Foto: TASS

Çinin Müdafiə Nazirliyin sözçüsü, polkovnik Tszyan Bin (Jiang Bin) martin 1-də jurnalistlər üçün keçirdiyi brifinqdə Yaponiyanın ünvanına sərt sözlər səsləndirib.

“Artıq bir müddətdir ki, Yaponiyadakı sağçı qüvvələr ölkənin “Sülh Konstitusiyası”nın yenidən nəzərdən keçirilməsinə nail olmaqla, remilitarizasiya səylərini sürətləndirirlər” deyən Bin Yaponiyanın döyüş mövqelərinə uzaqmənzilli hücum silahları yerləşdirməsini tənqid edib. O qeyd edib ki, baş verənlər Yaponiyanın “passiv özünümüdafiə” arqumentini tamamilə darmadağın edir.

Nazirliyini sözçüsü Yaponiyanı “yeni tip militarizm”də günahlandırıb, bunu “açıq-aşkar və real təhdid, regional sülhə və təhlükəsizliyə ciddi zərbə” adlandırıb.

“Biz Yaponiyaya rəsmi şəkildə xəbərdarlıq edirik ki, əvvəlki militarizm yolu özünüməhv yoludur” deyən Tszyan Bin bəyan edib ki, “Yaponiya hərbi yolla Çinin suverenliyinə və təhlükəsizliyinə qəsd etməyə cürət etsə, qaçılmaz olaraq sarsıdıcı məğlubiyyətə uğrayacaq və daha mütləq bir süquta düçar olacaq”.

Bu kəskin bəyanatı Pekin və Tokio arasında 2025-ci ilin noyabrında başlamış diplomatik “buz dövrünün” ən kritik nöqtəsi hesab etmək olar.

Pekini qəzəbləndirən əsas səbəb Yaponiyanın öz daxili istehsalı olan, 1000 km-dən çox məsafəyə çata bilən uzaqmənzilli raketlərini bu ayın sonuna qədər döyüş mövqelərinə yerləşdirmək planıdır.

Bu raketlər Tayvan boğazını və Çinin sahilboyu iqtisadi mərkəzlərini birbaşa hədəfə almaq gücündədir.
Çin bu silahların Yaponiyanın müharibədən sonrakı “müdafiə xarakterli” konstitusiyasına zidd olduğunu vurğulayır.

Yaponiyanın 2025-ci ilin sonlarında hakimiyyətə gəlmiş yeni Baş naziri Sanae Takaiçinin yürütdüyü siyasət Çin üçün “qırmızı xətt” hesab olunur.

Takaiçi bəyan edib ki, Çinin Tayvana hər hansı müdaxiləsi Yaponiyanın mövcudluğuna təhlükə yaradır.

Onun “Ekzistensial böhran” doktrinası Yaponiyaya imkan verir ki, hətta özü birbaşa hücuma məruz qalmasa belə, kollektiv özünümüdafiə hüququndan istifadə edərək hərbi əməliyyatlara başlasın.

Çin rəsmiləri isə son çıxışlarında BMT Nizamnaməsinin 53, 77 və 107-ci maddələrinə (ikinci dünya müharibəsindən qalan “düşmən dövlət” bəndlərinə) istinad etməyə başlayıblar.

Hərbi ritorikanı hüquqi müstəviyə keçirməyə çalışan Pekin iddia edir ki, Yaponiya yenidən aqressiv hərbi siyasətə qayıtsa, Çin BMT Təhlükəsizlik Şurasının icazəsi olmadan da ona qarşı “preventiv zərbələr” endirmək hüququna malikdir.

Artıq Yaponiyadan dəniz məhsullarının idxalını tamamilə dayandıran, strateji əhəmiyyətli nadir torpaq elementlərinin bu ölkəyə ixracına ciddi məhdudiyyətlər qoyan Çin Sakit okeanda Yaponiyanın enerji marşrutları boyu nüvə sualtı gəmilər sayını artırıb.

“Politfm”