Фото: Məcid Asqaripur /WANA (West Asia News Agency)

İranın ali dini rəhbəri Əli Xamenei İsrail və ABŞ-nin İrana hücumunun elə ilk günü öldürüldü.
O, yalnız İranın ali baş komandanı və dövlətin faktiki rəhbəri deyildi. Xamenei İrandan kənardakı bəzi şiə icmalarının da bayraqdarı idi.

Mən müharibənin ilk günündə öldürülən başqa Ali Baş Komandan tanımıram.

Tərəfdarları hər nə qədər Xameneinin ölümünü uca şəhadət mərtəbəsi kimi qiymətləndirsələr də, bu qətlin mümkün olması dövlətin zəifliyini göstərən faktdır. Doğrudur, ABŞ-İsrail koalisiyası önündə müqavimətsiz dayanan çox ölkə var. Ancaq onlar İran kimi iddialı deyillər.

Üstəlik, onu da nəzərə almaq lazımdır ki, İran bu müharibəyə qəfil, hazırlıqsız yaxalanmadı. Bu qarşıdurma faktiki olaraq İran İslam Respublikası yaranandan – 1979-cu ildən etibarən başlayıb.

Bu yarım əsrlik çəkişmə dövründə İran İsraili yox etmək siyasətini reallaşdıra bilmədi.
Ötən müddətdə ölkə müəyyən inkişaf xəttinə çıxsa da, iranlılar neft sayəsində varlanmış ərəb ölkələrindəki rifaha qovuşa bilmədilər.

ABŞ-İsrail koalisiyasının bu qədər ağır zərbələrindən sonra İran xalqını “Yaxın 50 ildə o hədəflərə çatacağıq” vədinə inandırmaq olarmı?

Çətin.

İndi rejimin nəinki vədləri, hətta varlığı da sual altındadır.

Atılan bombaların səsi və toz-dumanı fonunda belə unudulmayan bir faktı xatırlatmaq yerinə düşər: həm yarım əsr əvvəl baş vermiş inqilabın, həm də bu gün baş verənlərin kökündə demokratik prinsiplərin pozulması dayanır.

İran İslam inqilabı ideologiyasına görə yox, şahın anti-demokratik idarəçiliyi sayəsində qalib gəlmişdi. Necə deyərlər, “əli yerdən üzülən göyə əl açar”.

Xarici neft kampaniyalarıyla əməkdaşlıqdan güc alan mürtəce şah rejimi xalqın demokratik, dinc dəyişiklik istəyini boğurdu.

Amma dini rejim də insanların deomkaratiya tələblərinə arxa çevirdi.

İndi İranın siyasi sistemi “yaxşı, yoxsa pis” deyil, “pis, yoxsa daha pis” seçimi qarşısındadır. İran ya “vilayəti-fəqih”dən və İsraili məhv etmək ideyasından imtina edib (Bu, faktiki olaraq özünü inkar deməkdir) mötədil dini rejimdə yaşaya, ya da öz ideyalarının davamında israr edə bilər.

İkinci variant ölkə üçün daha böyük itkilər və daha dərin çöküş deməkdir.

Bu, hadisələrin mənim baxışımdakı ssenarisidir. Tarixin isə ehtiyatda çox varinatı var.

İranda proseslərin hansı istiqamətdə inkişaf edəcəyini nə prezident Tramp, nə də mən bilirəm.

Natiq Adilov