İsrail və ABŞ-nin İrana genişmiqyaslı hücumlarının ikinci günündə İran İnqilab Keşikçiləri Korpusu (İİKK) Hörmüz boğazında dəniz nəqliyyatını məhdudlaşdırıb.

Xəbəri İİKK-ya yaxınlığıyla tanınan “Tasnim” xəbər agentliyi yayıb.

Bununla bağlı qlobal bazarlarda gərginlik yaranıb. Böyük Britaniyanın “Barclays” bankı Yaxın Şərqdə gərginliyin artması nəticəsində neft qiymətlərinin əhəmiyyətli dərəcədə yüksələcəyini proqnozlaşdırır.
Bankın analizində bildirilir ki, “Bazar ertəsi neft bazarları özlərinin ən pis qorxularıyla üz-üzə qala bilər”. “Barclays” 1 barel neftin qiymətinin 100 ABŞ dollarına çata biləcəyini qeyd edib.

Hörmüz boğazının əhəmiyyəti

Qlobal enerji ticarəti və yük daşımaları baxımından Hörmüz boğazı dünyanın ən kritik marşrutlarından biridir. ABŞ Enerji Məlumat İdarəsi (EIA) bu boğazı “dünyanın ən önəmli neft keçid yolu” kimi qiymətləndirir.

Bu marşrutda hər hansı bir kəsinti enerji qiymətlərinin, o cümlədən benzinin və digər neft məhsullarının bahalaşmasına səbəb ola bilər.

İranla Oman arasında yerləşən Hörmüz boğazı Fars körfəzini açıq dənizlə birləşdirən yeganə keçiddir. Buradan gündə 21 milyon barel neft və 306 milyon kubmetr mayeləşdirilmiş təbii qaz (LNG) daşınır.

Bu göstəricilər dünya neft ticarətinin təxminən 25–30%-ni, LNG-nin isə 20%-ni təşkil edir. Neftin böyük hissəsi Çin, Hindistan və digər Asiya ölkələrinə ixrac olunur. Buna görə Hörmüz yalnız regional səviyyədə yox, həm də qlobal enerji təhlükəsizliyi üçün kritik keçid hesab olunur.

Süveyş kanalında olan mərkəzi nəzarət sistemi Hörmüz boğazında yoxdur. Tankerlər İran və Omanın ərazi sularından keçir. İran ticarət gəmilərinə boğazdan sərbəst keçid hüququ verən BMT razılaşmasını imzalamış olsa da, hələ təsdiqləməyib.
Neft və təbii qazdan xarici asılılığı yüksək olan ölkələr, xüsusilə də Türkiyə, Çin və Hindistan enerji qiymətlərindəki artımdan ən çox təsirlənəcək ölkələr arasındadırlarr. Türkiyənin neft ixracından 92, qaz ixracındansa 99 faiz asılılığı var.

Neft ixracının İran üçün önəmi

Neft ticarətində uzunmüddətli kəsinti İran iqtisadiyyatına da ciddi təsir göstərə bilər.

Xam neftin və neft məhsullarının ixracı İran üçün kritik gəlir mənbəyidir. Ölkənin neft satışından gəliri ixrac üzrə ümumi gəlirinin 17%-dən çoxunu, qaz satışından gəliri isə 12%-ni təşkil edir.

2022-ci ildə İran təbii qaz istehsalında dünya üzrə üçüncü yerdə, 2023-cü ildə isə OPEC-in dördüncü ən böyük xam neft istehsalçısı olub.

Uzun illər sanksiyalar altında olsa da, İranın neft ixracı tam əngəllənməyib. Bu vəziyyətdən ən çox faydalanan ölkə Çin olub. 2023-cü ildə İran neftinin təxminən 90%-i Çin Xalq Respublikasına ixrac edilib.

“Politfm”