Vaşinqton və Tehran arasındakı gərginlik artıq ritorik çərçivələri aşaraq konkret hərbi hazırlıq mərhələsinə qədəm qoyub. Qərb mediasının, xüsusilə “Axios” nəşrinin Ağ Evdəki mənbələrə istinadən yaydığı məlumatlar göstərir ki, Donald Tramp administrasiyası İranın nüvə və regional ambisiyalarını sıfırlamaq üçün “son xəbərdarlıq” paketini hazırlayıb.

Niyə indi?

Gərginliyin pik həddə çatmasının bir neçə fundamental səbəbi var. Uranı zənginləşdirmə prosesində İranın geridönülməz həddə yaxınlaşması İsrail və ABŞ-ni hərəkətə keçməyə məcbur edir.
Bundan əlavə, Tramp administrasiyasında belə bir qənaət yaranıb ki, Tehran diplomatik danışıqlardan vaxt qazanmaq üçün istifadə edir. Ağ Evdəki mənbələr bildirir ki, “Boss [Tramp] səbrini itirməyə başlayır” (“Axios”).

İranın dəstəklədiyi proksi-qrupların İsrailə qarşı aktivliyi isə Təl-Əvivin “ilanın başını əzmək” (yəni birbaşa Tehrana hücum etmək) strategiyasını aktuallaşdırıb.

“Vur, qaç”, yoxsa genişmiqyaslı hərbi kampaniya?

Hərbi analitiklər və insayderlər ABŞ-ın İrana qarşı planlaşdırdığı əməliyyatın sadəcə hava zərbələriylə məhdudlaşmayacağını vurğulayırlar. Onların qənaətinə görə, bu dəfə sadəcə “vur və qaç” əməliyyatı yox, İranın hərbi potensialını sıfırlamağa yönəlmiş “genişmiqyaslı hərbi kampaniya” olacaq (“Axios”).

İsrail Müdafiə Ordusunun (SAXAL) kampaniyada tam tərkibdə iştirak edəcəyi bildirilir. Bu, həm kəşfiyyatda, həm də strateji hədəflərin (məsələn, Natanz və Fardo nüvə mərkəzlərinin) məhv edilməsində həlledici amil olacaq. ABŞ-nin Fars körfəzinə “əhəmiyyətli hərbi qüvvələr” göndərməsi də artıq sadəcə psixoloji təzyiq yox, intensiv bombardman və kiber-hücumlar silsiləsinin logistik hazırlığıdır.

Vaşinqtonun Tehrana qoyduğu tələblər mahiyyət etibarilə İranın öz regional siyasətindən və nüvə ambisiyasından tam imtinasını tələb edir.

Amerika prezidenti Donald Tramp bu yaxınlarda öz sosial şəbəkə hesabında yazmışdı ki, Tehranda ” baş verə biləcək ən yaxşı şey tam rejim dəyişikliyidir”.

Onun müşavirlərindən biri isə bildirib ki, “hərbi hərəkət ehtimalı 90 faizdir” (“Axios”). Bu, danışıqlar masasının Tehran üçün artıq diqtə masasına çevrildiyi qənaətini yaradır.
“İran üçün hazırkı vəziyyət sadəcə bir rejim böhranı deyil, dövlətçilik imtahanıdır. Trampın “90%-lik ehtimalı” əslində Tehranın bu reallığı qəbul etməsi üçün son psixoloji zərbədir” (“Washington Post”).

Hörmüz boğazı – son şans, yoxsa tələ?

Bu gərginlik təkcə iki ölkə arasındakı münaqişə yox, Yaxın Şərqin xəritəsini yenidən çəkmək cəhdidir. Amma Tramp administrasiyası keçid strategiyasını (“xaosdan nizama”) reallaşdırmağa başlasa, bu riskli addıma qarşı İranın asimmetrik cavabı (Hörmüz boğazının bağlanması, qlobal kiber-hücumlar) dünya iqtisadiyyatını da sarsıda bilər.

Hazırda İranın ən böyük qorxusu “mərkəzləşdirilmiş komandanlığın məhv edilməsi” ssenarisidir. Əgər ABŞ və İsrailin zərbələri SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusunun) yuxarı eşalonunu hədəf alsa, Hörmüz boğazı bir “kozır” olmaqdan çıxaraq İranın özü üçün tələyə çevrilə bilər.

Çünki boğazın bağlanması mürəkkəb koordinasiya (minaatan qayıqlarla raket sistemlərinin sinxron fəaliyyətini) tələb edir. Rəhbərliyin sıradan çıxarılması bu zənciri qırır.
Vaşinqton artıq bəyan edib ki, Hörmüzün bağlanması “müharibə elanıdır”, buna cavab olaraq İranın bütün dəniz infrastrukturu 48 saat ərzində məhv ediləcək (Pentaqonun “Sentinel” əməliyyat planı, 2026).

Rusiya və Çin İrana yardım edəcəklərmi?

Eskalasiya təhlükəsi qlobal güc mərkəzləri arasında kəskin qütbləşmə yaradıb.

Səudiyyə Ərəbistanı və BƏƏ kimi körfəz ölkələri İranın zəifləməsində maraqlı olsalar da, Tehranın əks reaksiyasından ehtiyat edirlər.

Avropa İttifaqı diplomatik həllin tərəfdarı olaraq qalmaqda davam edir, amma Tramp administrasiyasının qətiyyəti qarşısında manevr imkanları məhduddur.

Rusiya isə son dövrlərdə Rusiya ABŞ-nin digər ölkələrlə (Suriya, Venesuela, İran) bağlı siyasətinə sadəcə “dərin narahatlıq” bildirməklə reaksiya verir. Çünki daha çoxunu nümayiş etdirməyə nə siyasi, nə də hərbi gücü var. İndiki reallıqda Putinin əsas prioriteti Ukrayna ərazilərinin işğalını Tramp vasitəsilə leqallaşdırmaqdır.

Amma Moskva İrandan “geosiyasi alver” predmeti kimi istifadə edə bilər. Ukrayna cəbhəsində güzəştlər (məsələn, Krım və Donbasın faktiki tanınması) müqabilində Rusiya İranın vurulmasına “göz yuma” bilər.

Çin üçünsə İran sadəcə ucuz neft mənbəyidir, amma Pekin şətin ki, buna görə ABŞ ilə birbaşa hərbi qarşıdurmaya gedə. Çin üçün əsas prioritet Tayvandır, Pekin bilir ki, İranda ABŞ-yə qarşı vuruşmaq Tayvanı birdəfəlik itirməklə nəticələnə bilər.
Üstəlik, İranı müdafiə etməyin iqtisadi təhlükələri də var. Trampın “tarif müharibəsi” artıq Çin iqtisadiyyatını sarsıdır və bu “müharibəni” dərinləşdirmək Çin Kommunist Partiyasının maraqlarına ziddir. İranın “şərq müttəfiqləri” öz mənafeləri naminə qorumaq üçün Tehranı qurban verməyə hazırdırlar.

SEPAH, “Bəsic” və vətəndaş müharibəsi riski

ABŞ və İsrail İrana hücum etsələr və elə ilk günlərdə rəhbər şəxslərin (xüsusilə ali rəhbərliyin və SEPAH generallarının) fiziki məhvinə nail ola bilsələr, İranda siyasi vakuum yaranacaq. Bu isə təkcə müharibənin uduzulması yox, ölkə daxilində etnik və siyasi qrupların (bəluclar, kürdlər, azərbaycanlılar və s.) aktivləşməsi və İranın daxildən parçalanmasıyla nəticələnə bilər.
Hazırda İranın daxili sosio-politik vəziyyəti barıt çəlləyini xatırladır.
“Xarici düşmən” faktoru, adətən, millətçilik hisslərini alovlandırsa da, İranın müasir reallığında bu amil “iki tərəfi də kəsən qılınc” rolunu oynaya bilər.

SEPAH etnik qruplara qarşı mübarizəyə rejim tərəfdarlırını da cəlb edərsə, bu, hadisələrin gedişini daha qanlı bir müstəviyə – Suriya tipli daxili xaos ssenarisinə yönəldə bilər.

SEPAH-ın tərəfdarlara (xüsusilə də “Bəsic” könüllülərinə) kütləvi silah paylaması ölkə daxilində rejimə qarşı nifrəti “partlada” bilər. İllərdir basqı altında qalan müxalif qruplarla hakimiyyətin silahlı tərəfdarları arasında toqquşma İranın böyük şəhərlərini (Tehran, Təbriz, İsfahan) döyüş meydanına çevirər. Mərkəzi hakimiyyətin zəifləməsi fonunda bunun müstəqillik və hətta geniş muxtariyyət tələbli silahlı mübarizəyə çevrilməsi ehtimalı böyükdür.

2022-ci ildəki “Qadın, Həyat, Azadlıq!” şüarlı kütləvi etiraz aksiyalarından sonra sonra rejimlə cəmiyyət arasındakı uçurum xeyli dərinləşib. Üstəlik, iqtisadi sanksiyalar və SEPAH-ın regional proksi müharibələrə xərclədiyi milyardlar sıravi iranlılarda “Bu bizim müharibəmiz deyil” yanaşması formalaşdırıb (“Middle East Institute”, 2026).

Ona görə də xarici təhdid faktının bu dəfə də birləşdirici amil rolu oynayacağı şübhə doğurur. Xalqın müəyyən hissəsi ABŞ və İsrailin zərbələrini işğal kimi yox, xilas fürsəti kimi giymətləndirə bilər, bu isə kəşfiyyat məlumatlarının sızmasına və daxili təxribatların artırmasına yol açar. Eyniz amanda, ordu və SEPAH-ın aşağı eşalonları arasında hakimiyyət davası başlayacağı ehtimalı da var.

Bu məsələyə “Foreign Policy” nəşri də toxunub:
“İranda vətəndaş müharibəsi ehtimalı rejimin xarici müharibədə qalib gəlmə ehtimalından daha yüksəkdir. Silahın xalqa yox, ideoloji tərəfdarlara paylanması rejimin sonunu sürətləndirən ‘bumeranq’ effekti yaradacaq”.

Mümkündür ki, Tramp və Netanyahunun hesablaması məhz bu “daxili qırılma” versiyası üzərində qurulub və məqsəd rejimin onurğa sütunlarını (SEPAH-ı və nüvə infrastrukturunu) dağıtmaq, prosesi daxili qüvvələrin öhdəsinə buraxmaqdır.

“Politfm”