Foto: EPA

İsrail ordusu Tehran yaxınlığındakı gizli “Minzadehey” nüvə kompleksinə zərbə endirib.

Bu barədə ordunun Mətbuat Xidməti məlumat yayıb. Xəbərdə deyilir ki, yeraltı mərkəzdə iranlı alimlər nüvə silahı üçün əsas komponentin hazırlanması üzərində işləyirdilər.
İran uzun illərdir ki, uranı hərbi məqsədlərlə zənginləşdirməkdə ittiham olunur.

Uranın zənginləşdirilməsi nə deməkdir?

Uran kimyəvi elementlərin dövri sisteminin 92-ci pilləsindəki radioaktiv elementdir. Bu elementi alman alimi M.H.Klaprot kəşf edib və ona Uran planetinin adını verib.

Təbiətdə uranın 3 izotopona – u-238, u-235 və u-234 rast gəlmək olur. Az miqdarda uran qranitin, torpağın və suyun da tərkibində var.

Təbii uranın 99 %-dən çoxunu u-238 izotopu təşkil edir. Qəbul edilən minumum zənginləşdirmə dəyəri 20 %-dir ki, bu da nüvə silahı hazırlamaq üçün kifayətdir. Amma nüvə silahlarında 90 %-ə qədər zənginləşdirilmiş urandan istifadə edilir.

Uranın zənginləşdirilməsi kifayət qədər mürəkkəb və yüksək texnologiya tələb edən bir prosesdir. Təbii uranın tərkibində parçalana bilən (enerji verən) U-235 izotopu cəmi 0.7% civarındadır. Nüvə reaktorlarında yanacaq kimi istifadə etmək üçün bu göstərici 3-5%-ə çatdırılmalıdır.

Uran filizi saflaşdırıldıqdan sonra “sarı tort” adlanan bərk maddəyə çevrilir. Amma zənginləşdirmək üçün uranı qaz halına salmaq lazımdır. Nəticədə uran-heksaftorid (UF6) qazı əldə edilir.

Uranın iki əsas izotopu (U-235 və U-238) kimyəvi cəhətdən eyni olsa da, kütlələri bir-birindən fərqlənir – U-238 bir qədər ağırdır. Zənginləşdirmə məhz bu çəki fərqinə əsaslanır.

Mərkəzdənqaçma qüvvəsinin təsirilə U-238 atomları divarlara doğru sıxılır, U-235 atomları isə mərkəzdə toplanır. Bu proses minlərlə sentrifuqun bir-birinə bağlandığı kaskadlar vasitəsilə dəfələrlə təkrarlanır.

Qaz diffuziyası

Bu metodda UF6 qazı çox kiçik məsamələri olan membranlardan keçirilir. U-235 atomları nisbətən yüngül olduqları üçün membrandan daha sürətli keçir. Bu üsul çox yüksək enerji sərfiyyatı tələb edir.

Lazerlə zənginləşdirmə

Daha müasir və hələ də inkişaf etdirilən metoddur. Lazer şüaları vasitəsilə yalnız U-235 atomları ionlaşdırılır və maqnit sahəsiylə digərlərindən ayrılır.

Prosesin sonunda iki məhsul alınır: zənginləşdirilmiş uran və seyrəkləşdirilmiş uran. Zənginləşdirilmiş urandan nüvə yanacağı hazırlamaq üçün istifadə olunur. seyrəkləşdirilmiş uranda isə U-235-in miqdarı az olur və hərbi zirehlərdə istifadə edilir.

Zənginləşdirmə dərəcəsi artdıqca, risklər də artır. Mülki nüvə stansiyaları üçün uranın 5% zənginləşdirilməsi kifayət etdiyi halda, nüvə silahı üçün bu göstərici 90%-dən yuxarı olmalıdır.

Uranı hansı ölkələr zənginləşdirir?

Uranın zənginləşdirilməsi həm mülki nüvə enerjisi, həm də hərbi məqsədlər üçün strateji əhəmiyyət daşıyır. Bu texnologiyaya və sənaye miqyaslı zavodlara sahib olan ölkələrin sayı məhduddur.
Ən böyük zənginləşdirmə gücünə malik ölkə Rusiyadır. Dünyadakı nüvə silahlarının 40%-dən çoxu bu ölkədədir və ixracatda da birincidir.

ABŞ uzun müddət bu sahədə lider olsa da, hazırda daxili tələbatın bir hissəsini xaricdən idxal edir.

Çin sürətlə böyüyən nüvə proqramına malikdir və öz ehtiyacını ödəmək üçün zənginləşdirmə tutumunu davamlı olaraq artırır.

Fransa Avropanın nüvə enerjisinin mərkəzidir. “Orano” şirkəti vasitəsilə həm özü, həm də digər ölkələr üçün yanacaq istehsal edir.

Böyük Britaniya, Almaniya və Niderlandın birgə mülkiyyətində olan “Urenco” şirkəti dünyanın ən böyük zənginləşdirmə mərkəzlərindən biridir. Zavodları hər üç ölkədə və ABŞ-da yerləşir.
İran beynəlxalq müzakirələrin mərkəzində olan geniş zənginləşdirmə proqramına malikdir.

Yaponiya Rokkaşo kəndində yerləşən müəssisə vasitəsilə yanacaq dövriyyəsini təmin edir.

Braziliya uranı sentrifuqayla zənginləşdirən azsaylı ölkələrdəndir.

Hindistan və Pakistan əsasən hərbi və strateji proqramlar çərçivəsində zənginləşdirmə aparır.

Şimali Koreyanın isə beynəlxalq nəzarətdən kənar hərbi məqsədli proqramı mövcuddur.

Uranın zənginləşdirilməsi neçəyə başa gəlir?

Uranın zənginləşdirilməsi həm texniki, həm də maliyyə baxımından dünyanın ən mürəkkəb və bahalı sənaye proseslərindən biri hesab olunur. Orta ölçülü bir zənginləşdirmə müəssisəsinin inşası 3-5 milyard dollara başa gəlir.

Təhlükəsizlik xərcləri

Yüksək səviyyəli təhlükəsizlik sistemləri, radiasiyadan qorunma və kimyəvi emal laboratoriyaları maliyyə məsrəflərini artırır.

Sənaye xərcləri

Ayırma İş Vahidi ilə (SWU) ölçülür. Bu, müəyyən miqdarda uranı zənginləşdirmək üçün lazım olan səy və resurs həcmidir.

1 SWU-nun qiyməti qlobal tələbdən asılı olaraq 100 – 160 dollar civarında dəyişir. Standart bir nüvə reaktoru üçün illik yanacaq təminatı təxminən 100,000 – 120,000 SWU tələb edir ki, bu da yalnız zənginləşdirmə xidməti üçün illik 15-20 milyon dollar deməkdir.

Zənginləşdirmənin dərəcəsindən, texnologiyaların tətbiqindən, təhlükəsizlik və nəzarət mexanizmlərindən asılı olaraq maliyyə xərci arta bilir.

Uranın zənginləşdirilməsi yalnız pul məsələsi deyil; bu proses beynəlxalq hüquqla və Nüvə Silahlarının Yayılmaması Müqaviləsiylə (NPT) ciddi şəkildə tənzimlənir. Müvafiq lisenziyalar və beynəlxalq icazələr olmadan bu fəaliyyət siyasi baxımdan da böyük risklər yarada bilər.

Mütəxəssislər bildirirlər ki, İran zənginləşdirmə limitini keçib – mülki məqsədlər üçün lazım olan 3.67%-lik həddi aşaraq 60%-lik səviyyəyə çatıb. Bu, İranın nüvə silahı hazırlayacağını sübut edən fakt kimi qiymətləndirilir.

ABŞ və İsrail 28 fevralda İrana qarşı başlatdıqları hərbi əməliyyatın əsas səbəbinin buna imkan verməmək olduğunu bəyan ediblər.

“Politfm”