Fransa Prezidenti Emmanuel Makronun bu gün Avropa mediasına verdiyi müsahibədə səsləndirdiyi kəskin fikirlər Transatlantik münasibətlərdə yeni bir gərginlik dalğasının başladığından xəbər verir.

Fransa Prezidenti Emmanuel Makron bu gün “Le Monde” və “Financial Times” da daxil olmaqla, bir neçə aparıcı media qurumuna verdiyi müsahibəylə Avropa İttifaqı (Aİ) və ABŞ münasibətlərindəki zahiri sükutu pozmuş oldu.

Avropa liderlərinə Tramp administrasiyasının hələ də “Avropaya qarşı” olduğunu, Amerika pezidentinin Danimarkaya məxsus Qrenlandiya adasıyla bağlı “cəza tarifləri” təhdidini xatırladan Makron münaqişənin həll edilmədiyini düşünür:

“Açıq bir təcavüz aktı olduqda, məncə, biz geri çəkilməməli və ya razılığa gəlməyə çalışmamalıyıq. Biz bu “sakitləşdirmə” strategiyasını aylardır sınaqdan keçiririk. Bu strategiya işləmir”.

Makron hesab edir ki, Avropa İttifaqı illərdir təxirə salınan islahatları sürətləndirməlidir. Onun fikrincə, ABŞ-nin ticarət və təhlükəsizlik sahəsindəki təzyiqlərinə müqavimət göstərməyin yeganə yolu Aİ-nin daxili birliyini və hərbi-iqtisadi mövqelərini möhkəmləndirməkdir.

Təxirə salınmış islahatlar

Makron “təxirə salınmış islahatlar” dedikdə aşağıdakıları nəzərdə tutur:
1. Avropa Ordusunun – ABŞ-dən asılı olmayan vahid hərbi komandanlığın yaradılması;
2. ABŞ dollarından və SWIFT sistemindən asılılığı azaltmaq üçün maliyyə suverenliyinin – avro zonasının gücləndirilməsi;
3. ABŞ nəhənglərinə (Google, Amazon) qarşı vahid texnologiya siyasətinin yürüdülməsi – Avropanın öz rəqəmsal çempionlarının yaradılması.

Fransa Prezidenti həmçinin hesab edir ki, texnoloji sahədə tənzimləmə məsələsində Aİ ilə Tramp administrasiyası arasında hələ ciddi toqquşmalar baş verəcək.

O deyib ki, məlumatların qorunması, mediada nifrət nitqinin  qadağan edilməsi və rəqəmsal vergi tətbiqilə bağlı Avropanın daha sərt qaydaları amerikalıları artıq çoxdan qıcıqlandırır.

Makron Tramp administrasiyasını “açıq şəkildə antiavropa” mövqeyi tutmaqda və Avropa Birliyini parçalamağa çalışmaqda ittiham edib:
“Avropa ABŞ və Çindən qaynaqlanan ikitərəfli problemlər  qarşısında daha dözümlü olmalıdır. Ticarət cəbhəsində qarşımızda Çin “sunamisi” var, Amerika tərəfində isə hər dəqiqə artan qeyri-sabitlik mövcuddur. Bu iki böhran avropalılar üçün dərin şok və qırılma nöqtəsidir”.

“Aİ ölkələri güclərini birləşdirmək barədə düşünmürlər”

Makron Aİ-ni dolların hegemoniyasına meydan oxuya biləcək avrobondlar vasitəsilə ortaq borclanma sistemi yaratmağa çağırıb.

Makron bildirib ki, Avropa qlobal rəqabətdə geri qalmamaq üçün yaşıl transformasiya, süni intellekt, kvant texnologiyaları sahələrinə birgə investisiyalar qoymalıdır.

O, 9 ildir daha suveren Avropa üçün mübarizə apardığını qeyd edib:

“Konseptual dəyişiklik baş verib və bir neçə il əvvəl xəyal belə edilə bilməyən addımlar atılıb. Məsələn, ortaq maliyyələşdirmə və layihələr vasitəsilə Avropanın müdafiəsi qurulub. Bu ideoloji mübarizəni qazansaq da, lazımi sürətlə və lazımi  miqyasda irəliləyə bilmirik”.

Fransa prezidenti deyib ki, Avropa getdikcə daha qeyri-müəyyən bir dünyada mövcud olmağa çalışır:

“Bizi sonsuza qədər qoruyacağını düşündüyümüz ABŞ artıq şübhə yaradır. Sonsuza qədər ucuz enerji təmin ediləcəyi düşünülən Rusiya artıq gündəmdən çıxıb. Çin isə getdikcə daha sərt və amansız rəqibə çevrilir”.

O vurğulayıb ki, 450 milyon əhalisi olan qitə böyük gücə malikdir, ancaq Aİ ölkələri bu gücü birləşdirməyi düşünmür. Makronun fikrincə, bunun tarixi səbəbi  1945-ci ilə qədər gücün Avropada müharibə kimi qavranılmasıydı.

“Sənayemizi qorumalıyıq”

Makron Avropa bazarında uyğunlaşmanın dərinləşdirilməsini, Hindistan kimi ölkələrlə yeni ticarət tərəfdaşlıqlarının qurulmasını və asılılıqların azaldılmasını istəyir:

“2025-ci ilin yayında Aİ-ABŞ arasındakı gömrük razılaşmasından sonra olduğu kimi, vəziyyət tez-tez dəyişir. Təhdidlər gəlir, sonra Vaşinqton geri addım atır və məsələ bitmiş sayılır. Amma buna inanmayın. Hər gün dərman və rəqəmsal sahələr kimi istiqamətlərdə yeni təhdidlərlə üzləşirik”.

Aİ ilə Cənubi Amerika Ortaq Bazarı (MERCOSUR) arasında imzalanmış azad ticarət sazişi barədə də danışan Fransa prezidenti bunu “yaxşı müzakirə edilməmiş və köhnəlmiş razılaşma” adlandırıb:

“Sənayemizi qorumalıyıq. Çinlilər də bunu edir, amerikalılar da. Avropa bu gün dünyanın ən açıq bazarıdır. Burada məsələ proteksionizm deyil, ardıcıllıqdır. Avropalı olmayan idxalçılara tətbiq etmədiyimiz standartları Avropa istehsalçılarına da tətbiq etməməliyik”.

Makron subsidiya və dövlət dəstəyilə istehsal olunan məhsullar üçün “Avropa üstünlüyü” prinsipinin vacibliyini vurğulayıb, Dünya Ticarət Təşkilatının qaydalarına əməl etməyən rəqiblərə qarşı qoruyucu tədbirlərin zəruri olduğunu bilodirib.

“Ortaq borclanma sistemi yaradaq”

Fransa prezidenti deyib ki, qlobal rəqabətdən geri qalmamaq üçün təhlükəsizlik və müdafiə, yaşıl texnologiyalar, süni intellekt və kvant sahələrində birgə investisiyalar artırılmalıdır.

Bu investisiyaların maliyyələşdirilməsinin Aİ daxilində yaradılacaq ortaq borclanma sistemi vasitəsilə mümkün ola biləcəyini qeyd edən Makron deyib:

“Ən yaxşı layihələri maliyyələşdirəcək böyük Avropa proqramlarına ehtiyacımız var”.

O əlavə edib ki, qlobal bazarlar dollara alternativ axtarır və Aİ avrobondlar vasitəsilə öz sistemini quraraq bu tarixi fürsəti dəyərləndirməlidir:

“Qlobal bazarın dollarla bağlı narahatlığı artır. Alternativ axtarır. Ona Avropa borcu təqdim edək. Hüquq dövləti və demokratiya investorlar üçün böyük cazibədir. Qarşımızda avtoritar Çin və hüquq dövlətindən uzaqlaşan ABŞ var”.

Makronun bu xəbərdarlıqları Aİ liderlərinin cümə axşamı Belçikada planlaşdırılan görüşü ərəfəsində səslənib.

Transatlantik çat dərinləşəcəkmi?

“Financial Times” qəzeti yazır ki, liderlər Avropanın rəqabət qabiliyyətinin artırılması və vahid bazarda inteqrasiyanın dərinləşdirilməsi istiqamətində zəifləyən səylərə yeni stimul verməyə çalışacaqlar.

Makron Aİ qaydalarının sadələşdirilməsi və blok üzvləri arasında ticarət maneələrinin aradan qaldırılması cəhdlərini dəstəkləyir. Bundan başqa, o, kritik resurslar və texnologiyalar sahəsində xarici tədarükçülərdən asılılığın azaldılmasının tərəfdarı kimi çıxış edir.

“Financial Times” həmçinin qeyd edir ki, böyük ehtimal, Belçikadakı müzakirələr Fransanın çoxdan irəli sürdüyü, Aİ-nin əsas sənaye sahələrini “Avropalıdan al” (“buy European”) siyasəti vasitəsilə qorumaq təşəbbüsünə həsr olunacaq.

“Mənim üçün Avropamızı qüdrətli bir gücə çevirməyin iqtisadi strategiyası məhz proteksionizm adlandırdığım addımlardan ibarətdir. Əslində, bu, heç proteksionizm də deyil, daha çox hər şeydə üstünlüyün Avropaya verilməsidir”.

Avropa Komissiyası bu məsələylə bağlı qanun layihəsini fevral ayında təqdim etməlidir.

Makronun “Avropaya üstünlük” (“European preference”) yanaşmasını ABŞ-nin “Öncə Amerika” (“America First”) siyasətinə verilən cavab kimi də qiymətləndirmək olar. 

Trampın Davosdakı barış mesajlarıyla Makronun bugünkü sərt xəbərdarlığı arasındakı təzad göstərir ki, Qərb dünyasının iki mühüm mərkəzi arasında etimad tamamilə sarsılıb. Makronun “təzyiqlərə boyun əyməmək” çağırışı göstərir ki, o, Avropanın ABŞ-dən tam asılı bir tərəfdaş olmasına son qoyulmasını istəyir.


Fransa liderinin açıqlamaları Avropa daxilindəki mübahisəni yenidən alovlandırır: Vaşinqtonla strateji tərəfdaşlıq, yoxsa strateji muxtariyyət?
Makrondan fərqli olaraq Almaniya və Danimarka liderləri daha təmkinli davranmağa üstünlük verirlər.

Berlin Tramp administrasiyasıyla qarşıdurmanın ticarət savaşlarını (məsələn, avtomobil sənayesinə qarşı tarifləri) daha da artıracağından ehtiyat edir. Almaniya rəsmiləri Makronun “boyun əyməmək” çağırışını bəyənsələr də, dialoqu tam kəsmək istəmirlər.

Danimarka Qrenlandiya üzərində suverenliyini qorusa da, ABŞ-nin adadakı (Thule-Pituiffik bazasındakı) hərbi varlığını NATO üçün vacib hesab edir. Kopenhagen Makronun bu məsələni “ABŞ-Avropa müharibəsi” səviyyəsinə qaldırmasından bir qədər narahatdır.

Vaşinqton üçün bu nəhəng ada təkcə ərazi məsələsi deyil, həm də qlobal təhlükəsizlik qovşağıdır. Ağ Evin arqumentləri üç əsas istiqamətə yönəlib:
– Arktika ətrafında rəqabət: Rusiya və Çinin bölgədə artan nüfuzuna qarşı ön xətt yaratmaq;
– təhlükəsizliklə bağlı erkən xəbərdarlıq sistemləri: raket hücumlarına qarşı monitorinq imkanlarını genişləndirmək;
– hüquqi baza: Danimarkayla mğvcud sazişə əsasən ABŞ-nin adada qoşun yerləşdirmə hüququ olsa da, Trampın hədəfi tam mülkiyyət və suverenlik hüququ qazanmaqdır.

Amma Trampın Qrenlandiyanı ələ keçirməklə bağlı israrı sadəcə “daşınmaz əmlak sövdələşməsi” deyil, aşağıdakı faktorlar da var:
– Qrenlandiya texnoloji və hərbi sənaye üçün həyati əhəmiyyət kəsb edən nadir metal ehtiyatlarına malikdir. Onlara sahib olmaq Çinin bu sahədəki monopoliyasına son qoymaq imkanı yaradır.
– Arktikada buzluqların əriməsi nəticəsində yaranmış yeni ticarət marşrutuna – Şimal Dəniz Yoluna nəzarət etmək baxımından Qrenlandiya dünyanın ən strateji “nəzarət-buraxılış məntəqəsi” hesab olunur.

Trampın Davosda “məsələ həll olundu” deməsi Avropanın güzəştə getməsi və ya problemin “dondurulması” kimi qiymətlöəndirilmişdi. Makronsa hesab edir ki, bu, fırtınadan əvvəlki sakitlikdir və Konqresə seçkilər respublikaçıların üstünlüyü ilə bitəcəyi təqdirdə bu təzyiqlər daha da artacaq.

Fransa prezidenti Trampın təhdidinə qarşı ən radikal mövqe tutan, Avropanın “strateji vicdanı” kimi davranan bir liderdir. Amma Avropada daxili birliyinin olmaması (xüsusilə Şərqi Avropa ölkələrinin ABŞ-yə olan sədaqəti) onun islahatlarla bağlı planlarının reallaşmasını çətinləşdirir.

“Politfm”

Məqalədə “Le Monde”, “Financial Times”, “El País”, “Süddeutsche Zeitung” və “The Guardian” nəşrlərinin xəbərlərindən istifadə olunub.