Foto: Getty Images

ABŞ və İsrail rəsmiləri 28 fevralda İrana hava hücumlarıyla başlamış müharibənin bitmə ehtimalıyla bağlı fərqli fikirdədirlər.
Məsələn, ABŞ Prezidenti Donald Tramp “yaxın zamanda” deyirsə, İsrailin Baş naziri Benyamin Netanyahu İran rəhbərliyinə qarşı hücumlarının “hələ bitmədiyini” bildirir.

Əslində, bu fərqin səbəbi aydındır. Amerikalıların böyük əksəriyyərinin müharibəni dəstəkləməməsi, neftin bahalaşmasının ABŞ-də qiymət artımlarına səbəb olması və xüsusilə də Konqresə bu ilin payızında keçiriləcək aralıq seçkilər Trampı mövqeyini yumşaltmağa məcbur edir.

Quinnipiak Universitetinin bugünlərdə keçirdiyi rəy sorğunun nəticələrinə görə, respondentlərin

– 55%-i hücumlardan əvvəl İranı ABŞ üçün birbaşa təhlükə hesab etməyib;

– 57%-i Trampın İran müharibəsiylə bağlı qərarlarını bəyənmir;

– 62%-i İrana hücumu vacib edən səbəblərin kifayət qədər aydın izah edilmədiyini düşünür;

– 74%-i müharibənin neft və qaz qiymətlərinin artırmasından narahatdır;

– 44%-i ABŞ-nin İsraili “lazım olduğundan çox” dəstək verdiyi qənaətindədir.

“Gallup” konsaltinq şirkətinin sorğu nəticələrinə görəsə, ABŞ-də fələstinlilərə simpatiya duyanların sayı ilk dəfə israilliləri dəstəkləyənlərin sayını keçib.

Müharibə “çox tez bitəcək”?

Tramp iki gün əvvəl Mayamidə, respublikaçı Konqres üzvləriylə görüşdə deyib ki, “müharibə çox tez bitəcək”. O, hücumu zəruri edən səbəbləri sadalayanda “İran ordusunu zəiflətmək istədiyini” də qeyd edib.

İsrailin müdafiə naziri İsrael Katz isə ordu rəsmiləriylə bugünkü görüşündə deyib ki, “Bu əməliyyat bütün hədəflərimizə çatana və savaşın nəticəsi məlum olana qədər, zaman məhdudiyyəti olmadan davam edəcək”.

“ABŞ və İsrailin hədəfləri eyni deyil”

Vaşinqton Yaxın Şərq Araşdırmaları İnstitutunun Baş direktoru Maykl Sinqh (Michael Singh) AFP-yə açıqlamasında deyib ki, “ABŞ və İsrailin hədəfləri oxşardır, amma eyni deyil”.

Sinqhin fikrincə, İsrail HƏNAS-ı dəstəkləyən İranı davamlı olaraq zəiflətmək istəyir. İsrailin bu siyasəti bütün regionda tətbiq etdiyinə diqqət çəkən Sinq qeyd edir ki, vəziyyət rejim dəyişikliyindən sonra Suriyada baş verənləri xatırladır.

“ABŞ uzunmüddətli münaqişəyə daha az meylli ola bilər, xüsusən də digər regionlardakı prioritetlərinə görə. Biz əşyalarımızı toplayıb evə dönə bilərik, amma İsrail bunu edə bilməz” – ata Corc Buşun prezidentliyi dövründə ABŞ hökumətinin Yaxın Şərq üzrə müşaviri olan Sinqh belə deyib.

“İsraili təqlid etmək”

Müharibənin üçüncü günü – martın 2-də ABŞ-nin dövlət katibi Marko Rubio jurnalistlərə açıqlamasında demişdi ki, ABŞ hava hücumlarını İrandan gələn “təxirəsalınmaz təhdid” qarşısında başladıb (“Təxirəsalınmaz təhdid” Konqresin təsdiqi olmadan hərbi güc tətbiq etməyə imkan verən hüquqi normanın tələbidir).

Rubio qeyd etmişdi ki, bu təhdid İsrailin İrana hücum qərarı verməsindən və İranın cavab olaraq ABŞ qüvvələrini vurması ehtimalından qaynaqlanır.

Bu açıqlamadan sonra ABŞ demokratları, o cümlədən bəzi respublikaçılar da Trampı İsraili “kor-koranə təqlid etməkdə” günahlandırıblar.

“Politfm”