15 fevralda başlayacaq Çin Yeni İli ərəfəsində ölkənin texnoloji nəhəngləri – “Alibaba”, “ByteDance” və “Zhipu AI” qlobal bazara yeni məhsullar çıxarmağa hazırlaşırlar.
Belə görünür ki, Çinin bir il əvvəl təqdim olunmuş, ucuz və açıq kodlu modeliylə Silikon Vadisinin “milyard dollarlıq” mifini yox etmiş “DeepSeek” süni intellekt (Sİ) startapı Çində daha böyük bir yarışın fitilini odlayıb.
“DeepSeek”in ən böyük uğuru ABŞ-nin yarımkeçirici və çip embarqoları (Nvidia A100/H100 məhdudiyyətləri) fonunda baş verdi. Bu, bütün dünyaya bir mesaj idi: Süni İntellekt təkcə hesablama gücü və nəhəng server parkları yox, həm də riyazi optimallaşdırma deməkdir.
“Ankura Consulting” şirkətinin direktoru Alfredo Montufar-Helunun fikrincə, bazar artıq “təəccüb” mərhələsini keçib və real nəticələr gözləyir (“Reuters”). İndi Çin şirkətləri Amerika analoqlarından 4-6 dəfə daha ucuz xidmət təklif edərək qlobal proqramçı və startap ordusunu öz tərəfinə çəkir.
Bayramqabağı “modellər paradı”: kim nə təqdim edəcək?
Çin bazarı artıq təkcə “DeepSeek”in ümidinə qalmayıb. Bu həftə ərzində baş verəntəqdimatlar rəqabətin miqyasını göstərir:
“Zhipu AI”nin son modeli “muxtar agent” funksiyasını yerinə yetirir. Yəni hər addımda istifadəçidən komanda gözləmədən, uzunmüddətli və mürəkkəb kodlaşdırma tapşırıqlarını özü həll edir.
“ByteDance” (“Seedance 2.0”): “TikTok”un sahibi olan bu şirkət video-generasiya sahəsində inqilab edir. Bazara “kino blokbasterlərini saniyələr ərzində yaratmaq” iddiasıyla çıxan “Seedance 2.0” Holivud standartlarına meydan oxuyur. Şirkətin 155 milyonluq “Doubao” çat-botu isə artıq Çinin gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib.
“Alibaba” (Qwen 3.5): bu e-ticarət nəhəngi özünün “riyazi dahi” modeliylə proqramçıların və mühəndislərin işini asanlaşdırır. Onların modeli artıq birbaşa çat üzərindən alış-veriş etmək imkanını sınaqdan keçirir.
“Açıq kod” (“open source”) və qapalı mənbə
Bu rəqabətin geosiyasi tərəfi daha dərindir. “OpenAI” (“ChatGPT”) və “Google” öz modellərini qapalı mənbə (“closed source”) arxasında saxladığı halda, Çin şirkətləri “Hugging Face” kimi platformalarda öz kodlarını dünyaya açırlar.
Bu, bir tərəfdən texnoloji demokratikləşmə kimi görünsə də, digər tərəfdən Çin standartlarının qlobal İİ ekosistemində hakim mövqe tutması strategiyasıdır. “Baidu” şirkətinin rəhbəri Robin Li qapalı modellərin qalib gələcəyini demişdi, amma “DeepSeek”in uğurundan sonra bütün Çin nəhəngləri sürətlə “açıq kod” cəbhəsinə keçdilər.
Maliyyə azadlığı: “DeepSeek”in sirri
Məsələ burasındadır ki, “DeepSeek” xarici investorların və səhmdarların mənfəət təzyiqi altında deyil. Bir hedcinq (risklərdən qoruma) fondu tərəfindən maliyyələşən bu startapın kommersiyalaşmaq yox, araşdırmaq lüksü var. Bu isə ona imkn verir ki, qısa müddətli qazanc dalınca qaçan “Alibaba” kimi nəhənglərdən fərli olaraq daha cəsarətli addımlar atsın.
RAND tədqiqat qrupunun hesabatına görə, Çin modelləri ABŞ sistemlərindən minimum dörd dəfə daha səmərəlidir. Əgər 2025-ci il “DeepSeek”in yaratdığı “zəlzələ” iliydisə, 2026-cı il Çin modellərinin gündəlik həyata – ticarətdən kinoya, kodlaşdırmadan tibbə qədər hər sahəyə tam inteqrasiyası ili olacaq.
Vaşinqton və Pekin arasındakı bu yarış artıq təkcə çip müharibəsi yox, “Kim daha ağıllı alqoritm qura bilər?” savaşıdır.
Qlobal bazarda transformasiya imkanları
Çinin süni intellekt modellərinin ucuzlaşması və açıq kodlu sistemlərə keçməsi təkcə texnoloji yenilik deyil, həm də qlobal kapitalın hərəkət istiqamətini dəyişən iqtisadi zəlzələdir. Bu təsirləri dörd əsas istiqamət üzrə qruplaşdırmaq olar:
“Marja müharibəsi”: süni intellektin qloballaşması
Əvvəllər süni intellekt “OpenAI” və “Google” kimi nəhənglərin diktə etdiyi bahalı bir xidmət (“premium product”) idisə, Çin modelləri bunu kütləvi istehlak malına (“commodity”) çevirdi.
– Qiymət dempinqi: Çin modellərinin Amerika analoqlarından 75-80% daha ucuz olması Qərb texnologiya şirkətlərini öz marjalarını aşağı salmağa məcbur edir. Bu, Sİ sahəsində mənfəət dərəcəsinin azalması və xidmət sektorunda kütləvi ucuzlaşma deməkdir.
– İnvestisiya riskinin artması: “DeepSeek”in bir gündə “Nvidia”nın bazar dəyərindən 593 milyard dollar silməsi sübut etdi ki, investorlar artıq təkcə böyük infrastruktura (“hardware”) yox, həm də ağıllı optimallaşdırmaya (“software”) pul ayırmalıdırlar.
KOB-lar üçün texnoloji sıçrayış
Yüksək xərclər səbəbindən süni intellektə çıxışı olmayan kiçik və orta bizneslər (KOB) üçün Çin modelləri xilasedici rolunu oynayır.
Giriş baryerlərinin aşağı düşməsi – açıq kodlu və ucuz modellər sayəsində bir startap artıq milyonlarla dollar investisiya almadan belə yüksək səviyyəli proqram təminatı hazırlaya bilir. Bu, qlobal innovasiya sürətini 3-5 dəfə artıracaq bir faktordur.
“Alibaba” modeli: e-ticarətin tam avtomatlaşdırılması
“Alibaba”nın “Qwen” modeli süni intellekti birbaşa istehlakçının cibinə “bağlayır”.
Başqa sözlə, sövdələşmə iqtisadiyyatı yaranır – Sİ artıq sadəcə suallara cavab vermir, eyni zamanda istifadəçinin yerinə mal seçir, qiymət müqayisəsi aparır və ödəniş edir. Bu, “AI-to-Consumer” (A2C) adlı yeni bir ticarət modelinin yaranmasıdır ki, bu da ənənəvi reklam və marketinq gəlirlərini kökündən sarsıda bilər.
Geosiyasi iqtisadiyyat: ABŞ inhisarının aradan qalxması
ABŞ-nin tətbiq etdiyi çip embarqoları (Nvidia A100/H100 məhdudiyyətləri) gözlənilməz bir nəticə verdi: Çin daha az resursla daha çox iş görən “qənaətcil Sİ” arxitekturası yaratdı.
Beləliklə də alternativ ekosistem ortaya çıxdı. Bu, inkişaf etməkdə olan ölkələrdən tutmuş, texnoloji suverenlik axtarışında olan Böyük Britaniya və AB kimi inkişaf etmiş güclərə qədər hər kəsin ABŞ texnologiyalarından asılılığını azaldır və bazarın bölünməsinə (“splinternet”) gətirib çıxarır.
Əgər Çin modelləri 2026-cı ildə də bu qiymət və performans üstünlüyünü qoruyub saxlasa, biz qlobal “bulud hesablamaları” (“Cloud Computing”) bazarında payların ciddi şəkildə “Azure” və AWS-dən “Alibaba Cloud” və Çin mərkəzli digər provayderlərə keçəcəyini görəcəyik.
Çinin süni intellekt modelləri Azərbaycanın rəqəmsal bazarına nə vəd edir?
Azərbaycanın son illərdə rəqəmsal transformasiya və “ağıllı şəhər” layihələrinə verdiyi önəm fonunda “DeepSeek” və “Qwen” kimi ucuz, açıq kodlu modellərin gəlişi yerli bazara yeni imkanlar pəncərəsi açır.
Startap ekosistemində “maliyyə baryerinin” çökməsi
Azərbaycanda startapların ən böyük çətinliklərindən biri yüksək hesablama gücü (GPU) və Amerikanın Sİ modellərinin (“OpenAI”, “Google”) baha olmasıdır.
Artıq yerli proqramçılar minlərlə dollar lisenziya haqqı ödəmədən Çin modellərini yerli serverlərdə (“on-premise”) quraşdıraraq Azərbaycan dilində ixtisaslaşmış xidmətlər (məsələn, bankçılıq və ya hüquq botları) yarada biləcəklər. Bu, innovasiya xərclərini ən azı 50-70% azaldacaq.
Azərbaycan dilinin rəqəmsallaşması (NLP)
Çin modelləri (xüsusilə “Qwen” seriyası) çoxdilli dəstək üçün (“multilingual”) kifayət qədər uğurludur.
Açıq kodlu bu modelləri Azərbaycan dilində olan kiçik data-setlərlə (“fine-tuning”) yenidən öyrətmək GPT-4 kimi qapalı modelləri adaptasiya etməkdən daha asandır. Bu, dövlət və özəl sektorda azərbaycanca dilində işləyən yüksək səviyyəli süni intellekt köməkçilərinin yaranmasını sürətləndirəcək.
“Orta dəhliz” üçün rəqəmsal beyin
Azərbaycanın logistik mərkəz statusu Çin texnologiyaları sayəsində yeni mərhələyə keçə bilər.
“Alibaba”nın Sİ alqoritmlərinin yerli logistika şirkətlərinə inteqrasiyası yüklərin izlənilməsi, anbar idarəetməsi və tədarük zəncirinin optimallaşdırılmasında Amerika texnologiyalarından daha sərfəli və sürətli alternativ təqdim edir.
Kiber-təhlükəsizlik və milli data suverenliyi
Qapalı Amerika modelləri məlumatların mütləq şəkildə xarici bulud (“Cloud”) serverlərinə göndərilməsini tələb edir.
Açıq Çin modellərində isə belə tələb yoxdur. “DeepSeek” Azərbaycanın daxili data-mərkəzlərində yerləşdirilə bilər. Bu, xüsusilə dövlət qurumları və strateji müəssisələr üçün milli təhlükəsizlik baxımından kritik əhəmiyyət kəsb edən amili – “məlumatın ölkəni tərk etməməsi” şərtini tam təmin edir.
Azərbaycan bahalı Qərb brendlərindən effektiv Çin texnologiyalarına keçid edərsə, bu, yaxın 2-3 ildə yerli İT məhsullarının sayının artmasına və rəqəmsal xidmətlərin qiymətinin ucuzlaşmasına səbəb olacaq.
“Politfm”



