“Komandada əhval-ruhiyyə yaxşıdır. Futbolçular artıq klubları yaddan çıxarıblar və fikirlərini milliyə yönəldiblər”.

Bunu Azərbaycan yığmasının kapitanı Maksim Medvedev səfərdə Qazaxıstana qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının I tur oyunundan əvvəl mətbuat konfransında deyib.

33 yaşlı müdafiəçi rəqiblər barədə ətraflı məlumat əldə etdiklərini bildirib: “Yeni turnirə başlayırıq. Rəqibləri analiz etmişik, onların güclü və zəif tərəflərini bilirik. Son iki gündə Qazaxıstanla oyuna hazırlıq prosesi gedir. Bu gün isə sonuncu məşqimiz olacaq. Sabah ən optimal heyətlə mübarizə aparmağa çalışacağıq. İnanıram ki, ilk “11-lik”də meydana çıxacaq oyunçular özlərini ən yaxşı tərəfdən göstərəcək və vuruşacaqlar”.

Medvedev gərgin keçən mövsümün ardından futbolçularda yorğunluğun olmadığını sözlərinə əlavə edib: “Klubdakı son oyunlardan xeyli müddət keçib. İstirahət etmək üçün yetərincə vaxtımız olub. Baş məşqçimiz də bunu nəzərə alaraq oyunçuları yüksək tempdə saxlayıb və son iki gündəki məşq sırf oyuna hazırlıq xarakteri daşıyıb”.

Qeyd edək ki, iyunun 3-də “Astana Arena”da keçiriləcək Qazaxıstan – Azərbaycan matçı Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.