Hökumətin təbliğat tezisi olaraq davamlı şəkildə istifadə etdiyi “neft kapitalını insan kapitalına çevirmək” şüarı effektiv sosial müdafiə mexanizmləriylə dəstəklənmir.
Hazırkı modeldə vətəndaşın öz gəlirlərinin yarısından çoxunu yalnız ərzağa xərcləməsi onun təhsilə, sağlamlığa və fərdi inkişafa vəsait ayıra bilməməsi deməkdir. Bu isə uzunmüddətli perspektivdə insan kapitalının yalnız fiziki mövcudluğun qorunmasını hədəfləyən bir mühit yaradır.
Gecikən kompensasiya
2026-cı ilin fevral ayında pensiyaların 9.3% indeksləşdirilməsi böyük bir nailiyyət kimi təqdim olunsa da, bu rəqəmin arxasındakı iqtisadi reallıq fərqlidir.
Əvvəla, pensiyaçı 2025-ci ildəki bahalaşma nəticəsində itirdiyi vəsaiti yalnız bir il sonra geri alır. Başqa sözlə, pensiya məbləğini ötənilki inflyasiyanın artım tempinə əsasən indeksləşdirən hökumət pensiyaçının itkisini yalnız bir il sonra kompensasiya etməyə başlayır.
İkincisi, rəsmi inflyasiya ümumi məhsul qrupları üzrə hesablanır, halbuki təqaüdçülərin istehlak səbətinin 55%-dən çoxunu ərzaq və dərman preparatları təşkil edir. Ərzaq inflyasiyası isə ümumi inflyasiyanı, adətən, 1.5–2 dəfə üstələyir.
Rəsmi statistikada ümumi inflyasiya göstəricisi birrəqəmli göstərilsə də, spesifik sahələrdə (məsələn, su təchizatında və bəzi supermarket məhsullarında) fevral ayında müşahidə olunan 7-15%-lik artım indeksləşməndən sonrakı əlavə vəsaiti hələ pensiyaçının hesaba oturmadan “udur”.
Statistika nə deyir?
İnkişaf etmiş ölkələrdə ailə büdcəsinin ərzağa ayrılan hissəsi 10-15% təşkil etdiyi halda, Azərbaycanda bu rəqəmin 50% civarında olması uğurlu sosial siyasətin yox, iqtisadi tənəzzülün əlaməti sayıla bilər.
Su tariflərinin artacağı anonsu və dövlətə aid xidmət müəssisələrinin “zərərlə işləyirik” açıqlamaları mart ayında növbəti qiymət artımları üçün zəmin yaradır. İqtisadi nəzəriyyəyə görəsə, baza resursların (su, enerji, yanacaq) bahalaşması multiplikativ effekt yaradaraq xidmət və məhsulların bütün zəncirinə sirayət edir.
Əgər vətəndaşın gəliri 9.3%, zəruri xərclərsə 15% artırsa, bu, maddi vəziyyətin yaxşılaşdırılması yox, yoxsullaşma tempinin zəiflədilməsi cəhdi deməkdir.
Sosial rifah nominal rəqəmlərlə yox, real alıcılıq qabiliyyətiylə ölçülür. 2016-cı ildən bəri davam edən tendensiya isə göstərir ki, Azərbaycanda maaş və pensiya artımları sadəcə gecikmiş “maliyyə reabilitasiyası” rolunu oynayır. Ona görə də hökumət iqtisadi siyasətin effektivliyini təmin etmək üçün istehlak səbətinin məbləğini yenidən qiymətləndirməlidir.
“Politfm”



