Rəsmi məlumata görə, son bir il ərzində Naxçıvan Muxtar Respublikasında muzdlu işçilərin sayı 0,3% azalıb. Hazırda respublikada 60 min 977 nəfər əmək müqaviləsilə çalışır.

2025-ci ilin əvvəlində isə bu göstərici 61 min 142 nəfər olub.
Ən kəskin azalma 2023-ci ildə qeydə alınıb. Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov vəzifəsindən uzaqlaşdırılandan sonra (dekabr 2022) muxtar respublikada işçilərin sayı 46% azalıb – 110 min 261 nəfərdən 59 min 612 nəfərə düşüb.

Bu, ilk baxışda kütləvi işsizlik faktı kimi görünsə də, ekspertlər bunu daha çox “statistik təmizlənmə” və idarəetmə modelinin dəyişməsilə əlaqələndirirlər.
Rəhbərlik dəyişdiriləndən sonra Naxçıvanda uzun illər mövcud olan bəzi iqtisadi praktikalara son verilib:

– əvvəlki dövrlərdə büdcə təşkilatlarında və dövlət müəssisələrində adı olub özü işə gəlməyən şəxslərin – “ölü canlar”ın siyahılardan çıxarılması statistikaya ciddi təsir edib;

– paralel strukturların birləşdirilməsi və səmərəsiz dövlət qurumlarının optimallaşdırılması nəticəsində real işçi sayı müəyyənləşib;

– bəzi strukturların mərkəzi tabeçiliyə keçməsi statistik uçotun aparılma qaydasını dəyişib.

Stabilləşmə, yoxsa durğunluq?

İşçi sayında 0,3%-lik azalma əmək bazarındakı problemlərin hələ də tam həll olunmadığını göstərir.
Dövlət sektorunda ixtisarlar baş verir, inkişaf sürəti aşağı olan özəl sektorsa bütün işsizləri qəbul etmək gücündə deyil.
İş yerlərinin məhdudluğu işçi qüvvəsinin Bakıya və ya ölkə xaricinə axınına səbəb olur. Maaşların Bakıyla müqayisədə rəqabətədavamlı olmaması da ciddi faktorlardan biridir.
61 min muzdlu işçi muxtar respublikanın iqtisadi potensialı üçün aşağı göstərici hesab oluna bilər.

“Politfm”