsinə rəvac verir.
ABŞ-dən daxil olan 100,7 milyon dollar da kifayət qədər əhəmiyyətli göstəricidir. Bu, əsasən yüksək ixtisaslı kadrların miqrasiyasının və ABŞ-də fəaliyyət göstərən Azərbaycan əsilli iş adamlarının vətənlə əlaqələrinin iqtisadi ifadəsidir.
Gürcüstandan köçürmələr daha çox transsərhəd ticarət və regional işgüzar əlaqələrlə əlaqəlidir.
Birləşmiş Krallıqdan gələn vəsaitlərsə bu ölkədə çalışan azərbaycanlı neft-qaz və maliyyə-texnologiya mütəxəssislərinin payına düşür.
8,7%-lik artım Azərbaycan ailələrinin xaricdəki gəlirlərinin artdığını və rəqəmsal köçürmə alətlərinin artıq daha əlçatan olduğunu göstərir. Amma Rusiyadan asılılığın yüksək səviyyədə qalması bu ölkədə hər hansı kəskin iqtisadi dalğalanmanın Azərbaycana təsir riskini də gündəmdə saxlayır.
Hökumət üçün əsas hədəf bu vəsaitlərin yalnız istehlaka deyil, həm də kiçik və orta sahibkarlıq investisiyalarına yönəldilməsi üçün stimullaşdırıcı mexanizmlərin yaradılması olmalıdır.
Xaricdən daxil olan vəsait sadəcə sosial yardım yox, həm də maliyyə sabitliyinin mühüm dayaqlarından biridir. Bu vəsaitlər ölkə iqtisadiyyatına, xüsusilə də tədiyyə balansına və manatın məzənnəsinə təsir edir.
Tədiyyə balansına təsir
Pul köçürmələri ölkənin tədiyyə balansının “Cari əməliyyatlar hesabı” bölməsində əks olunur. Bu vəsaitlər ölkəyə xalis valyuta axını deməkdir və aşağıdakı strateji funksiyaları yerinə yetirir:
• xarici ticarət kəsirinin kompensasiyası – Azərbaycanın qeyri-neft sektoru üzrə xarici ticarət balansı, adətən, mənfi olur (idxal ixracı üstələyir). Xaricdən gələn vəsaitlər həmin kəsirin bir hissəsini qapadır və cari hesabın ümumi profisitlə (artıqlıqla) bağlanmasına kömək edir.
• valyuta ehtiyatlarının qorunması – pul köçürmələri sayəsində ölkəyə daxil olan dollar kütləsi daxili tələbatın Mərkəzi Bankın valyuta ehtiyatlarına toxunmadan ödənilməsinə şərait yaradır.
Manatın məzənnəsinə təsir
Azərbaycanda tətbiq olunan sabit məzənnə rejimində (1 USD = 1.70 AZN) pul köçürmələri “təbii tənzimləyici” funksiyasını daşıyır:
• dollar təklifinin artması – xaricdən vəsait alan minlərlə ailə həmin pulları ı daxili bazarda (banklarda və mübadilə məntəqələrində) manata çevirir. Bu, daxili bazarda dollar təklifini artırır. Təklif çox olduqda dolların bahalaşma təzyiqi azalır və manatın sabitliyi daha asan qorunur;
• inflyasiya və istehlak – köçürmələrin 8,7%-lik artımı əhalinin alıcılıq qabiliyyətini yüksəldir. Amma bu vəsaitlərin böyük hissəsi idxal mallarının alınmasına yönəldikdə, daxil olan valyuta yenidən idxal vasitəsilə ölkədən çıxır. Bu “dövriyyə” iqtisadiyyatda pul kütləsinin balansını saxlayır.
Strateji risklər: “Holland xəstəliyi” və asılılıq
Azərbaycan iqtisadiyyatı üçün “likvidlik inyeksiyası” rolunu oynayan xarici pul köçürmələri ölkənin maliyyə ekosistemində həm sosial rifah, həm də valyuta sabitliyi baxımından strateji göstərici hesab olunur. Çünki köçürmələrin həcminin artması müsbət hadisə kimigörünsə də, mahiyyətində bəzi gizli risklər də var.
Rusiyada (və ya digər əsas mənbələrdə) iqtisadi böhran baş verərsə və köçürmələr kəskin azalarsa, daxili bazarda dollar qıtlığı yarana bilər. Bu isə Mərkəzi Bankın bazara müdaxilə etməsini (öz ehtiyatlarından dollar satmasını) zəruri edir.
İqtisadi fəallığın “tənbəlləşməsi”
Xaricdən davamlı və asanlıqla vəsait gəlməsi bəzi regionlarda əhalinin yerli istehsalatda və ya sahibkarlıqda iştirak marağını azalda bilər. Bu, uzunmüddətli dövrdə qeyri-neft sektorunun inkişafına mane olan amildir.
“Politfm”



