Xocalı qətliamının – Birinci Qarabağ müharibəsinin ən ağır humanitar fəlakətinin 34 ili tamam oldu. Erməni hərbi birləşmələrinin və Rusiya ordusunun 366-cı alayının dinc sakinlərə qarşı tərötdiyi bu qırğın, heç şübhəsiz, heç vaxt unudulmayacaq bir müharibə cinayətidir.
Yüzlərlə xocalının qəddarcasına həyatdan qoparıldığı o gün insanlıq tarixinin ən qara səhifələrindən biridir.
26 fevral 1992-ci il
1980-ci illərin sonlarından başlayan Dağlıq Qarabağ münaqişəsi 1991-ci ildə SSRİ-nin dağılmasıyla genişmiqyaslı hərbi əməliyyatlara çevrildi.
Ağdam, Şuşa və Xankəndi yollarının kəsişməsində yerləşən Xocalı həm strateji, həm də logistik baxımdan kritik nöqtə idi. Regionun yeganə mülki hava limanı Xocalıdaydı və bu, mühasirədə olan Dağlıq Qarabağın təchizatı üçün hər iki tərəf üçün həyati əhəmiyyət kəsb edirdi.
1991-ci ilin payızından etibarən Xocalı Ermənistan hərbi qüvvələri tərəfindən tam mühasirəyə alınmışdı. 1992-ci ilin yanvarından isə şəhərə quru yolu tam bağlanmış, sonuncu helikopter yanvarın 28-də Şuşa üzərində vurulandan sonra isə hava əlaqəsi də kəsilmişdi.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan bölmələri keçmiş SSRİ ordusunun Xocalıda olan 366-cı motoatıcı alayının hərbçilərinin və zirehli texnikasının dəstəyilə hücuma keçdilər.
Şəhərin əhalisi 10-12 km aralıdakı Ağdama qaçmaq üçün meşəliklərlə üz tutdu.
Ermənistan tərəfi mülki şəxslərin şəhərdən çıxması üçün “humanitar dəhliz” saxlandığını iddia etsə də, sağ qalan şahidlər insanların yolda kütləvi şəkildə atəşə tutulduğunu təsdiq ediblər.
Rəsmi statistikaya görə, həmin gün Xocalıda 613 nəfər qətl edilib. Onların arasında 63 uşaq və 106 qadın olub. 1275 nəfər əsir götürülüb.
Xocalı qətliamı beynəlxalq hesabatlarda
Hadisəni araşdıran beynəlxalq hüquq müdafiə təşkilatları baş verənləri “müharibə cinayəti” kimi sənədləşdiriblər.
“Human Rights Watch” təşkilatının 1992-ci il hesabatında bildirilir ki, erməni qüvvələri mülki əhalini qəsdən hədəf alıblar və bu, Cenevrə Konvensiyalarının kobud şəkildə pozulmasıdır.
“Memorial” İnsan Hüquqları Mərkəzinin (Rusiya) hesabatında mülki şəxslərin kütləvi qətli və əsirlərlə qəddar rəftar faktları ətraflı şəkildə təsvir olunub.
Britaniyalı jurnalist Tomas de Vaal (“Qara bağ” kitabının müəllifi) Xocalı qətliamını Birinci Qarabağ müharibəsinin ən qəddar epizodu adlandırıb, hadisənin həm də strateji məqsəd daşıdığını qeyd edib.
Həmin dövrdəki Ermənistan rəhbərliyi isə qətliamı “azərbaycanlılara ciddi olduğumuzu göstərmək” üçün törətdiklərini demişdi.
Hüquqi qiymətləndirmə
Xocalıda baş vermiş müharibə cinayəti faktı bir çox ölkə və beynəlxalq qurum tərəfindən rəsmən tanınıb.
2010-cu ildə Avropa İnsan Hüquqları Məhkəməsi bu hadisəni “müharibə cinayətləri və ya insanlıq əleyhinə cinayətlərə bərabər tutulan xüsusi ağırlıqlı hərəkətlər” olaraq tövsif edib.
Pakistan, Meksika, Kolumbiya, Çexiya, Rumıniya, Peru, Panama və bir neçə başqa ölkənin parlamentləri Xocalını soyqırımı və ya kütləvi qırğın aktı kimi tanıyan sənədlər qəbul ediblər.
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xocalını qətliamını rəsmən “insanlığa qarşı cinayət” və soyqırımı olaraq tanıyan ilk beynəlxalq təşkilatlardandır.
Yeni aşkar edilən kütləvi məzarlıqlar
2020-ci ildəki 44 günlük İkinci Qarabağ müharibəsindən və 2023-cü ilin sentyabrında Azərbaycanın keçirdiyi antiterror əməliyyatından sonra Xocalı şəhəri tamamilə Azərbaycanın nəzarətinə keçdi. Hazırda şəhərdə kütləvi məzarlıqların aşkarlanması və qalıqların identifikasiyası prosesi gedir. Xocalı qətliamı nəticəsində itkin düşmüş sayılan şəxslərin taleyinə aydınlıq gəlməsinə çalışılır.
Xocalının müxtəlif yerlərində, xüsusən “Qal dərəsi” adlanan ərazidə və şəhər mərkəzinə yaxın ərazilərdə kütləvi məzarlıqlar aşkar edilib.
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) metodologiyasına uyğun şəkildə aparılan qazıntılar zamanı onlarla insana məxsus skelet qalıqları tapılıb.
Məhkəmə-tibb ekspertizaları göstərir ki, qalıqlar arasında uşaq və qadınlara məxsus sümüklər var. Bəzi qalıqlarda odlu silah yaraları və küt alətlərlə yetirilən xəsarətlərin izləri müəyyən edilib.
İtkin düşmüş şəxslərin kimliyi DNT analizləri vasitəsilə müəyyənləşdirilib və onların qalıqları ailələrinə təhvil verilməkə rəsmi şəkildə dəfn edilib.
Cəzasız qalmayan cinayətlər
Birinci Qarabağ müharibəsində, o cümlədən Xocalıda törədilən digər cinayətlərdə ittiham olunan şəxslərin bir qismi son illərdə Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq açıq məhkəmə iclaslarında mühakimə olunublar.
2023-cü ilin noyabr ayında Bakı Hərbi Məhkəməsi şahid ifadələrinə, kütləvi məzarlıqlardan tapılan dəlillərə və video-çəkilişlərə əsasən Xocalı qətliamında iştirak edən 3 nəfər haqqında hökm çıxarıb.
Vaqif Xaçaturyan Xocalının Meşəli kəndində törədilən qırğınların əsas icraçılarından biri kimi tanınıb.
O, Cinayət Məcəlləsinin 103-cü (doyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə)m maddələri üzrə təqsirli bilinib, 15 il müddətinə azadlıqdan məhrum edilib.
Ağır xəstəliyi səbəbindən 2026-cı ilin yanvar ayında Azərbaycan onu və daha üç məhbusu Ermənistana təhvil verib.
Madat Babayan Xocalı soyqırımında iştirak edən, qanunsuz silahlı birləşmələrin üzvü olanlardan biri kimi tanınıb.
O, Cinayət Məcəlləsinin 103-cü (soyqırımı), 120.2.1, 120.2.4 və 120.2.7-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə, iki və ya daha çox şəxsi qəsdən öldürmə), 214.2.1 və 214.2.3-cü (terrorçuluq – qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 279.3-cü (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin tərkibində basqınlarda iştirak etmə – adam ölməsinə səbəb olduqda) maddələri üzrə təqsirli bilinib, ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Raşid Beqlaryan Xocalıdan qaçan dinc əhalinin Əsgəran qalası yaxınlığında pusquya salınaraq kütləvi şəkildə qətlə yetirilməsində və əsirlərə işgəncə verilməsində təqsirli bilinib. Beqlaryan Xankəndidəki ayaqqabı fabrikinin köhnə binasında saxlanılan azərbaycanlı əsirlərə qarşı qəddar rəftarda iştirakını məhkəmədə etiraf edib.
Ona Cinayət Məcəlləsinin 103-cü (soyqırımı), 112-ci (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma),113-cü (işgəncə vermə) və 115.2-ci (müharibə qanunlarını pozma) maddələri üzrə 15 il həbs cəzası verilib. məhrumetmə.
Məhkəmə prosesi zamanı hər üç şəxs dövlət hesabına vəkillər və tərcüməçilərlə təmin olunub.
“Politfm”



