İran bölgə ölkələrinin kritik strukturlarına raket zərbələrini davam etdirir.
Bu gün – martın 2-də İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Səudiyyə Ərəbisatnının neft strukturuna raket zərbələri endirib. Martın 1-də Fars körfəzindəki Amerika bazalarına, İraq Kürdüstanına və İsrail şəhərlərinə zərbələri davam etdirən İran ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndəki Beşinci Donanmasının qərargahını da vurub.

SEPAH-n iddiasına görə, regiondakı 27 Amerika bazası, İsrailin “Tel-Nof” aviabazası, İsrail ordusunun baş qərargahı və Tel-Əvivdəki iri müdafiə sənayesi kompleksi vurulub.
İranın rəsmi media qurumları dünən Oman limanına və onun sahillərindəki neft tankerinə hücum edildiyini yazıblar. Gəmi heyətindən dörd nəfərin yaralandığı bildirilir.
İsrail mediasının yazdığına görə, Qüds yaxınlığındakı Beyt-Şemeş şəhərinə raket zərbələri nəticəsində 9 nəfər həlak olub, daha 23 nəfər yaralanıb.

BƏƏ-nin paytaxtı Əbu-Dabidə dron qalıqları “Etihad Towers” binasının fasadına çırpılıb, bir qadın və bir uşaq yaralanıb. Dubayda beynəlxalq hava limanı vurulub, zərərsizləşdirilmiş dronların qalıqları iki nəfəri yaralayıb.
Bəhreynin paytaxtı Manamadakı hava limanı vurulub, rəsmi qurumlar zərərin böyük olmadığını bildiriblər.

BƏƏ Prezidentinin müşaviri Ənvər Qarqaş Tehranı kəskin tənqid edib, deyib ki, Fars körfəzi ölkələrinə hücumları yanlış seçimdir: “Bu, kritik bir məqamda İranı təcrid etdi. Sizin müharibəniz qonşularla deyil”.

ABŞ-nin Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (“Centcom”) üç amerikalı hərbçinin həlak olması barədə məlumat yayıb. Bu, İrana qarşı hərbi əməliyyatlar başlayandan (28 fevral) bəri Amerika hərbçiləri arasında ilk bilinən itkilərdir.
ABŞ Prezidenti Donald Tramp dünən İranı cavab zərbələrindən çəkinməyə çağırıb.

“İran indicə bəyan etdi ki, onlar bu gün çox güclü zərbə endirəcəklər, indiyə qədərkindən daha güclü. Yaxşı olar ki, bunu etməsinlər, çünki əks halda biz onlara indiyə qədər heç vaxt olmadığı qədər böyük bir güclə zərbə endirəcəyik!” – Tramp “Truth Social” sosial şəbəkəsində belə yazıb.

Böyük Britaniyanın Baş naziri Kir Starmer dünən axşam saatlarında bəyan edib ki, ölkə ABŞ və İsrailin hərbi əməliyyatlarına qoşulmayacaq, amma Fars körfəzi dövlətlərinə İran dronlarının hücumlarını dəf etməkdə kömək edəcək və buna ukraynalı mütəxəssisləri cəlb edəcək.

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, fevralın 28-də ABŞ və İsrailin birgə zərbələri nəticəsində öldürülmüş Əli Xameneini əvəzləyəcək yeni ali lideri seçilənə qədər müvəqqəti şura fəaliyyət göstərəcək. Şuraya Pezeşkian özü, məhkəmə hakimiyyətinin rəhbəri Möhsini Ejei və ayətullah Əli Rza Arafi daxildir.
İranın xarici işlər naziri Abbas Araqçı “Al Jazeera”ya müsahibəsində bildirib ki, yeni ali lider “bir və ya iki gün ərzində” seçilə bilər.

İsrail Müdafiə Ordusu (SAXAL) bazar günü bəyan edib ki, qərbi və mərkəzi İrandakı hava hücumundan müdafiə sistemlərinin əksəriyyəti susdurulub, İranın raket ehtiyatlarının yarısı məhv edilib.

İranın “Tasnim” xəbər agentliyi dünən ölkənin qərbindəki İlam əyalətinin Mehran şəhərində yerləşən hərbi bazaya zərbə endirildiyi barədə məlumat yayıb. Nəticədə 10-u zabit və 11-i əsgər olmaqla 22 sərhədçi həlak olub.

İran Qızıl Aypara cəmiyyəti İsrail və ABŞ-nin hücumları nəticəsində İranda həlak olanların sayının 555 nəfərə çatdığını bildirib.

“Politfm”