New York Times yazır ki, ABŞ daxilində İrana mümkün hərbi zərbə məsələsində vahid mövqe yoxdur. Bəzi rəsmilər düşünür ki, belə bir hücum Tehranı nüvə proqramından geri çəkilməyə məcbur edə bilər. Digərləri isə bunun real nəticə verəcəyinə ciddi şübhə ilə yanaşır. Hətta hücumun konkret olaraq nəyi hədəflədiyi və sonda hansı nəticəni əldə etməli olduğu da tam aydın deyil.

Məqalədə vurğulanır ki, İsrail üçün əsas təhlükə İranın raket arsenalıdır. Əgər ilk mərhələdə həmin raketlər sıradan çıxarılsa, İranın İsrailə və ABŞ bazalarına cavab zərbəsi imkanları məhdudlaşa bilər. Amma eyni zamanda qeyd olunur ki, İran hazırda zəif mövqedə görünsə də, nüvə proqramına yatırdığı böyük resursları nəzərə alsaq, onun asanlıqla diplomatik razılaşmaya gedəcəyi inandırıcı görünmür.
ABŞ-nin daha çox “hədəfli və məhdud zərbə” variantına üstünlük verdiyi bildirilir. Məqsəd raket ehtiyatlarına zərbə vurmaqla İranı danışıqlara məcbur etməkdir. Bununla belə, iddialara görə, ABŞ-nin uzunmüddətli bombardman üçün kifayət qədər resursu yoxdur və mümkün əməliyyat 7–10 günlə məhdudlaşa bilər. Əgər İran Vaşinqtonun tələblərini qəbul etməzsə, Trampın daha genişmiqyaslı hücumu nəzərdən keçirə biləcəyi də istisna edilmir.
ABŞ Baş Qərargah rəisi Den Keynin açıqlamalarına görə, belə hücumların amerikalılar üçün yüksək itki riski və silah ehtiyatlarına mənfi təsiri ola bilər. Üstəlik, İranın zərbələrə baxmayaraq yeni raketlər istehsal edə biləcəyi və buraxılış qurğularını ölkə ərazisinə yayaraq əks-hücumu çətinləşdirə bilcəyi qeyd olunur.
Ekspertlər isə daha pessimistdir. Demokratiyaları Müdafiə Fondundan Cozef Zakks hesab edir ki, İranın nüvə proqramından könüllü imtinası real görünmür. Onun fikrincə, məhdud zərbə əks effekt verə və Tehranı daha da sərtləşdirə bilər. Zakks düşünür ki, Vaşinqton ilkin zərbə ilə İran rəhbərliyinə ciddi mesaj vermək istəyir, lakin Obama dövründəki razılaşmadan əlavə güzəştlər gözləmək çətin görünür.
Digər tərəfdən, istefada olan general-mayor Pol İton xəbərdarlıq edir ki, mümkün qarşıdurma zamanı İran ABŞ bazalarına yüzlərlə raket ata bilər və amerikalı hərbçilərin hava müdafiəsi ilə sığınacaq imkanları yetərli olmaya bilər. O, həmçinin Tramp administrasiyasının belə bir müharibənin zəruriliyini ictimaiyyətə inandırıcı şəkildə izah edə bilmədiyini bildirir.
Demokratlar da tənqidi mövqedədir. Cim Hayms sual edir ki, Yaxın Şərqdə niyə məhz indi yeni bir müharibə üçün doğru zamandır və Tramp bunu izah etməlidir. Cek Rid isə hesab edir ki, prezident qarşı tərəfin tez geri çəkiləcəyinə ümid edir, amma bu baş vermədikdə sadəcə qələbə elan etməklə kifayətlənə bilər.
Ümumilikdə mənzərə budur: Vaşinqtonda qərarsızlıq var, risk böyükdür və nəticənin necə olacağı heç də aydın deyil.

Politfm.com